AZ EN RU

Elm adamı, şair həm də zəngin kolleksiyalar sahibidir

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, hamımızın yaxşı tanıdığı şair Elxan Yurdoğlu-Məmmədovun həm də kolleksionerlik hobbisini, bir neçə kolleksiyası olduğunu eşitmişdik. Onun müxtəlif ölkələrin pullarından ibarət kolleksiyası daha çox diqqətimizi çəkmişdi. Bu günlərdə onunla şəxsən görüşüb, kolleksiyaları ilə maraqlandığımızı, kolleksiyalarda özünə yer almış nümunələrlə  tanış olmaq istədiyimizi bildirdik. Söhbət zamanı Elxan Yurdoğlu ilk olaraq bu marağın onda haradan yaranmasını dilə gətirdi: 

 –  Uşaqlıq illərimdə SSRİ dağıldı və Azərbaycan işlənən sovet pulları dövriyyədən çıxarıldı. O zamanlar həmin pulların bir çoxunu evimizdən, qohumlardan alıb özüm üçün pullu uşaq obrazı yaratmaq üçün saxlayırdım. Ali məktəbə qəbul olduqdan sonra dəfətərlərimi, kitablarımı özümdən aşağı sinifdə oxuyan uşaqlara verəndə həmin pullar qarşıma çıxdı. Hamısını götürüb təzədən səliqəyə saldım. Tələbəlik dövründən isə fərqli-fərqli ölkələrin pulları ilə maraqlanmağa başladım.

Müstəqil Azərbaycanın ilk pul əskinasları da 2005-ci ildə nominal dəyərini itirdiyindən dövriyyədən çıxarıldı və yeni pul vahidləri tədavülə buraxıldı. Gənclik illərimizə təsadüf edirdi bu kağız əskinasların dövriyyədən çıxarılması. Çoxları həmin pulların dəyərini itirməsinə görə yandırırdı. Ətrafımda belə adamların var olması məni təssüfləndirdi və mən o pulları istifadə etməyənlərdən alıb digər pullarıma qatırdım. Beləliklə, fərqli pul sayı əlimdə artdıqca kolleksiya yığmaq qərarına gəldim. Bir haşiyə çıxaraq bildirim ki, xatirimdədir, nənəm əlinə düşən puldan hər dəfə ehtiyat üçün az da olsa, kənara qoyub saxlayardı. Həmin dəyərini itirmiş o pullardan da götürüb kolleksiyama əlavə etmişdim. Beləliklə müstəqillik qazanmış Azərbaycanın ilk pulları və məhv olmuş SSR-nin pul vahidləri ilə bu maraqlı kolleksionerliyə başladım. Zaman keçdikcə, düşünürdum ki, niyə bu kolleksiyanı daha da boyütməyim?!

         – Başqa ölkələrin pul vahidlərini də toplamağa başladım. Kolleksiyamda fərqli ölkələrin əskinaslarının sayı artdıqca, marağım daha da genişlənirdi. Qeyd edim ki, bəzən pul verib, yəni satışdan aldığım əskinaslar da olur. Sağ olsunlar ki, bu kolleksiya işi ilə məşğul olduğumu bilən bir çox insanlar, eləcə də yaxın dostlarım fərqli ölkələrə səfərləri zamanı mənə hədiyyə kimi kağız, yaxud metal pullar tapıb gətirirlər. Demək olar ki, onlar da artıq maraqlıdır mənim pul kolleksiyama. Onu da deyim ki, hər ay qazancımdan müəyyən qədər ayrıram ki, kolleksiyamı zənginləşdirmək üçün istifadə edim. Hətta qeyd edim ki, baha başa gəlsə də, hərracla da aldığım pul əskinasları olub. 

– Eşitmişdim ki, Bakı şəhərində kolleksionerlər ildə bir neçə dəfə bir məkanda toplaşıb öz kolleksiyalarını sərgiləyirlər, həmsöhbət olurlar. Ötən il mən də Bakıda keçirilən belə bir görüşdə iştirak etdim. Maraqlı bir mənzərə ilə rastlaşdım. Çünki hər kəs ayrı-ayrı masalarda öz topladığı kolleksiyasını açıb nümayiş etdirirdi. İlk dəfə olmasına baxmayaraq mənim topladığım pul kolleksiyam oradakı insanların marağını çəkdi. Qeyd edim ki, orada həm satış etdim, həm də satışdan qazandığım məbləğlə məndə olmayan digər ölkələrin pullarını alıb kolleksiyama əlavə etdim.

İtməsin deyə kolleksiyanızdakı pulları gələcəkdə hansısa etibarlı bir yerə təhvil vermək planınız varmı?

– Xeyr. Düşünürəm ki, insanlar nə qədər texnologiya əsrinin əsiri olsalar da, nostalji hisslər yaşamağı sevirlər. Çünki insan elə bir varlıqdır ki, keçmişə bağlı olub duyğusal hisslərlə yaşayır. Keçmişə boylanıb hər hansısa antik əşya görəndə sanki ondan həzz alır.

Düşünürəm ki, kolleksiyamda 150-dən çox fərqli ölkənin pul vahidləri olduqda, gəlir mənbəyinə də çevirə bilərəm. Misal üçün, ayrı-ayrı yerlərdə sərgiləyə bilərəm, o cümlədən  hansısa bir təşkilatın dəvəti ilə şəxsi pul kolleksiyamın sərgisini təşkil edib qazanc üçün yararlanmaq olar. Çünki elmi fəaliyyətimlə bağlı xarici ölkələrdə oluram və orada bu cür şəxsi kolleksiyaların sərgisinin necə maraqla qarşılandığını müşahidə etmişəm.  Bu səfərlər zamanı maraqlı hadisələr də olur. Məsələn, Mart ayında, Novruz tətili zamanı Türkiyənin paytaxtı Ankara şəhərinə səfərim zamanı bir kolleksionerdən çox qədim pullar hədiyyə aldım. Bunlar iki sikkə idi və onu da deyim  ki, eramızdan əvvəl  323-336-cı illərdə hakimiyyətdə olmuş Makedoniyalı İsgəndərin dövrünə aid mis və gümüş sikkələr idi. Bunlar mənim üçün həddindən artıq çox dəyərlidir. Eləcə də Şəddadilər dövrünə, Atabəylər dövrünə aid sikkələrim var. Bunları əldə etməyimin də maraqlı cəhətləri var. Arxeologiya ilə, tarixlə maraqlıananlar yaxşı bilir ki, mənim doğulub boya-başa çatdığım Kəngərli rayonunun Yurdçu kəndi də qədim yaşayış məntəqəsi olub. Orada ötən əsrin 80-ci illərində arxeoloji tədqiqatlar zamanı kurqanlar, dəfinə aşkar edilib. Kəndimizin insanlarının, qohumların tapdığı həmin sikkələri özüm üçün əldə etmişəm. İndi kolleksiyamın dəyərli eksponatlarındandır.

Açığı həmin yerlərdə məzuniyyətə çıxan zaman xeyli gəzirəm, yeni nələrsə tapmaq ümidi ilə. Amma hələ ki, sadəcə keramika nümunələri qarşıma çıxır.

         Oxucularımız üçün də maraqlı olar ki, kolleksiyanızda ən qədim əskinas hansı dövrə aiddir?

– Kağız pullardan ən qədim olanı 1898-ci ilə aid olan çar Rusiyasının 1 rubl dəyərində olan pul əskinasıdır. Metal pul olaraq isə, dediyim kimi, Makedoniyalı İskəndər dövrünə aid eramızdan əvvəlin, həmçinin X əsr Şəddadilər və XII əsr Atabəylər dövrünə aid sikkələr var. Onlardan sonra isə 1839-cu ilə aid Osmanlı İmperiyasına aid, Sultan Əbdülməcid dövrünə aid 10 Para gümüş qəpikdir.

Maraqlıdır ki, ölçülərinə görə də pullar fərqlidir. Elə kağız pul vahidi var ki, digərlərindən iki dəfə uzun və enlidir. Adama qəribə gəlir ki, o dövrdə bunu necə daşıyırdılar, ciblərinə necə yerləşirdi.

Bu pul nümunələri hətta mənə adını bilmədiyimiz bəzi kiçik və ada dövlətlərini də tanıdıb. Çünki istər-istəməz maraq yaradır üzərində olan hər hansısa bir element. Araşdırırsan və adını eşitmədiyin dövlətlər qarşına çıxır.

Neçə dövlətin puluna sahib olduğunuzu saymısız?

– Kolleksiyamda, hələ ki, 152 dövlətin pulu var. Ümumilikdə 121 dövlətin kağız pulu, 71 dövlətin qəpik pulu, 44 dövlətin isə həm kağız, həm də qəpik pul vahidi kolleksiyamda yer alıb.

Bəs bu pullar arasında sizə ən dəyərli olanı hansıdır?

Açığını deyim ki, tarix etibarıyla yeni olsa da, 2020-ci ildəki 44 günlük Zəfərimizdən sonra torpaqlarımızın azad olunmasına,  Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsinə həsr olunmuş, bir çox Avropa dövlətlərinin ortaq tədavülündə olan EURO pulu var ki, o mənim üçün çox dəyərlidir. Sıfır (0) Euro xatirə əsginasının bir üzündə Şuşa qalası, Qarabağ atı və Xarıbülbül gülü, digər üzündə  Xudavəng monastırı, Cümə məscidi, eyni zamanda Xudafərin körpüsü əks olunub. Məlumat üçün deyim ki, Sıfır nominallı suvenir avro banknotları yüksək keyfiyyətli xüsusi kağız materialından məhdud sayda çap olunub və dövriyyədə istifadə olunan avro ilə eyni keyfiyyətdədir. Sözügedən suvenir əsginaslar Avropa Mərkəzi Bankının rəsmi dəzgahlarında çap olunur və əmtəə nişanı kimi qeydiyyata alınır. Hhəmin kağız pul mənim ən çox sevdiyim, hər dəfə görəndə qürur duyduğum eksponatımdır.

Eşitmişik ki, başqa kolleksiyalarınız da var...

– Aidə xanım, uşaq idim və nə zamansa elm adamı, şair, qələm sahibi olacağımı düşünmürdüm. Ümumiyyətlə, belə bir nə niyyətim, nə də hədəfim olmayıb. Amma uşaqlıqdan, birinci sinifdə oxuyandan işlətdiyim bütün qələmləri yığırdım. Bu isə 1986-cı ilə təsadüf edir. Elə o ildən bəri istifadə etdiyim bütün qələmləri yığıram və tələbəlik dövründən başlayaraq bunu artıq məqsədli bir şəkildə hobbiyə çevirdim. Bu kolleksiyamda ayrı-ayrı illərdə istifadə etdiyim 1000-dən çox müxtəlif qələmlər var.

Digər bir kolleksiyam isə, səyahət elədiyim dövlətlərdən, şəhərlərdən oralara uyğun topladığım maqnitkalardır. Bu, həm getdiyim Azərbaycan şəhərlərinə, həm də xarici ölkələrə aiddir.

Əlavə hobbim isə yenə də xarici səfərlərdə olarkən oralardan topladığım fərqli ağac yarpaqlarıdır. Xüsusən bu yarpaqlar arasında mənə əziz olan 2022-ci ilin iyun ayında Şuşada “Vaqif poeziya günləri”ndəki səfərim zamanı gətirdiyim gül ləçəkləri və ağac yarpaqlarıdır. Demək olar ki, Şuşanın hər küçəsində ayrı-ayrı ağac yarpaqlarını yığırdım. Onu da deyim ki, ilk dəfə cökə ağacını da orada görmüşdüm. Düzdü, Xarıbülbülə toxunmağa icazə yoxdur, amma Cıdır düzündəki fərqli çiçəkləri də toplayırdım. Və səfərlərim zamanı topladığım yarpaqlardan yaxşı əl qabiliyyəti olan  əmimin qızı Şəhla Ramazanova gözəl bir dekorativ tablo hazırlayıb mənimçün.

Tez-tez paylaşımlarınızda artıq istifadə olunmayan məişət əşyalarını da görürük...

– Bəli, mis qab-qacaqlar, müxtəlif qədim keramika nümunələri, daş altlər, qədimi şüşə qablar, məişət əşyaları, toxuculuqda istifadə edilən əşyalar, patefon, maqnitafon, fotoaparatlar, indi uşaqların istifadə etmədiyi maddi uşaq oyunları nümunələri və bu kimi zamanın tələbiylə istifadədən çıxan əşyaları da yığıram. Bunlar arasında da olduqca maraqlı cəhrə, nehrə, beşik, xalça, çıraq və digərləri var.

Yəqin ki, gələcəkdə də bu işləri davam etdirəcəksiniz...

– Sözsüz. Hətta düşünürəm ki, gələcəkdə də fərqli kolleksiyalarım ola bilər. Onu da deyim ki, şəxsi kitabxanamda biri əlyazma olmaqla 4000 minə yaxın kitab var. Bəlkə də bunun özü də bir kolleksiyadır və zəngin eksponatlar sırasındadır.

Sonda bir sual da məni maraqlandırdı. Bütün bunları sərgiləyəcəyiniz yeriniz varmı?

– Təəssüf ki, yox. Amma ümidim gələcəyədir. Bəlkə bir gün sırf bunlar üçün ayrıca bir məkana sahib olaram və orada bütün fərqli kolleksiyalarımı insanların da görməsi üçün əlçatan edə bilərəm. Bu arzumun bir gün gerçəkləcəyinə inanıram.

 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 22.04.2024 09:25