AZ EN RU

Elm və təhsilin inkişafı gələcəyin etibarlı təminatıdır

    Ölkəmizdə elmin inkişafı dövlət siyasətinin prioritetləri arasında mühüm yer tutur. Ona görə ki, hər bir dövlətin inkişaf səviyyəsi zəngin bilik və   çox­aspektli potensiala malik elmi ilə birbaşa əlaqəlidir. Azərbaycanın beynəlxalq aləmdə tutduğu önəmli yer, zəngin təbii ehtiyatlara malik ölkə kimi tanınması, dinamik sosial-iqtisadi inkişafı, Cənubi Qafqaz regionunun aparıcı dövlətinə çevrilməsi güclü elmi potensialın formalaşmasını da zəruri edir. Müasir dövrdə ölkələrin inkişafının təkcə iqtisadi göstəricilərlə, təbii sərvətlərlə, əhalinin həyat səviyyəsi ilə deyil, elmin inkişaf səviyyəsi, elmi potensialın olması ilə şərtləndiyi məlumdur. Bu amil də dövlətin elmin inkişafına yönəlmiş strategiyasının təşkili səviyyəsindən birbaşa asılıdır. Ölkəmizdə müşahidə edilən sosial-iqtisadi inkişafın mənbəyini də məhz elmin təşkil etməsi danılmaz faktdır.

    Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin təhsil sahəsinə diqqət və qayğısı hər zaman əvəzsiz olub. Hələ ölkəmizə rəhbər­liyinin birinci dövründə – 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Görkəmli dövlət xadiminin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.

    Ulu öndər deyirdi: “Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir”. Xalqımızın böyük oğlu həyatının və dövlət idarəçiliyinin bütün mərhələlərində məhz bu mövqedə dayanaraq təhsilə üstün qiymət verib. “Bizim gördüyümüz işlər, təhsil sahəsində həyata keçirdiyimiz islahatlar Azərbaycan dövlətini daha da yüksəltməyə yönəldilibdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafını təmin edib. Müstəqillik illərində isə təhsillə bağlı daha geniş islahatlar həyata keçirilib və Azərbaycan təhsili yeni tərəqqi dövrünü yaşamağa başlayıb.

    İntibah dövrünün böyük mütəfəkkiri Leonardo da Vinçi deyirdi ki, elm sərkərdə, təcrübə isə onun əsgəridir. Həqiqətən də, müharibədə yalnız güclü sərkərdəsi və təcrübəli əsgərləri olan ordu qalib gələ bilər. Bu həqiqətin cəmiyyət həyatının bütün sahələrində keçərli olduğunu əminliklə söyləmək olar. İstər siyasət, istərsə də iqtisadiyyat sahələrində güclü biliyə və təcrübəyə malik olmadan cəmiyyətin həyati tələblərini ödəmək mümkün deyil. Buna görə də, elmin insan həyatının inkişafında oynadığı mühüm rolu nəzərə alan xalqlar biliyin artırılmasını və elmi nailiyyətlərin sosial-iqtisadi tərəqqinin mənbəyinə çevrilməsi üçün zəruri addımları atmaqda gecikməmişlər. Qədim elm ocaqlarından biri hesab olunan Azərbaycanda da elmin inkişafı dövlət siyasətinin öncül istiqamətlərindən birini təşkil edir və sürətlə inkişaf edən iqtisadiyyatımızın tələblərinə cavab verməsi üçün elmi-təşkilati strukturların maddi-texniki bazası gücləndirilir.
    Gəlinən nəticə isə budur ki, hər bir dövlətin sosial-iqtisadi, siyasi və mədəni inkişafının əsas təminatçısı elmdir. Ona görə də ölkəmizdə elmin inkişafının dövlət siyasətinin prioritetinə çevrilməsi təbiidir. Dəfələrlə bəyan edildiyi kimi, dövlətimizin əsas strateji inkişaf xəttini hakimiyyətlə intellektin, neft kapitalı ilə insan kapitalının, təbii resurslarla intellektual potensialın vəhdəti təşkil edir. Elm sərhədsizdir. Təbiət elmləri sahəsində böyük elmi kəşf və ixtiralar, ictimai-humanitar elm sahələrində fundamental fəlsəfi-əxlaqi təlimlər, nəzəri konsepsiyalar heç bir milli, irqi, dini mənsubiyyət tanımır. Onlar bütün bəşəriyyətin ümumi sərvətinə çevrilərək qlobal inkişafa xidmət edir. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “Ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması isə elmin inkişafı olmadan mümkün deyildir”.
    Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan digər sahələrdə olduğu kimi, elm sahəsində də həmişə öz nailiyyətləri ilə seçilib, dünya elminə töhfələri ilə diqqəti cəlb edib. Ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyət göstərdiyi dövrlərdə Naxçıvan Muxtar Respublikasında elm və təhsil sahəsində də davamlı inkişaf və dirçəlişə nail olunub. Onu da xüsusi qeyd etmək lazımdır ki, 2014-cü il 4 sentyabr tarixli Fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təsis edilməsi elmin və təhsilin davamlı inkişafının muxtar respublika rəhbəri tərəfindən də daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etdi. Fondun təşkilatçılığı ilə onlarla beynəlxalq və yerli səviyyəli konfranslar, seminarlar, dəyirmi masalar və disputlar keçirilib, elmi innovasiyaların, layihələrin dəstəklənməsi işinə diqqət artırılıb. 
    Ulu öndər Heydər Əliyev siyasi kursunu özünün fəaliyyət proqramı elan edən Ali Məclisin Sədri davamlı olaraq Naxçıvanda elmin, təhsilin inkişafı qayğısına qalır. Qısa zaman kəsiyində bu cür vüsətli inkişaf Ali Məclis Sədrinin uzaqgörən qərarları, xalqa bağlılığı, dövlətçiliyə sədaqəti nəticəsində əldə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” 2019-cu il  7 sentyabr tarixli Sərəncamı muxtar respublika rəhbərinin elmə, elm adamlarına göstərdiyi diqqət və qayğının bariz ifadəsi olmaqla həm də muxtar respublikamızda elm adamlarının inkişafına, yeni-yeni tədqiqat işləri aparmalarına böyük stimul olub. Ölkəmizdə elmə göstərilən qayğının digər bir təzahürü isə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə martın 27-nin “Elm Günü” kimi təsis edilməsidir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı  keçirilən müşavirədə  Ali Məclisin Sədri demişdir: “Elm inkişaf etmədən ölkələrin inkişafını təmin etmək mümkün deyil. Ona görə də muxtar respublikada elmin inkişafı sahəsində mühüm işlər görülmüş, elmi potensial formalaşdırılmışdır”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elmin, təhsilin və mədəniyyətin inkişafına üstün münasibəti və həmin istiqamətdə apardığı fədakar iş müəyyən olunmuş dövlət siyasətinin uğurla həyata keçirilməsinə səbəb olmuşdur. Məlumdur ki, elmin inkişafı, elmi- tədqiqat işlərinin səmərəliliyi onun üçün yaradılmış maddi-texniki baza ilə bilavasitə əlaqədardır. Müasir elm texnika və texnologiyanın ən son nailiyyətlərinə istinad edəndə uğur qazana bilir. Bu cəhətdən həm AMEA Naxçıvan Bölməsində, həm də ali təhsil müəssisələrində, xüsusilə Naxçıvan Dövlət Universitetində olan şöbə və laboratoriyaların cihaz və avadanlıqlarla təchizi məsələsi diqqəti cəlb edir. Artıq hər bir elmi işçinin, tədqiqatçının müasir texniki imkanlarla təmin olunması, internet şəbəkəsindən istifadə etməsi müasir cihaz və avadanlıqlar əsasında tədqiqat aparmaq imkanlarını reallaşdırır. Muxtar respublika rəhbərinin elm adamlarına göstərdiyi diqqət və qayğı doğma diyarımızda elmin, milli ziyalılığın inkişafına, elmi potensialın artmasına misilsiz töhfədir. Avqustun 26-da Ali Məclis Sədrinin Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüşdə dediyi kimi: “... Elm, bilik sahibi olmaq işin bir tərəfidir. Əsas məsələ qazanılan bilikləri səmərəli tətbiq etmək, əmək sərf edərək əsl mütəxəssis kimi yetişmək, ölkəmizin ümumi inkişafına töhfə verməkdir”.
    Bəşəriyyətin çoxəsrlik tarixi göstərir ki, elm və təhsil hər bir xalqın mütərəqqi inkişafını təmin edən ən zəruri vasitədir. Cəmiyyət qarşısında dayanmış bir sıra əsaslı problemlərin həlli, ilk növbədə, bu sahələrin tərəqqisindən, habelə vətənpərvər və yüksəkixtisaslı kadr hazırlığından keçir. Ölkəmizdə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti Naxçıvan Dövlət Universitetinin fəaliyyətində də ciddiliklə nəzərə alınır. Gələcək həyata məhz bu ali məktəbdən qədəm qoyan minlərlə gəncin müasir biliklərə yiyələnməsi, elmi təşəbbüskarlığının artması, kompüter və informasiya texnologiyalarını dərindən mənimsəməsi üçün görülən işlər ardıcıl və sistemli səciyyə daşıyır. Naxçıvan Dövlət Universiteti bu gün çağdaş dünyanın standartlarına uyğun intellektual, yüksəkixtisaslı kadrların hazırlanması işini uğurla həyata keçirməklə burada tətbiq edilən tədrisin keyfiyyətinə, universitetin müasir tələblərə cavab verən yüksək maddi-texniki bazasına, beynəlxalq əlaqələrinə, ölkə hüdudlarından kənardakı mövqeyinə görə də böyük nüfuza malikdir. Ali təhsil ocağında “Texnopark”ın yaradılması, ilk dəfə olaraq ölkəmizdə mötəbər Beynəlxalq Tibbi Forumun keçirilməsi də bizlər üçün qürurvericidir.
    Hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər var. Naxçıvan Dövlət Universitetinin də əsas məqsədi gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. Bunu düzgün dərk edən universitetin professor-müəllim heyəti qarşıdakı məqsədə çatmaq üçün strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir. Onlar gələcəyin yetkin gəncliyini formalaşdırmaq üçün daim əzmkarlıqla işləyir, xalqımızın sabahı naminə layiqli vətəndaşların, savadlı kadrların hazırlanması üçün tədris və təhsilin keyfiyyətini günü- gündən gücləndirməyə çalışırlar. Sivil dünyanın ən mütərəqqi yeniliklərinin Naxçıvan Dövlət Universitetinə gətirilməsi, bu yeniliklərin tətbiqi universitetin Elmi Şurasını düşündürən başlıca məsələlərdəndir.
    Universitetin professor-müəllim heyəti bu gün həm də milli ideologiyamızın formalaşması, genişləndirilib inkişaf etdirilməsi və təbliği sahəsində də böyük fəallıq nümayiş etdirir. Təhsil müəssisəsində ulu öndər Heydər Əliyevin mənəvi irsinin, bu fövqəlbəşər şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması mühüm vəzifə kimi qiymətləndirilir. Hazır­da ali təhsil müəssisəsində fəaliyyət göstərən Heydər Əliyev Universiteti bu istiqamətdə ciddi araşdırmalar aparır. Ulu öndərin həyatının şərəfli səhifələrinin dolğun şəkildə araşdırılması, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasının təbliği və bu konsepsiyadan irəli gələn vəzifələrin tələbələrə aşılanması yönündə mühüm işlər görülür.
    Bütün bunlar göstərir ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Prezident cənab İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi dayanır. Müstəqil Azərbaycanın son illər qazandığı böyük iqtisadi nailiyyətləri bu gün Naxçıvan Dövlət Universitetinin çoxsaylı tələbə- müəllim heyəti də öz gündəlik həyatında hiss edir və ardıcıl olaraq həyata keçirilən, hər bir ölkə vətəndaşının mənafeyinə əsaslanan islahatları böyük rəğbətlə qarşılayırlar.

    “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azerbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”, – deyən ulu öndərimizin yolunu layiqli şəkildə, böyük əzm və cəsarətlə davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun uzaqgörənliyi və müdrikliyi sayəsində muxtar respublikamızda bütün sahələrdə, eləcə də elm və təhsil sahəsində böyük işlər görülmüş, bu sahələr inkişafın ən yüksək zirvəsinə qaldırılmışdır.

Səminə RÜSTƏMOVA
Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik 
fakültəsinin müəllimi

Nəşr edilib : 06.09.2022 18:42