AZ EN RU

Elnur Nəsibov: Bu il iki universitetin tələbə yataqxanasının tikintisinə başlanıla bilər

2024-cü ilin sonunadək bir, ən yaxşı halda iki universitetin tələbə yataqxanasının tikintisinə başlanıla bilər.

Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov iyulun 12-də keçirilən hesabat tədbirində deyib.

İdarə Heyətinin sədri bildirib ki, daha bir neçə universitetlə danışıqlar aparılır, hətta razılıq ərəfəsindəyik: “Otuz ildən artıq bir müddətdə məcburi köçkünlər bir sıra tələbə yataqxanalarında məskunlaşmışdılar. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına köçürülürlər. Bu da bizə özəl sektorun nümayəndələri ilə bu istiqamətdə danışıqlar aparmağımıza şərait yaradır. Ötən həftə Gəncə Texnologiyalar Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti ilə danışıqlar aparılıb. Bu proses, təbii ki, birtərəfli ola bilməz. Müəyyən şərtlər, proqram olmalıdır.

Eyni zamanda, özəl sektor üçün gəlirlilik, dayanıqlılıq olmalıdır. Bu prosesləri yoluna qoymaq müəyyən müddətə başa gəlir. 2024-cü ildə Gəncə Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetində tələbə yataqxanalarının tikintisinə başlanıla bilər”.

Nəşr edilib : 12.07.2024 12:23