AZ EN RU

Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimləri Naxçıvana gəlib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bir qrup ixtisaslı həkimi Naxçıvana ezam olunublar.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun mütəxəssisləri əvvəlcə Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin anesteziologiya və reanimasiya şöbəsinin şəraiti və körpələrin vəziyyəti ilə maraqlanıblar.

Sonra Tədqiqat Pediatriya İnstitutunun yüksəkixtisaslı həkimlərinin iştirakı ilə mərkəzdə seminar keçirilib. Perinatal Mərkəzin inzibati məsələlər üzrə direktor müavini Ülkər Bayramova  ixtisaslı həkimlərlə birgə fəaliyyətin əhəmiyyətindən danışıb.

İnstitutun uşaq cərrahı Zülfiyyə Məmmədova, reonimotoloq-neonotoloqlar Aynurə İsmayılova və Leyla Həsənova seminarda çıxış edərək səfərin məqsədinin uşaqların sağlamlıq durumunun öyrənilməsi, pediatriya sahəsində təcrübə paylaşımının aparılması olduğunu bildiriblər.

Seminarda ağır patologiya ilə doğulan uşaqlara ilkin tibbi yardım, onların necə təxliyə olunması barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 3 günlük ezamiyyət çərçivəsində Tədqiqat Pediatriya İnstitutunun ixtisaslı həkimləri muxtar respublikanın uyğun tibb ocaqlarında olaraq uşaqları müayinə edəcəklər.

Xəbərlər Şöbəsi

Nəşr edilib : 26.09.2023 21:04