AZ EN RU

Elm və təhsil naziri muxtar respublikaya səfər edib

    Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində ilk olaraq Babək rayonunun Yarımca kənd tam orta məktəbində olub. Məlumat verilib ki, məktəb 2004-cü ildə istifadəyə verilib. 2016-cı ildə isə əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib. 342 yerlik məktəb binasında şagird və müəllimlər üçün hərtərəfli şərait vardır. Hazırda məktəbdə 300-dən artıq şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. Məktəbdə 4-ü elektron lövhəli olmaqla, 19 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, müəllimlər, STEAM və şahmat otaqları, kitabxana və idman zalı yerləşir. Məktəb kitabxanasında 6 mindən çox ədəbiyyat və dərslik vardır.
    Məktəbin kompüter otağında 19 kompüter quraşdırılıb və internetə qoşulub. Elektron lövhəli siniflərdə distant və elektron dərslərin keçilməsi üçün lazımi şərait yaradılıb, məktəb elektron dərsliklərlə təmin edilib.
    Təhsil naziri siniflərdə, STEAM otağında, idman zalında olub, şagirdlərin təhsilləri ilə maraqlanıb.
    Nazir səfər çərçivəsində Naxçıvan Qarnizonu tam orta məktəbində də olub. Məlumat verilib ki, məktəb 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və xeyir duası ilə Naxçıvan şəhərində yerləşən hərbi hissələrdə xidmət edən hərbçi övladlarının təhsil alması üçün yaradılmışdır. Fəaliyyəti dövründə məktəb hər zaman təhsil uğurları, idman nailiyyətləri və olimpiada qalibləri ilə fərqlənib. Belə ki, son doqquz ildə məktəbin buraxılış və qəbul imtahanı nəticələri 90-100 faiz aralığında dəyişmişdir. Son beş ildə isə məktəbin ali təhsil müəssisələrinə qəbul nəticələri 100 faiz olmuşdur. Hazırda məktəbdə 36 sinif komplektində 634 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur. 


   Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev “Şərq qapısı” qəzetinə müsahibə verib: – Artıq iki gündür ki, Naxçıvandayıq. Bu iki gün ərzində Naxçıvan Muxtar Respublikasında maraqlı tədbirlərdə iştirak etdik. İlk növbədə, “Qərbi Azərbaycana qayıdış” festival-konqresini xüsusi qeyd etmək istərdim. Bu tədbir çox əhəmiyyətli idi. Tədbirdə nüfuzlu elm adamlarının çıxışları oldu. Həm gənc nəslin maariflənməsində, həm də siyasi-ideoloji işin qurulmasında belə tədbirlərin keçirilməsi olduqca vacib əhəmiyyət kəsb edir. Qəzetiniz vasitəsilə fürsətdən istifadə edib, bu konqresin təşkilində əməyi keçən muxtar respublika rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. 
    Bu gün isə biz muxtar respublikada fəaliyyət göstərən müxtəlif məktəblərdə olduq. Xüsusilə qeyd etmək istərdim ki, Naxçıvanda təhsilin keyfiyyəti müsbətdir. Bu da Naxçıvan müəllimlərinin əməyinin nəticəsidir. Qarnizon məktəbində bir neçə dərsdə şagirdlərlə də ünsiyyətimiz oldu. Mən səmimi olaraq bildirim ki, çox müsbət təəssüratla həmin məktəbdən ayrıldım. 
    Bildiyiniz kimi, bu gün həm də Naxçıvan STEAM mərkəzində vətəndaş qəbulu da həyata keçirdik. Vətəndaş qəbulu ilə bağlı istərdim ki, bəzi fikirlərimi paylaşım. İlk olaraq onu deyə bilərəm ki, təbii olaraq təcrübədə tətbiq olunan mexanizmlər arasında müəyyən fərqlər müşahidə olunur. Təhsildə bir çox xidmətlər və istiqamətlər var. Elm və Təhsil Nazirliyi olaraq onların hər biri ilə bağlı müəyyən prosedurlar hazırlamışıq və hazırda həmin prosedurları təhsildə tətbiq edirik. Bu prosedurların olması həm vətəndaşlarla ünsiyyətdə, həm də istər şikayətlər, istər narazılıqlar kimi müraciətlərin yaranmasında bizə çox kömək edir. 
    Onu da qeyd etmək istərdim ki, Naxçıvan Muxtar Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə artıq fəaliyyət planımız var. Məqsədimiz odur ki, ümumtəhsil müəssisələrinə direktor və direktor müavinlərinin təyinatı, müəllimlərin işə qəbulu imtahanı, sertifikasiya və bunun nəticəsində əməkhaqqının artırılması ilə bağlı verilən qərarlar, həmçinin müəllimlərin saat bölgüsü ilə bağlı alqoritmlər, bölgünün hansı qaydada aparılması, digər təhsil müəssisələrinə işə qəbul, şagird yerdəyişməsi və bununla bağlı məlumatların toplanması kimi oxşar prosedurlar mərkəzləşdirilmiş qaydada həyata keçirilsin. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi olaraq inanıram ki, artıq bir yol xəritəmiz var. Növbəti il ola bilər ki, müəllimlərin işə qəbulu imtahanı sinxronlaşdırılsın. Amma, təbii ki, burada muxtar respublikanın özəl xüsusiyyətləri nəzərə alınmalıdır. Yəni Naxçıvanda qeydiyyatda olan, Naxçıvanda yaşayan və yaxud da Naxçıvana geri dönmək istəyən insanların burada işlə təmin olunması məsələsi prioritetdir. Digər problemlər də ümid edirik ki, qısa müddət ərzində aradan qaldırılacaq. Ümumilikdə, qeyd etmək istərdim ki, hazırda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində təhsilin keyfiyyəti Azərbaycanın digər bölgələri ilə müqayisədə daha yüksəkdir. Digər məsələləri də tətbiq etməklə keyfiyyəti daha da yaxşılaşdıra bilərik.

Gülcamal TAHİROVA

Nəşr edilib : 24.11.2023 22:23