AZ EN RU

Elm, maarif ziyası bəxş edən müqəddəs peşə sahiblərimiz

     5 oktyabr – Beynəlxalq Müəllimlər Günü UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır.

    Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır.
    Ümummilli Liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. Dahi rəhbər öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətlərini yüksək qiymətləndirirdi. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Ümummilli Lider deyirdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”. 
    Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmaqdadır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünki müəllimlərin iş şəraiti yaxşılaşıbdır, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, müəllimlərin əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar...” Muxtar respublikada pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, ümumtəhsil məktəblərinin bilikli pedaqoji kadrlarla təmin olunması diqqətdə saxlanılmışdır. Yeni tədris ili üçün isə ümumtəhsil məktəblərində 200 vakant yer üçün müəllimlərin işə qəbulu həyata keçirilmiş, onlardan ən yüksək nəticə göstərən 135 gənc kadr 2023-2024-cü tədris ilindən pedaqoji fəaliyyətə başlamışdır. Bu tədbirlərin davamı olaraq sentyabrın 14-dən ümumtəhsil müəssisələrində vakant yerlərin kadr təminatını ödəmək üçün müəllimlərin işə qəbulu imtahanında tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin muxtar respublikada ilk dəfə olaraq müddətli müqavilə əsasında işə qəbulu prosesi həyata keçirilib. Namizədlərə 138 vakant iş yeri təklif olunub. Təklif olunan vakant yerlərdən 66-sı namizədlər tərəfindən seçilib. Onlar sentyabrın 18-dən başlayaraq ümumtəhsil məktəblərində işlə təmin olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üçün, ümumilikdə, 202 müəllim işlə təmin olunub ki, onların da əksəriyyəti gənclərdir.
    Muxtar respublikada müəllim əməyi daim yüksək qiymətləndirilmiş, 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adlarına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir. Yaradılan şərait və müəllim hazırlığı istiqamətində görülən tədbirlər onların fəallığını artırmış, cari tədris ilində ölkə üzrə keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində muxtar respublika müəllimlərindən 2-si qalib olmuşdur.
    Ölkəmizdə müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Belə ki, 2022-ci ilin yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılmışdır. Həmçinin ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına təhsilalanların sayına görə, təhsilverənlərin maaşlarına isə sertifikatlaşdırmanın nəticəsinə görə aylıq əlavələr edilmişdir.
    Muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı, tədrisin yüksək səviyyədə təşkili üçün yaradılan müasir təhsil infrastrukturu, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin təhsilə tətbiqi, müəllim nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlər müəllim əməyinin bəhrəsini artırmış, təhsildə uğurlu nəticələr əldə olunmuşdur. Muxtar respublikada keyfiyyətli tədris mühitində öz sənətini sevən kifayət qədər peşəkar müəllimlər formalaşmışdır. Bunların sırasında 1500-dən artıq gəncin olması onları bir araya gətirəcək birliyin yaradılmasına zərurət yaratmışdır. 2021-ci ildə “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası”nın təsis konfransının keçirilməsi yaddaqalan hadisə olmaqla yanaşı, gənc müəllimlər arasında əməkdaşlığı, təcrübə mübadiləsini daha da inkişaf etdirmiş, onların fəallığını artırmış, peşəkar və fərdi inkişaflarına öz töhfəsini vermişdir. 

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.10.2023 19:13