AZ EN RU

Elmi əsərlərinin nəşri ilə fərqlənən professor-müəllim heyəti mükafatlandırılıb

    Aprelin 22-də Naxçıvan Dövlət Universitetində 2021-ci il üzrə elmi fəaliyyətinə görə fərqlənən universitet əməkdaşlarının mükafatlandırılma mərasimi keçirilib. 
    Əvvəlcə professor-müəllim heyətinin beynəlxalq indeksli bazalarda və sahə indekslərində yer alan məqalələrindən ibarət sərgiyə baxış olub.
    Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev bildirib ki, muxtar respublikada təhsilə xüsusi diqqət yetirilir, onun inkişafına innovativ metodlarla yanaşılır. Muxtar respublikada böyük potensiala malik olan təhsil mühiti yeni inkişaf mərhələsindədir. Universitetin beynəlxalq reytinq cədvəllərində öz layiqli yerini tutması üçün nüfuzlu jurnallarda, beynəlxalq elmi indeks bazalarında nəşrlərin olması ən ümdə vəzifələrdəndir. Beynəlxalq elm platformalarına çıxışlarla bağlı Clarivate Analytics şirkəti ilə keçirilən təlimlərin önəmini xüsusilə vurğulayan Elbrus İsayev qeyd edib ki, bu nüfuzlu redaksiyalarda kitab nəşrinə nail olmaq məsələləri gələcək perspektivlər kimi önə çəkilib. Rektor universitet əməkdaşları adından təhsilə, elmi mühitə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

    Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov ali təhsil ocağının inkişaf dinamikasından danışıb və qazanılan uğurları təhsilə, elmə göstərilən yüksək dövlət qayğısının xüsusi təzahürü kimi qiymətləndirib. Diqqətə çatdırılıb ki, professor-müəllim heyətinin əldə etdiyi nailiyyətlər onlara göstərilən yüksək etimadın bəhrəsidir. Universitetdə mövcud olan maddi-texniki baza, müasir tədris avadanlıqları, elmi tədqiqatların aparılması üçün qurulan laboratoriyaların təşkili kollektivə imkan yaradır ki, onlar elmi fəaliyyətlə daha ciddi məşğul olsun və öz elmi nailiyyətləri ilə beynəlxalq elmi bazalarda tanınan, istinad olunan müəlliflərdən olsunlar. Qeyd edilib ki, yaxın zamanda əməkdaşların Web of Science platformalarına daha asan çıxış etməsinə zəmin yaratmaq üçün universitetin həmin indeks bazasında qeydiyyatdan keçməsi təmin olunmaqla müəllimlərin beynəlxalq indeksli jurnallara birbaşa çıxışı da təmin ediləcək. Seymur Talıbov universitet əməkdaşlarını qazandıqları elmi uğurlar münasibətilə təbrik edib. 
    Elm və innovasiyalar bölməsinin müdiri, təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru Rza Məmmədov bildirib ki, 2021-ci ildə 8-i Web of Science, 3-ü Scopus, 14-ü sahə indeksli olmaqla universitetin 66 əməkdaşının 74 elmi məqaləsi nəşr olunub. Bu statistikanı ötən illə müqayisə etdikdə 10 faiz artım müşahidə olunmaqdadır. Vurğulanıb ki, nəşr olunan məqalələrin 60 faizi ingilis, 25 faizi rus, 8 faizi türk, 7 faizi isə Azərbaycan dilindədir. Bu məqalələr İngiltərə, Rusiya, Bolqarıstan, Hindistan, Ukrayna, Xorvatiya, Meksika, Peru, Türkiyə və Azərbaycan mərkəzli jurnallarda nəşr olunub. 
    Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı dosent Yusif Hüseynov nüfuzlu jurnallarda məqaləsi nəşr olunmuş universitet əməkdaşlarına göstərilən qayğıdan danışıb.
     Sonra Web of Science, Scopus indeks bazalarında məqalə nəşr etdirən və məqalələrinə istinad sayı çox olan müəlliflərə plaket və pul mükafatı təqdim olunub. Beynəlxalq elmi bazalarda məqalə nəşr etdirən digər müəllimlər isə təşəkkürnamə və pul mükafatı ilə təltif ediliblər. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsi

Nəşr edilib : 22.04.2022 19:15