AZ EN RU

Elmi konfrans keçirilib

       “Naxçıvan” Universitetində “İslam dini və Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.
       Konfransda “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva muxtar respublikada dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə 29 mart 2022-ci il tarixdə keçirilən müşavirədən bəhs edib. Bildirilib ki, bu müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən ali təhsil müəssisələrinə də mühüm tövsiyə və tapşırıqlar verilib.
    Universitetdə Dinşünaslıq ixtisasının tədris olunmasından danışan rektor qeyd edib ki, 2015-2016-cı tədris ilindən bu ixtisasa aid olan bütün fənlər yeni yaradılmış İlahiyyat kafedrasında cəmləşdirilib. Qeyd edilib ki, bu kafedrada müxtəlif vaxtlarda hami dövlət qurumları ilə birlikdə “Müasir dövrdə gənclərin tərbiyəsində islamın rolu”, “İslam dinində vətənpərvərlik və şəhidlik”, “İslam dinində mənəvi tərbiyə” kimi bir sıra mövzularda elmi konfranslar keçirilib.  
    Diqqətə çatdırılıb ki, ali və orta ixtisas təhsili müəssisələrində dini-mənəvi dəyərlərimizin, İslam tarixinin, əxlaqının əsas prinsipləri barədə mühazirələrin təşkil olunması, gənclərdə bilik, dini təsəvvürlərin artırılması ən vacib məsələlərdən biridir.  Hami müəssisə olan Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi ilə birgə Dinşünaslıq ixtisası üçün kadr hazırlığının təkmilləşdirilməsi, din sahəsində sağlam ictimai şüuru formalaşdıran mütəxəssislərin hazırlanması ali təhsil müəssisəsinin qarşısındakı ən ümdə məsələdir.
      Konfransda İlahiyyat kafedrasının müəllimləri Sahib Məmmədov, Ayaz Axundov, Nərgiz Məmmədli və Dinşünaslıq ixtisasının IV kurs tələbəsi Zeynəb Səfərovanın məruzəsi dinlənilib. Yekunda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 26.04.2022 20:03