AZ EN RU

Elmi-praktik konfrans keçirilib

    Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri üçün “İnklüziv təhsil: mahiyyəti və praktik əsasları” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda institutun professor-müəllim heyəti, tələbələri və muxtar respublika ümumtəhsil məktəblərinin 60 nəfər müəllimi iştirak edib.
    Konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilalma səviyyəsi getdikcə yüksəlir, onların əksəriyyəti təhsilə cəlb edilir. Buna görə də inklüziv təhsilin təşkilinin təlim-tərbiyə prosesinin səmərəli nəticə verməsi üçün onun müasirləşməsinə qoyulan standartlara cavab verməsinə nail olmaq əsas tələblərdən biridir. Rektor vurğulayıb ki, müasir dövrdə təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, sağlamlıq imkanları məhdud uşaqlara mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir. Bu zaman həmin uşaqlar öz yoldaşlarının nailiyyətlərini təkrarlamağa çalışır, onlar kimi hərəkət etməyə, danışmağa, fəaliyyət göstərməyə özlərində güc-qüvvə tapırlar. Belə uşaqlar özlərini yararsız hesab etmir, gərəkli olduqlarını hiss edirlər. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan uşaqların daha keyfiyyətli təhsilə yiyələnməsi, cəmiyyətə daha tez adaptasiyası üçün digər yaşıdları ilə bir yerdə olması daha məqsədəuyğundur. Rektor vurğulayıb ki, bu işdə məsuliyyət mahiyyət etibarilə daha çox müəllim və valideynlərin, psixoloq və tərbiyəçilərin üzərinə düşür. Tərbiyəçi müəllim həmişə qrupda sağlam şəraitin, hər bir uşaq üçün tələbatı ödəyəcək adaptiv təlim mühitinin yaradılmasına və xüsusi qayğıya ehtiyacı olan uşağın təlim prosesinə qoşulmasına dəstək olmalıdır. 
    Sonra Pedaqogika və psixologiya kafedrasının müəllimi Aynurə Məmmədovanın, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Minurə Musayevanın, Pedaqogika və psixologiya kafedrasının müəllimi, defektoloq, loqoped Almaz Məmmədovanın inklüziv təhsilin müxtəlif aspektləri, metodik və praktik imkanları ilə bağlı məruzələri dinlənilib. Diqqətə çatdırılıb ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla təlim-tərbiyə prosesində aparılan işlərdə valideynlərin iştirakı və onların dəstəyinin zəruriliyi həlledici rol oynayır. Valideynlər bu proseslərdə həm də tərəf-müqabil kimi fəal iştirak etməlidirlər. Bu qarşılıqlı münasibətlərin formalaşmasında valideynlərə və uşaqlara məktəb psixoloqunun da yardım göstərməsi xüsusi əhəmiyyət daşıyır. Məruzəçilər qeyd edib ki, inklüziv təhsil sahəsində çalışan hər bir müəllim, tərbiyəçi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, təhsilə cəlb edilməsi, uşağın və ailənin psixoloji problemlərinin araşdırılması, onların maarifləndirilməsi istiqamətlərində bacarıqlara qadir olmalıdır.
    Sonda iştirakçıların mövzu ilə bağlı təklifləri qeydə alınıb, onları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Müəllimlər İnstitutunun
 mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 20.12.2022 19:33