AZ EN RU

Elmi konfrans keçirilib

    Oktyabrın 21-də Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu, AMEA Naxçıvan Bölməsi, ali təhsil müəssisələri və Yazıçılar Birliyinin təşkilatçılığı ilə “Hüseyn Cavid – 140” mövzusunda elmi konfrans təşkil edilib. Tədbir iştirakçıları əvvəlcə görkəmli şair-dramaturqun həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycançılıq, Turançılıq və bəşəri dəyərlər ideyaları ilə yaşayıb-yaratmış Hüseyn Cavid Azərbaycan ədəbiyyatının qızıl fondunda özünəməxsus yer tutmaqdadır.
    Qeyd edilib ki, xalqımızın bir çox klassik sənətkarları kimi, Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin əsl qiymətini ümummilli lider Heydər Əliyev verib. Məhz ulu öndərin göstərişi ilə qəbul edilən Qərara əsasən 1982-ci il oktyabrın 26-da Hüseyn Cavidin nəşi Uzaq Sibirdən gətirilərək Naxçıvanda dəfn olunub. Naxçıvanda və Bakıda ədibin Ev-muzeylərinin yaradılması, 1996-cı ildə Hüseyn Cavidin qəbri üzərində məqbərəsinin ucaldılması, külliyyatının çap edilməsi, 100, 120 illik yubiley tədbirlərinin keçirilməsi ulu öndər Heydər Əliyevin Hüseyn Cavid şəxsiyyətinə verdiyi dəyərin ifadəsidir.

    Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən Hüseyn Cavidin əsərləri 5 cilddə latın qrafikası ilə nəşr olunub. Ölkə başçısının müvafiq sərəncamları ilə Hüseyn Cavidin 125, 130, 135 illik yubileyləri ölkəmizdə, eləcə də muxtar respublikada yüksək səviyyədə qeyd olunub, onun bir çox əsərləri Azərbaycan dilində və xarici dillərdə hazırlanaraq nəşr edilib, ədibin həyat və yaradıcılığı barədə materialları əks etdirən 30 cildlik “Cavidşünaslıq” araşdırmalar toplusu ərsəyə gətirilib, görkəmli ədibin övladları – Ərtoğrol və Turan Cavidlərin həyat və yaradıcılığından bəhs edən kitablar işıq üzü görüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən hər il oktyabr ayının 24-ü muxtar respublikada “Hüseyn Cavid Poeziya Günü”  kimi qeyd olunur.
    Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2022-ci il 24 sentyabr tarixdə Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci il 27 sentyabr tarixdə “Hüseyn Cavidin 140 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına əsasən görkəmli ədibin yubileyi ərəfəsində muxtar respublikada silsilə tədbirlər keçirilir.
    AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Hüseyn Cavidin zəngin yaradıcılıq fəaliyyətindən danışaraq qeyd edib ki, 140 illiyini iftixarla qeyd etdiyimiz böyük Azərbaycan şairi və mütəfəkkiri, dahi dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixinə monumental faciə və tarixi dram əsərlərinin müəllifi, mənzum faciə janrının əsasını qoyan qüdrətli sənətkar kimi daxil olub. Böyük şair-dramaturqun axtardığı həqiqətin mənası təkcə öz Vətəninin deyil, bütün bəşəriyyətin xoşbəxtliyidir. Hüseyn Cavid yaradıcılığına həmişə diqqət və həssaslıqla yanaşan ümummilli lider Heydər Əliyev onun əsərlərini Azərbaycan xalqının milli sərvəti adlandırıb. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə dahi şairin yubileylərinin qeyd edilməsi bu böyük mütəfəkkir şairə dövlət qayğısının daha bir nümunəsidir.
     Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında vurğulayıb ki, Hüseyn Cavidin yaratdığı əsərlər təkcə Azərbaycan üçün yox, dünya millətləri üçün  istiqlaliyyət, azadlıq, müstəqillik, ədalət, mübarizə, millətin özünə qayıdışı, çağırışı idi. Bu böyük ədibin  əsərləri ölkəmiz, Türk dünyası, müsəlman aləmində sevilir. Onun bir filosof, dramaturq, pedaqoq kimi araşdırılması və təbliğində gənclərimizin də üzərində böyük vəzifə olaraq qalır. Çıxışda Naxçıvan Dövlət Universitetində keçirilən, böyük şairin yaradıcılığına həsr olunmuş tədbirlər haqqında məlumat verilib.
    Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, “Naxçıvan” Universitetinin müəllimi, dosent İman Cəfərli, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri Ramiz Qasımov Hüseyn Cavidin həyat və yaradıcılığı barədə geniş məruzə etmişlər.  
    Tədbirin sonunda Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tərəfindən ədibin “İblis” əsəri əsasında hazırlanmış tamaşaya baxış olub.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 21.10.2022 19:23