AZ EN RU

Elm dindən ayrıdırsa, uçurum, din elmdən ayrıdırsa, xurafatdır

Naxçıvanda peşəkar dini və dünyəvi biliklərə malik kadr hazırlığı aparılır

    Nə qədər ki, var əlində fürsət,
    Dərsinə eylə hər zaman diqqət.
    Yetişibdir zəmani-elmü ədəb,
    ...Dini dünyanı elm edər abad,
    Özünü eylə cəhldən azad.

    Görkəmli maarifpərvər Məhəmməd Tağı Sidqinin “Oğlum Məhəmmədə nəsihət şeirində”ki bu kiçik parçada da təlqin olunduğu kimi, insanı bütün sahələr barədə incə məqamlarınadək müfəssəl şəkildə hali edən, daxildəki “mən”i kəşf edərək hadisələrə, məsələlərə ağıllı, dərrakəli yanaşmanı, obyektiv mövqe tutub doğru fikir yürütməni öyrədən elm, təhsil dini-mənəvi dəyərlərin düzgün formalaşmasında da mühüm faktordur. Bəli, aqillər əbəs yerə demirlər ki, təhsil olsa hörmət, olmasa zillətdir. Müasir dövrümüzdə dünyanın ayrı-ayrı yerlərində din pərdəsi adı altında naqis məqsədlər güdən, insanları cahillik girdabına, xurafat məngənəsinə yuvarlayan halları nəzərə alsaq, o zaman bu sahədə təhsilin, elmin, biliyin önəminin daha da çoxaldığı həqiqətinə varmış olarıq. Bu baxımdan “Biz bir dövlət kimi... Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidməti və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq”, – deyərək ölkəmizdə dini-mənəvi dəyərlərin savadlı, elmi potensialdan səmərəli istifadə etməklə qorunub yaşadılması naminə böyük işlər həyata keçirən ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu siyasətin bu sahədəki təntənəsi də muxtar respublikamızda ən yüksək səviyyədədir. Məhz cari il martın 29-da Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədəki Ali Məclisin Sədri cənab Vasif Talıbovun fəlsəfi kəlamlarla dolu dərin məzmunlu çıxışında deyilir: “...O cəmiyyət sağlamdır ki, orada mənəvi dəyərlərə sahiblik vardır. Müdriklər də deyirdi ki, inkişaf yalnız elmə əsaslandıqda məqsədə tam çatmaq mümkün deyil. Çünki elmdə irəli gedib mənəviyyatda geridə qalan cəmiyyət, son nəticədə, irəli yox, geriyə gedir. Bu gün dünyanın bir tərəfində insanlar dini və milli dözümsüzlükdən, digər tərəfində təriqətlərarası qarşıdurma və terrorizmdən əziyyət çəkirlərsə, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında isə dini həmrəylik və tolerantlıq hökm sürür...” fikirlərində Naxçıvanda bu sahədə böyük inkişaf yolu keçildiyi bir daha öz təsdiqini tapdı. Bununla yanaşı, muxtar respublika rəhbəri tərəfindən verilən tapşırıq və tövsiyələrdə dinə elmi, şüurlu, təhsilli cəhətdən yanaşılmanın vacibliyi hər zamankı kimi yenə də ön plana çəkildi...

    Müşavirədə sağlam dini təhsil sisteminin formalaşdırılması, bu sahədə kadr hazırlığının təkmilləşdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icra mahiyyəti, eləcə də ötən illər ərzində görülən tədrisyönümlü işlərin əhəmiyyəti, qazanılan nailiyyətlər barədə söhbət açmaq üçün “Naxçıvan” Universitetinə yollandıq. Ali təhsil ocağının İlahiyyat kafedrasının müdiri Xəfayət Əliyeva söhbət zamanı bildirdi ki, 2015-ci ildən etibarən “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası üzrə bakalavr, 2020-ci ildən isə İslamşünaslıq ixtisası üzrə magistr pilləsində kadr hazırlığına başlanılıb. İlk tədris ilində 4 tələbə ilə fəaliyyətə başlayan ixtisasa 7 il ərzində 65 tələbə qəbul olub, 2015-ci ildən fəaliyyət göstərən İlahiyyat kafedrasında hazırda 10 müəllim çalışır. Dinşünaslıq ixtisası üzrə bakalavriat səviyyəsində 52, İslamşünaslıq ixtisasının magistratura pilləsində isə 1 tələbə təhsil alır. Ötən dövrdə universitetin Dinşünaslıq ixtisasını müvəffəqiyyətlə bitirən 13 tələbə ixtisaslarına uyğun fəaliyyət göstərir. 
    Ali Məclis Sədrinin müşavirədə dediyi “İslam elm və təhsilə, mənəvi saflığa çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində İslam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu olmuşdur. Peyğəmbərimiz də elmi dinin nizamı kimi dəyərləndirmişdir. Müqəddəs kitabımız “Qurani-Kərim” də “Oxu” əmri ilə başlayır. Naxçıvanda elmə və təhsilə yüksək dəyər verilməsinin başlıca səbəblərindən biri də onun mənəviyyatımızla sıx bağlı olmasıdır. Belə bir yanaşma da var ki, elm dindən ayrıdırsa, uçurum, din elmdən ayrıdırsa, xurafatdır. Buradan o nəticəyə nail oluruq ki, sağlam mənəviyyatın formalaşdırılmasının ikinci yolu – elmlə dinin vəhdəti günün tələbidir...” fikirlərini xatırladan Xəfayət müəllim vurğuladı ki, ali və orta ixtisas təhsili müəssisələrində dini-mənəvi dəyərlər, İslam tarixi və əxlaqın əsas prinsipləri barədə mühazirələrin təşkil edilməsi, eləcə də kadr hazırlığının təkmilləşdirilməsi, tədris proqramında elmi ədəbiyyatlara, xüsusilə də “Qurani-Kərim”in təfsirlərinə üstünlük verilməsi, mənəvi dəyərlərimizin mahiyyətinə uyğun kitabların tərcümə edilərək gənc nəslə çatdırılması qarşıya vəzifə kimi qoyulub. Bütün sadalanan tapşırıqların hər biri gənclərin dini təsəvvürlərinin, biliklərinin artırılmasına və bu sahədəki sağlam ictimai şüurun formalaşmasına, mütəxəssis hazırlığına xidmət edir. Kafedranın bütün pedaqoji kollektivi xalqımızın əsrlər öncə yaranan dini dünyagörüşünü və tolerant düşüncəsini düzgün şəkildə tələbələrə aşılamaqda öz üzərinə düşən məsuliyyəti dərindən dərk edərək dövlətimizin bu ali məqsədinin reallaşması yönündə bundan sonra da əlindən gələni əsirgəməyəcək. 
    Xəfayət Əliyeva qeyd etdi ki, universitetdə Dinşünaslıq ixtisasında İslam dininin tədrisinə dair Ərəb dili, Quran oxu və təcvid, Hədis, Təfsir, Fiqh, Kəlam, Təsəvvüf kimi fənlərlə yanaşı, dinləri sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən fənlərin də tədrisi aparılır. Eyni zamanda ölkəmizdə əsası ulu öndərimiz tərəfindən qoyulan multikulturalizm və tolerantlıq siyasətinə, bərabər hüquq prinsiplərinə uyğun olaraq ötən tədris ilindən digər aparıcı dünya dinlərinin – xristianlıq, yəhudilik, buddizmin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, eləcə də fəlsəfə, sosiologiya, multikulturalizm kimi sosial, humanitar elmlər də tələbələrə öyrədilir. Təbii ki, Dinşünaslıq ixtisası üzrə kadr hazırlığında əsas əhəmiyyət kəsb edən məsələlərdən biri də dini-tədris ədəbiyyatları ilə təminatdır. Çünki sağlam dini-ideoloji təfəkkürə malik kadr hazırlığı aparılırsa, o zaman əsaslı elmi ədəbiyyatlara istinad edilməlidir. Bu mənada, hazırda “Naxçıvan” Universitetinin elmi kitabxanasında 1393 adda 2243 dini ədəbiyyat müəllim və tələbələrin istifadəsinə verilib. Həmçinin Dinşünaslıq ixtisasının tələbələrinə Sarvanlar məscidində “İslam elmi halı” mövzusunda praktik dərslərin keçilməsi, həmin ixtisas üzrə kitabxananın müvafiq ədəbiyyatlarla zənginləşdirilməsi də bu sahədəki diqqətin bariz ifadəsidir.
    Kafedranın iş prinsipi ilə tanışlıq zamanı öyrəndik ki, Ali Məclis Sədrinin müvafiq sərəncamlarına əsasən Dinşünaslıq ixtisası Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə hamiliyə verilib. Məqsəd xalqımızın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin mühüm bir hissəsini təşkil edən yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişaf etdirilməsi və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Bununla əlaqədar mütəmadi şəkildə dini tərbiyəvi tədbirlər, universitetdaxili kafedranın iş planında nəzərdə tutulan elmi-praktik konfranslar təşkil edilir, müəllim və tələbələrin məruzələri dinlənilir. Eyni zamanda agentliyin strukturu, iş prinsipi praktik şəkildə aşılanır. 
    Dinşünaslıq ixtisası üzrə fənlərin tədris proqramına, təlim metoduna nəzər saldıqda tələbələrə dinin elmi cəhətdən, savadlı, şüurlu şəkildə aşılandığını görmək mümkündür. Nümunə üçün bir neçəsinə nəzər salaq: İslam elmlərinin mənbəyi olan “Qurani-Kərim”i oxuyarkən dilin xətalardan qorunması və Məhəmməd Peyğəmbərdən (s.a.v) öyrənildiyi kimi oxuya bilməyi təmin etmək məqsədi daşıyan “Qurani-Kərim” əlifbası fənni ərəb dilindəki hərfləri məxrəclərindən xüsusiyyətləri ilə birlikdə düzgün tələffüz etməyi, təcvid qaydalarını “Qurani-Kərim”in bütün surələrinə tətbiq etməyi, müqəddəs kitabı oxuyarkən meydana çıxan xətaları təsbit edərək aradan qaldırmağı, namaz dualarını, “Qurani-Kərim”in müəyyən surələrini əzbər, təcvid qaydaları əsasında surələri üzündən oxumağı aşılayır. İslam tarixi fənninin məqsədi isə orta əsr İslam tarixinin sosial elmlərin bir sahəsi kimi, tarix elminin metodları çərçivəsində öyrənilməsi ilə yanaşı, İslam sivilizasiyasının təşəkkül prosesinə təsir etmiş amillər haqqında biliklər sisteminin yaradılmasıdır. Həmin dərsdə tələbələr İslamın yarandığı mühitin sosial, iqtisadi, siyasi və dini strukturunu, Məhəmməd Peyğəmbərin (s.a.v) şəxsiyyəti və fəaliyyətini, İslamın ilk dövrlərində qeyri-müsəlmanlarla münasibətlərinin hüquqi, sosial, iqtisadi və dini aspektlərini, Ərəbistan yarımadasının islamlaşma prosesini, İslam xilafətinin idarəetmə mexanizminin inkişaf tarixini, fəthlərin dini-siyasi səbəb və nəticələrini, İslam sivilizasiyasının ilkin təşəkkül prosesini və digər məqamları dərindən mənimsəyir. Bununla da onlar orta əsrlər İslam tarixinin ictimai, iqtisadi və mədəni sahələri haqqında təhlillər və müqayisələr aparmaq, siyasi hadisələrin gedişinə təsir edən ictimai, iqtisadi və digər səbəbləri analiz süzgəcindən keçirmək və İslam tarixinin müxtəlif dövrlərinin inkişaf mərhələlərini araşdırmaq bacarıqlarına malik olurlar. “Müqayisəli teologiya” isə dinlər üzrə inanc əsaslarının fərqini ayırd etməyi, səmavi dinlərin ilahiyyat və axirət düşüncələrinə aid prinsipləri müqəddəs kitablara əsasən təyin etməyi, teoloji problemləri müəyyənləşdirməyi, teoloji prinsiplərin yəhudi, xristian və müsəlmanların həyatında oynadığı rolu analiz etməyi düzgün şəkildə aşılayır. Ümumilikdə, ən əsas məqam isə tədris prosesi zamanı obyektiv yanaşmanın tətbiq edilərək tolerant düşüncənin formalaşdırılmasıdır ki, bu da tələbələri dünyada baş `verən dini ayrı-seçkiliklərə, xalqımızın mənəviyyatına, əxlaqına zidd cərəyanlara qarşı mübarizə aparmalarına, məsələlərə düzgün mövqedən yanaşmalarına xidmət edir.
    Dinşünaslıq ixtisası üzrə tələbələrə muxtar respublikamızın tanınmış din xadimləri, eləcə Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşları ilə yanaşı, gənc müəllimlər də dərs keçir. Onlardan biri Bakı şəhərindən gələn Nərgiz Məmmədlidir. “Naxçıvan” Universitetində müasir təlim metodlarının, ən yeni texnologiyaların, tədris avadanlıqlarının tətbiq olunduğunu vurğulayan Nərgiz müəllim dedi: “Hər birimizə məlumdur ki, insanın həyatdakı mövqeyinin müəyyənləşməsi baxımından yeniyetməlik və gənclik dövrü ən həssas məqamları ilə səciyyələnir. Yəni bu yaşda addımlar doğru atılarsa, insanı uğura, yanlış atılarsa, uçuruma aparar. Elə dini baxımdan da bu məqam olduqca önəmlidir. Məsələyə bu prizmadan yanaşanda təəssüflə qeyd etməliyik ki, son illərdə dünyada bəzi lüzumsuz, heç bir əsası olmayan dini təriqətlər yayılıb ki, həmin cərəyanlar da yeniyetmə və gəncləri daha asanlıqla öz təsirinə salmağa müvəffəq olurlar. Məhz buna görə də erkən yaşdan uşaqlara dini-mənəvi dəyərlərimizin düzgün şəkildə aşılanması vacibdir. Keçdiyimiz dərslərdə də tələbələrə dəyərlərimizə əks, yad olan ünsürlərdən uzaq qaçmağı, onlara qarşı mübarizə aparmağı əsaslı surətdə izah edir, səmavi dinləri düzgün şəkildə, hədisləri, ayələri doğru təfsirlə, faktlarla öyrətməyə çalışırıq. Fikrimcə, təhsilli bir tələbənin qazanılması onlarla sağlamdüşüncəli yeniyetmə və gəncin formalaşmasına, ümumilikdə isə cəmiyyətin bu sahədəki inkişafına təsir edir. Dinşünaslıq ixtisasını tədris edən bir müəllim kimi ən ali məqsədim də məhz budur...”
    Universitetin Dinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrindən Fatimeyi-Zəhra Səfərova və Fəxri Əliyev qeyd etdilər ki, əvvəllər müəyyən qədər dini bilikləri olsa da, ali təhsil aldıqları müddətdə bu sahədə təfəkkürlərini, dünyagörüşlərini daha da artırıblar. Tədris prosesində müqəddəs səmavi kitabların, dinlərin tarixi, məzmunu, dinin inanc, ibadət, əxlaq və digər ünsürlərinə dair yanaşmaları, sosial elmlərin bir sahəsi kimi dinlər tarixi elmini dərindən öyrənərək müqayisəli təhlil etmək bacarıqlarına yiyələniblər.
    Fedor İvanoviç Yankoviç de Marievo deyirdi ki, müəllim şagirdlərin yaddaşına deyil, onların şüuruna müraciət etməli, sadəcə, əzbərləməyə deyil, dərk etməyə nail olmalıdır. Ələlxüsus da bu, dini təhsilə aiddirsə. Elə “Naxçıvan” Universitetindəki Dinşünaslıq ixtisasında tətbiq olunan tədris metodları, dərs proqramları ilə əyani tanışlıqdan, müəllim və tələbələrlə etdiyimiz qısa söhbətlərdən də belə qənaətə gəldik ki, burada gələcəyin ixtisaslı dini mütəxəssislərinin, xadimlərin yetişdirilməsi istiqamətində çox mühüm addımlar atılır, dinə elmi cəhətdən, faktlara söykənən yanaşma işi düzgün qurulub, müşavirədə qarşıya qoyulan vəzifələr isə şübhəsiz ki, həm kadr potensialının daha da təkmilləşməsinə, həm də dinin gənc nəsil arasında düzgün şəkildə təbliğinə böyük təkan verəcək. 

Nail ƏSGƏROV

Nəşr edilib : 28.04.2022 21:14