AZ EN RU

Əlincəçay mahalının Xanəgahı...

Zəngin tariximizin izlərini özündə yaşadan qədim yaşayış yeri. O Xanəgah ki əsrlərin sınağına sinə gərərək tarixi qala rolunu oynamış, dövrümüzdə də mərdlik, mübarizlik simvolumuza çevrilmişdir.
Xanəgah kəndi, adından da göründüyü kimi, dini ritualların keçirildiyi və dini elmlərlə bağlılığı olan kəslərin ibadətgahına çevrilmiş müqəddəs bir məkandır. Kəndə daxil olarkən Əlincəqalanın əzəməti, yamaclardakı məxməri göy otlar və eləcə də uzaqdan Günəş kimi parlayan Şeyx Nəiminin türbəsi, səfalı havası və insanları oraya üz tutan qonaqları nağıllardakı kimi xeyirxahlıqla salamlayır. Burada yaşayan tarix sanki insanı hər qarışda keçmişə boylanmağa vadar edir. “Səni bu hüsni-camal ilə, kamal ilə görüb, qorxdular həqq deməyə, döndülər insan dedilər”, – deyən haqq şairimiz ölməz Nəsiminin ustadı Fəzlullah Nəiminin izləridir kəndin hər köşəsi... 

Orta əsrlər dövründə Azərbaycanın bir çox bölgəsində, o cümlədən bu yaşayış məntəqəsində İslam ayinlərinə hörmət və ehtiram özünü çox ciddi şəkildə göstərməkdədir. Maddi-memarlıq abidələri olan daş tikililərimizin bir çoxu bunun ən bariz göstəricisidir. Belə ki, həmin dövrlər təsəvvüf və irfan olduqca nüfuzlu bir dini-ide­oloji, ictimai-tarixi, əxlaqi-mənəvi və əqli-məfkurəvi cərəyan olmaqla təzadlı, özünəməxsus çoxşaxəliliyi ilə mürəkkəb irəliləmə yoluna cığır açmışdır. Elmi-fəlsəfi baxış nöqteyi-nəzərindən kəskin mübahisə və mücadiləyə baxmayaraq, bu yoldan mənəvi qida alan İslam alimləri zəngin bir irfan məktəbinin təməlini qoymuşlar. Xanəgah kəndi, demək olar ki, Azərbaycanda çox yayılmış dini cərəyanlardan olan hürufilik fəlsəfəsinin əsas dayanıqlı məkanlarından biri kimi özünəməxsus bir məktəb rolunu oynamışdır. Bəlkə də, budur Xanəgah kəndinin insan ruhuna mənəvi rahatlıq gətirən ab-havası... Bu doğma diyarı gəzdikcə tarixi tikililərlə sanki canlı ünsiyyət qurub söhbət edirsən.
Kənddəki orta əsrlərə aid tarix-memarlıq abidəsi ilə qarşılaşırıq. Qədim yurd yerinin ən yaşlı sakinləri buranın adını “Xan hamamı” kimi bildiklərini nəzərimizə çatdırır. Lakin elmi mənbələrə, alim və tədqiqatçılarımızın araşdırmalarına nəzər saldıqda məlum olur ki, 1978-ci ildə torpağın altından aşkar edilmiş bu abidə vaxtilə burada yaşamış dərviş təriqətlərinə mənsub olub. Əlincəqalanın gündoğan hissəsindən bir az aralıda yerləşən bu qədim tikili, planda dördkünc formada olmaqla yan tərəflərdən divarla əhatələnərək üstü bişmiş qırmızı kərpicdən günbəzlə bağlanıb. Şərq memarlıq xüsusiyyətlərini özündə əks etdirən binanın günbəzinin orta hissəsi də özünəməxsus, fərqli formadadır. Belə ki, tikilinin günbəzi üzərində həm havalandırma, eləcə də Günəş işığının içərini daha da aydınlatması üçün nəzərdə tutulmuş kiçik bir dördayaqlı balaca günbəz yerləşir. Qeyd edək ki, bir çox qədim hamamların günbəzlərinin üzərində bu cür tikiliş formasına rast gəlindiyindən yerli sakinlər də buranın hamam olduğunu düşünürlər. Alimlərin araşdırmalarına görə bu tip xüsusi günbəzli tikililər orta əsrlərin “Təkyə” və eləcə də “Zaviyə” adlandırılan dini müəssisələr qrupunu təmsil edirmiş. Buna əsaslanaraq da qeyd etmək olar ki, dərviş təriqətinə mənsub olan şəxslər bu və bunun kimi tikililərdə ömürlərini ibadətə həsr ediblər.
Əməkdar elm xadimi, memar, professor Əbdülvahab Salamzadə və sənətşünaslıq doktoru, professor Kamil Məmmədzadə birgə tədqiqləri zamanı da bu memarlıq abidəsinin XIV əsrə aid olması ehtimalını xüsusi olaraq qeydlərində göstəriblər.  
AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin “Əlincəçay mahalının epiqrafik abidələri” kitabında Xanəgahdakı abidələr haqqında geniş məlumatlar verilir. Buna görə də bu qədim kəndin tarixi haqqında elmi araşdırmaları oxuyub məlumatlanmaq yerinə düşər. 
Qeyd edək ki, ölkə əhəmiyyətli bu cür tarix-memarlıq abidəsi incə toxunuşlarla bərpasını gözləyərək kənd sakinlərinin xeyir-duası nəticəsində ayaqda durub. Gəlin abidələrimizə sahib çıxaq, tariximizə sahib çıxaq. Bizim olana sahib çıxaq. Sahib çıxaq ki, tarixin bədduasından nəsibimizi almayaq. Yaxşı iz, yaxşı ad, yaxşı irs qoyaq. Əcəminin təbirincə desək:

    Biz gedirik, ancaq qalır ruzigar,
    Biz ölürük, əsər qalır yadigar.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 26.05.2024 10:15