AZ EN RU

Elnur Kəlbizadə: “Vaxtilə Şərqdən Qərbə gedən İpək yolu üzərində mühüm ticarət və mədəniyyət mərkəzi olan Ordubad gələcəkdə Asiya ilə Avropanı birləşdirən Orta Yol üzərində eyni funksiyanı yerinə yetirəcək”

Ordubadın hər daşı, hər qayası özündə bir tarixi dövrün nişanəsini yaşadır. Burada ümumdünya mifololji təfəkkürünün real nişanələrini də, ən qədim sivilizasiyanın qalıqlarını da, böyük dövlətçilik tariximizin izlərini də tapmaq mümkündür. Bəzi ehtimallara görə, Ordubad və ətraf əraziləri əhatə etmiş Puluadi ölkəsinin adı hələ mixi yazılı kitabələrdə çəkilir. Rayon ərazisində yerləşən Plovdağ şəhər yeri  tarixin ən qədim dövrlərini özündə yaşadır.

Ordubadın strateji mövqeyi daim diqqəti cəlb etmişdir. Bu baxımdan tarixin ən müxtəlif dövrlərində mövcud olmuş Azərbaycan dövlətlərinin başçıları şəhərin inkişafına diqqət yetirmiş, Ordubad isə onların adını daim yaşatmışdır. Ordubadın mərkəzindəki Cümə məscidi, Əylisdəki Şah Abbas məscidi və bir sıra digər abidələr dediklərimizi bir daha təsdiqləyir.

Ordubadın dövlətçilik tariximizdə də özünəməxsus yeri vardır. Hələ 1918-1920-ci illərdə Naxçıvanı və ətraf əraziləri ələ keçirmək istəyən Ararat Respublikasına – Ermənistana qarşı mübarizənin ən mühüm mərkəzlərindən biri məhz bu şəhər idi. Ordubad  həm də Ulu Öndər Heydər Əliyevin çox sevdiyi və qiymətləndirdiyi Azərbaycan şəhərlərindən biri olmuşdur. Heydər Əliyev 1980-ci ilin mayında buraya səfər edərkən demişdi: “Ordubadı haqlı olaraq Azərbaycan torpağının incisi adlandırırlar. Ordubad bağlarının, şəlalələrinin, dağ göllərinin təkrarsız gözəlliyi ilə məşhurdur. Qədim arxitektura abidələri ilə zəngin olan Ordubad şəhərinin şöhrətini onun əməkçiləri özlərinin bugünkü işləri ilə daha da artırırlar”.

Prezident cənab İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında  Sərəncamı tariximizin və mədəniyyətimizin qorunması ilə yanaşı, həm də Ordubadın tarixən mövcud olmuş statusunun özünə qaytarılmasına xidmət edəcək. Vaxtilə Şərqdən Qərbə gedən İpək Yolu üzərində mühüm  ticarət və mədəniyyət mərkəzi  olan Ordubad gələcəkdə Asiya ilə Avropanı birləşdirən Orta Yol üzərində eyni funksiyanı yerinə yetirəcək. Ordubad özünün böyük mədəni, tarixi və turizm potensialı ilə dünyaya Azərbaycan mədəniyyətini nümayiş etdirən  məkana çevriləcək. 

      Elnur KƏLBİZADƏ

AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 21.02.2024 15:58