AZ EN RU

Elm davamlı inkişafdır

Bu inkişafla ayaqlaşmaq isə günün tələbidir

    Ölkəmizdə təhsilin inkişafı sahəsində yaranmış ənənələrin milli məqsədlərlə yönəldilməsi, bu ənənələrin müasir dövrün tələbləri səviyyəsində inkişafı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Bizim gördüyümüz işlər, təhsil sahəsində həyata keçirdiyimiz islahatlar Azərbaycan dövlətini daha da yüksəltməyə yönəldilibdir”, – deyən görkəmli dövlət xadiminin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının təməlini yaradıb, müstəqillik illərində isə təhsillə bağlı daha geniş islahatlar həyata keçirilib, Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. 

    Elm olmayan yerdə ixtisaslı kadrlar da, inkişaf da və deməli, gələcək də olmayacaq. Elmə doğru gedən yol isə təhsildən keçir. Görkəmli şəxsiyyət Heydər Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğı bu gün Prezident cənab İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Azərbaycanda gənc nəslin elm və təhsilə cəlb olunması üçün dövlət tərəfindən mühüm addımlar atılır, hər il dövlət büdcəsindən bu sahələrə milyonlarla manat vəsait ayrılır.
    Dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifələr sırasında sosial-iqtisadi inkişafın innovativ və kreativ vasitələrlə sürətləndirilməsi də mühüm yer tutur. İnnovasiya proseslərinin intensivliyinin artırılması hazırda qlobal iqtisadi sistemdə baş verən dəyişikliklərin mühüm istiqamətlərindəndir. Bu mənada, tədqiqat və sənaye qurumları ilə əməkdaşlıq edən və innovativ inkişaf sisteminə malik təhsil müəssisələri cəmiyyətimizin təhsil və elm sahəsində yüksəkixtisaslı kadrlara olan ehtiyacını təmin etməklə yanaşı, sosial ehtiyacların ödənilməsi missiyasını da öz üzərlərinə götürür.
    Əlbəttə ki, bu missiyanın yerinə yetirilməsində əlverişli “öyrənmə-öyrətmə” mühiti ilə yanaşı, çevik qərarlar qəbul edə bilən istedadlı mütəxəssislərin, xüsusilə də gənc nəslin olması vacibdir. Məhz belə təhsil müəssisələrində elmi araşdırmalar və innovasiyalar təhsil prosesinin ayrılmaz tərkib hissəsinə çevrilir, əmək bazarında yüksəkixtisaslı mütəxəssislər hazırlanır, nəticəsi nüfuzlu elmi nəşrlərdə dərc olunan və prioritet istiqamətlərdə elmi tədqiqatlar aparılır və patentlərin lisenziyalaşdırılması yolu ilə elmi-tədqiqat yönümlü yeni texnologiyaların inkişafına mühüm töhfə verilir.
    Ölkəmizin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Naxçıvan Dövlət Universiteti də Azərbaycan dövlətinin elm, təhsil və gənclər siyasətinə öz məxsusi töhfəsini verməkdədir. Ali təhsil müəssisəsinin rəhbərliyi və professor-müəllim heyətinin ümdə məqsədi gənclərin savadlı, dərin bilikli və bacarıqlı, geniş dünyagörüşə malik, vətənpərvər və dövlətçilik ənənələrinə sadiq vətəndaş kimi formalaşdırılması, Azərbaycanın parlaq gələcəyini təmin edə biləcək yüksək­ixtisaslı peşəkar kadrlar yetişdirməklə ölkə­mizin intellektual insan kapitalını zənginləşdirməkdir.
    Davamlı sosial-iqtisadi inkişafın əsasında olan təhsilin və elmi-texniki tərəqqinin rolunu düzgün qiymətləndirərək diyarımızda elm siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin kursunu uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov son illər muxtar respublikada elmin inkişafı, elmi-texniki potensialın modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə elm və təhsil işçilərinin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. Hazırda elm və təhsilin əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə, müasir texnologiya və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişaf etdirilməsi ən prioritet məsələdir. Bu gün Naxçıvanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır – iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür. Bu sahədə həyata keçirilən məqsədyönlü islahatların nəticəsidir ki, Naxçıvan Dövlət Universiteti özünün maddi-texniki və təşkilati strukturuna görə ən qabaqcıl ali təhsil müəssisəsinə çevrilərək bu gün elm-təhsil-innovasiya sahəsində beynəlxalq təcrübəni tətbiq imkanı qazanmışdır. Məlum həqiqətdir ki, elm biliyə, savada əsaslanır. Ulu öndərin müəyyənləşdirdiyi təhsil siyasətinin muxtar respublikada uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün artıq Azərbaycan elminin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali             Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və uğurla həyata keçirilən elm siyasətinə xüsusi əhəmiyyət verilməsinin və muxtar respublikanın hərtərəfli və dinamik inkişafında bu sahənin də formalaşmasına qayğının ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” 2020-ci il 14 dekabr tarixli Sərəncamı bu baxımdan ali təhsil müəssisəsinin imkanlarını daha da genişləndirməklə yanaşı, beynəlxalq rəqabətqabiliyyətliliyin təmin olunması, innovativ layihələrin dəstəklənməsi və keyfiyyətli kadr hazırlığına son dərəcə böyük təsir imkanları yaradacaqdır. Tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, innovativ istiqamətlərin inkişaf etdirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması istiqamətində yeni mərkəzlər, şöbələr yaradılmış, müasirtipli laboratoriyalar fəaliyyətə başlamışdır. Tələbələrin tədqiqatlara əsas hərəkətverici qüvvə kimi cəlb olunması universitetin intellektual inkişafına xidmət etməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Elmdə son hədd, axırıncı tədqiqat anlayışı yoxdur. Elm davamlı inkişafdır. Bu inkişafla ayaqlaşmaq isə günün tələbidir”.

    Bu gün muxtar respublika rəhbərinin elmə, təhsilə göstərdiyi diqqət və qayğı, doğma diyarımızdakı elmi mühit də elmin, milli ziyalılığın inkişafına, elmi potensialın artmasına öz dəyərli töhfələrini verməkdədir. Bütün bunlar isə elmin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin də dediyi kimi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Səminə RÜSTƏMOVA
Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin 
Elektronika və informasiya texnologiyaları kafedrasının müəllimi

Nəşr edilib : 14.04.2022 20:45