AZ EN RU

Əliyevşünaslıq elminə gözəl töhfə: “100 ilin imzası” Gülşən Behbudun yeni kitabı haqqında düşüncələr

“Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.

Ölkə Prezidenti cənab İlham Əliyevin görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə bəxş etdiyi mənalı ömür yoluna və siyasi fəaliyyətinə verdiyi bu qiymət, birmənalı olaraq, dahi rəhbərin həyat və əməl portretidir, – desək heç də yanılmarıq. İllər keçdikcə, nəsillər dəyişdikcə bu həqiqət öz sanbalını bir daha ortaya qoyur. Həm sağlığında, həm də əbədiyyətə qovuşandan sonra dünyanın siyasi xadimlərinin, söz-qələm sahiblərinin dəfələrlə təsdiqlədikləri Heydər Əliyev fenomeni xalqımızın ən qiymətli, əvəzi olmayan, həmişə öz dəyərini saxlayacaq bir milli-mənəvi gücüdür. Həmişə arxalanacağımız güvən yerimizdir; onu xatırladıqca fəxr edəcəyimiz qürur ünvanımızdır; dünənimiz, bu günümüz, sabahımızdır, əbədiyyətimizdir. Bu reallıq qəlbimizdə özünə əbədi yer tutmuş Ulu Öndərin bizdən cismən ayrıldığı və tarix üçün çox kiçik olan zaman kəsiyində görkəmli dövlət xadimi haqqında qələmə alınmış yüz cildlərlə kitablarda öz əksini tapıb.

Bu baxımdan oxuculara yeni təqdim olunmuş “100 ilin imzası” kitabı oxuculara dahi öndərlə bağlı məlum olmayan yeni bilgilər təqdim etdiyi üçün dəyərli bir nəşrdir.

Qələminə böyük hörmətlə yanaşdığım gözəl jurnalist və publisist Gülşən Behbudun çapa hazırladığı yeni nəşr özünün bir sıra məziyyətləri ilə diqqəti çəkir. Dünyanın tanınmış dövlət xadimlərinin və siyasətçilərinin, mədəniyyət və incəsənət adamlarının Ulu Öndər haqqında dedikləri fikirlər, gəldikləri qənatlər hər bir azərbaycanlını düşünməyə sövq edir və onun məhz azərbaycanlı olması ilə qürur duymasını təbii bir istək kimi ortaya qoyur. Kitab boyu Gülşən Behbudun jurnalist düşüncələrində, müsahibələrində, şeirlərində müəllifin dahi rəhbərə sevgisi, məhəbbəti belə deməyə əsas verir ki, bu gün “Əliyevşünaslıq” elmi özünün yüksək məhrələsindədir. Bu elmin üfüqləri genişdir, ondan öyrənmək həyatda insanın yaşam tərzini zənginləşdirməkdir.

“Dünya liderləri Heydər Əliyev haqqında”, “Müsahibələr”, “Milli sərvətimiz  – Heydər Əliyev” və “Şeirlər” adlı fəsillərdən ibarət olan yeni kitabın uğurlu cəhətlərindən biri müəllifin böyük çətinliklərlə, ciddi axtarışlarla onunla təmasda olmuş insanları tapması, həmin şəxslərdən Ulu Öndər haqqında bildiklərini öyrənərək qələmə alınması məsələnin bir tərəfidirsə, ikinci və əsas məqam yazılarda müəllifin müxtəlif nüanslara özünün münasibət göstərməsidir. “Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır”. Qazaxıstanın dünyaşöhrətli Xalq yazıçısı Çingiz Aytmatovun bu qənaətini kitabda gedən yazılar bir daha təsdiq edir və yeri gəlmişkən həmin yazılardan bir neçəsini vurğulamaq istərdim. AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramovla (həm də ön sözün müəllifi) müsahibədə oxuyuruq: “Xalqımızın Ümummilli Liderinin Azərbaycanla bağlı gördüyü işlərin miqyası bilinmir. Nəticə odur ki, hal-hazırda Azərbaycan Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilib. Bu, o dövlətdir ki, artıq dünyanın aparıcı dövlətləri – başda ABŞ, Avropa ölkələri Fransa, İngiltərə, RF, AFR, İtaliya, Yaponiya, Türkiyə olmaqla bu dövlətlər hamısı onunla hesablaşırlar. Bu, 40 il ərzində Ümummilli Liderin Azərbaycanın inkişafı naminə atdığı addımların ümumi nəticəsidir”.

AMEA-nın həqiqi üzvü, millət vəkili Nizami Cəfərovun, general-leytenant Yaşar Aydəmirovun, tarixçi politoloq Dünyamalı Pənahovun və başqalarının müsahibə və məqalalərində Ulu Öndər fenomeninin zəngin qatlarını bir daha üzə çıxarmaqla müəllif öz jurnalist və vətəndaşlıq missiyasına sədaqətini ortaya qoyub.

Gülşən xanım kitabını həm də özünün qələmə aldığı üç şeirlə bitirib. Biz də “100 ilin imzası” kitabı barədəki qeydlərimizi onun şeiri ilə yekunlaşdırır, müəllifi təbrik edir, gələcək yaradıcılığında uğurlar arzulayır, bu kitabın stolüstü kitaba çevriləcəyinə əminliyimizi bildiririk:

Olum-ölüm anında dayaq durdu xalq ona,

O da verdi ömrünü əbədilik xalqına.

Adında var bir qürur, zəhmətində var hünər,

Bu millət fəxr eyləyir adınla, Ulu Heydər.

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 27.05.2024 15:12