AZ EN RU

Elnur Kəlbizadə: “Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə Qərbi Azərbaycan mədəniyyətin qorunması, yaşadılması üçün çox mühüm addımlar atıb”

Noyabrın 24-də Naxçıvanda ilk dəfə keçirilən “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda keçirilən festival-konqres çərçivəsində Naxçıvan Dövlət Universitetində günün ilk yarısında A, B və C bölmələrində müvafiq olaraq “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar”, “Qərbi Azərbaycanın mədəni sərvətləri”, “Qərbi Azərbaycan dil faktları və toponimikası” və “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri” mövzularında məruzələr dinlənilib.

Festival-konqres iştirakçılarından AMEA-nın Qafqaşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə fikirlərini “Şərq qapısı” qəzeti ilə bölüşüb:- Qərbi Azərbaycana qayıdışla bağlı konqres-festivalın keçirilməsi müasir tariximizin ən möhtəşəm hadisələrindən biridir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarlardan, atdığı addımlardan sonra bununla bağlı keçirilən ən böyük tədbirlərdəndir. Düşmənlərimizə, Azərbaycanı sevməyən qüvvələrə Qərbi Azərbaycana qayıdışın ayaq səslərini eşitdirən hadisələrdəndir. Mən heç də təsadüfn bu cümləni işlətmirəm. Çünki dünən konqresin açılış mərasimindən, keçirilən tədbirlərdən sonra biz erməni kütləvi informasiya vasitələrini çox yaxından izlədik və böyük bir narahatçılıq var. Bu konqres bu gün erməni mətbuatında, kütləvi informasiya vasitələrində Ermənistandakı azərbaycanşünaslar tərəfindən çox ciddi şəkildə müzakirə olunur. Bu o deməkdir ki, artıq bu konqres-festival özünün ilkin məqsədlərinə, ilkin hədəflərinə nail olub. Amma ermənilərin atdığı iftiralardan fərqli olaraq bizim məqsədimiz tarixi dədə-baba torpaqlarımıza sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində qayıtmaqdır. Bugünkü konqresin bölmə iclasında mən Ümummilli Lider Heydər Əliyevin sovet dövründə qəbul etdiyi qərarlarda Qərbi Azərbaycan mədəniyyətinin qorunması məsələlərindən bəhs etdim. Azərbaycan Respublikası siyasi sənədlər arxivində bir çox sənədlər vardır ki, Ümummilli Lider hələ birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə Qərbi Azərbaycan mədəniyyətinin qorunması çox mühüm qərarlar qəbul etmişdir. Bu qərarların sırasında Aşıq Ələsgərin, Aşıq Alının yubileylərinin qeyd olunması ilə bağlı bir sıra qərarlar vardır. Və o qərarların mətinlərinin analizi çox aydın şəkildə göstərir ki, həmin qərarlarda həm də bu ərazilərin azərbaycanlıların tarixi yurdu olduğu məsələsi əksini tapmışdır. Həmin dövrdə, 1970-ci illərdə çəkilən bir sıra filmlərdə, eyni zamanda konkret olaraq “Axırıncı aşırım” filmində Qərbi Azərbaycanda, Vedi mahalında, Qarabağlar kəndində məhz azərbaycanlıların yaşadığı məsələsi əks olunmuşdu. Biz bir çox sənədlərin öyrəndikdə aydın olur ki, həmin filmlərdə təqdim olunan şəxsiyyətlər arasında Şadlınski, Qəmlo, Kərbəlayi İsmayıl əslində Qərbi Azərbaycandan olan qəhrəmanlardır. Və ümumilikdə Azərbaycan Respublikası siyasi sənədlər arxivində saxlanılan sənədlərin öyrənilməsi onu göstərir ki, Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə, o dövrünün bütün ağır şərtlərinə baxmayaraq Qərbi Azərbaycan mədəniyyətin qorunması, yaşadılması üçün çox mühüm addımlar atıb.

Sürəyya QƏDİMƏLİYEVA

Nəşr edilib : 24.11.2023 11:49