AZ EN RU

Elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində “Məhəmməd Əmin Rəsulzadə ictimai xadim və ədəbiyyatşünas kimi” mövzusunda elmi konfrans olub.

Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq qeyd edib ki, yanvar ayının 31-i görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.

İsmayıl Hacıyev M.Ə.Rəsulzadənin ictimai və siyasi fəaliyyətinin xüsusi önəm daşıyan cəhətlərini diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının M.Ə.Rəsulzadənin ictimai xadim, siyasət və elm adamı, ədəbiyyatşünas, ədəbi tənqidçi, yazıçı, publisist kimi daha dərindən araşdırılmasına rəvac verəcəyini bildirib.

Konfransda AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Məhəmməd Əmin Rəsulzadə və mətbuat”, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti” və Beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Mehriban Sultanova “Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsəri” adlı məruzələr ediblər.

Məruzələrdə M.Ə.Rəsulzadənin həyatı haqqında geniş məlumat verilib, onun fəaliyyətinin əsas mərhələləri şərh olunub.

Məruzələrdə onun dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında xidmətləri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti, qəbul olunan mühüm tarixi qərarlar, yerinə yetirilən işlər, tarixi torpaqlarımız olan Borçalı və Qarabağla bağlı fikirləri diqqətə çatdırılıb.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 30.01.2024 17:58