AZ EN RU

Əlincəçay boyunca...

    Bir yaz günündə – təbiətin axarlı-baxarlı vaxtında həzin nəğmə, zümzümə dalınca gəzirəm. Görünür, bu səs məni uzaqlara, çox uzaqlara aparacaq. İnsanın ruhunu dincəldən avazın mənbəyinədək gedib çıxmaqdır arzum. Təbiət həvəskarları üçün, bəlkə də, bu səsin əvəzi, alternativi yoxdur. Ovsunlayıcı sədanı daha yaxından duymaq üçün neçə-neçə kəndin sinəsindən ötüb keçməli, Ləkətağa, Boyəhmədədək uzanmalıyam. Amma bilirəm ki, buna görə zəhmət çəkməyə, yol yorğunluğu yaşamağa dəyər. Bəs nədir bu səs, nədir bu sehrli avaz? Bu, yaz aylarında gur, şaqraq sədası, bəndinə-bərəsinə sığmayan bol, göz yaşı kimi duru suyu ilə seçilən, bu həndəvərdəki kəndlərin bərəkət təknəsi sayılan Əlincəçaydır.

    Bu qolda yerləşən kəndlərdə nə yoxdur ki, İlahi. Zəhmətkeş, təbiətlə həmahəng olan insanlar, qədimliklə müasirliyin vəhdətində tarix, şəhər modelinin tətbiq olunduğu yurd yerləri və ən əsası, soyuq qış, isti yay demədən Vətəni qorumaq, bu yolda canından keçmək nümunəsi yaşayır Əlincəçay boyunca. Ərəzinə vardığın andan etibarən Naxçıvanın may, iyun aylarındakı rayihəsinin – iydə çiçəklərinin sehrinə düşürsən. Səhərin sübh çağında, dan yeri ağarmamış həzin mehə və qoyun-quzunu yerbəyer edən çobanların səsinə qarışaraq avtomobilin pəncərəsindən sanki içəri tələsən bu qoxu bizə əsl kənd mühitində olduğumuzu xatırladır. Ərəzinin çöl-çəmənlikləri, bərəkətli taxıl zəmiləri dəniz kimi dalğalanır, yaz yağışından sonra cana gələn dərələr, düzlər göz oxşayır. Doğrusu, bu il yağışların bir az gec yağması, xüsusən təsərrüfat adamlarını qorxutmuşdu, amma Uca Yaradan yenə də ulu yurdun yağış payını bu ellərə bəxş etdi. El-obadakı insanların zəhmətini, əməyini, dövlətin də dəstəyini nəzərə alsaq, deməli, il yenə də barlı-bərəkətli olacaq.
    Mavi səma, bəyaz buludlar, yenicə ağaran dan yeri, əzəmətli Haçadağ, yaşıl örpəkli düzlər, çəmənlər... Ağıllı telefonun ekranına bir dəfə toxunmaqla bu məqamı tarixləşdirirəm. Culfanın möhtəşəm təbiət abidəsi – yaşı minilliklərlə ölçülən Naxçıvan torpağının rəmzi Haçadağ Günəşin zərrin şüalarına boyanaraq səhərin erkən çağında sanki göz qamaşdırır. Qətiyyən mövzudan, məqsəddən uzaqlaşdığımı düşünməyin. Əlincəçayın mənbəyinə çatana kimi gördüklərimi, təəssüratlarımı qələmə almağı jurnalist borcu və marağı hesab edirəm. Yolumuz uzundur və hələ qarşıda Əbrəqunus, Bənəniyar, Saltaq, Qazançı, Milax, Ərəfsə kimi kəndlər var. Kim bilir, bizi qarşıda daha hansı mənzərələr və reallıqlar gözləyir... Sağ tərəfdə Haçadağın müşayiəti ilə yolumuza davam edirik. Dönüb ətrafa baxarkən qeyri-ixtiyarı düşünürəm: insan təbiətin bir parçasıdır. Sən təbiətə necə yanaşırsansa, o da eyni münasibəti sənə qaytarır. Təbiətə öz evin kimi baxsan, udmağa təmiz havan, yeməyə barın-bərəkətin olacaq. Ey yolçu, bir bax Əbrəqunusa gedən yolun kənarlarında ağaclar necə də nizamla, səliqə ilə salınıb, sanki yaşıl bir tunelin içində irəliləyirsən. Naxçıvan kimi kəskin kontinental iqlim şəraitinə malik bir diyarda yaşıllıq salmaq, onu böyüdüb ərsəyə gətirmək elə də asan məsələ deyil. Bu mənə görə biz naxçıvanlıların torpaq eşqi, təbiət vurğunluğudur.
    Yol kənarlarında hər kəs təsərrüfat işləri ilə məşğuldur. Ömrünü torpağa bağlayanlar üçün iş saatı səhərin erkən vaxtlarında başlayır. İsti düşməmiş kartof “boğazlanıb” dibinə vər qoyulmalı, tərəvəz əkini sahələri suvarılmalı, bağlar dərmanlanmalı, mal-qara örüşə çıxarılmalıdır. Əbrəqunusdakı sürətlə yanından ötüb keçdiyimiz müasir məscid və mərasim evinə də bir ştrix vurmağı vacib hesab edirəm. Deməli, dini və mənəvi dəyərlər bu el-obada da yaşadılır. Hər kənddə məscidin və yas məclislərini rahat şəkildə təşkil etmək üçün tikilən mərasim evlərinin olması son illər naxçıvanlılar üçün yazılmamış qanuna çevrilib. Qədim diyar bu sahəyə də öz möhürünü vurub, yaxşı bir ənənə formalaşıb. İndi mərhumun yiyəsi mərasimə gələn qonaqları qarşılamaq üçün çadır, qab-qaşıq dalınca düşmür, soyuğun, istinin dərdini çəkmir. El birliyi ilə tikilən mərasim evlərində hər cür şərait mövcuddur. Necə deyərlər, el bir olsa, dağ oynadar yerindən... 
    Əbrəqunus Bənəniyarla iç-içədir, sanki bu kəndlər bir-birinə qarışıb. Bu tərəflərin ən böyük yaşayış məntəqəsi olan Bənəniyarda hansı həyətə boylansan, üzümlüklərə rast gəlmək olar. Bu, illərin təsərrüfatçılıq ənənəsidir. Hələ Sovetlər Birliyi dönəmində – daha dəqiq desək, ötən əsrin 70-ci illərində Bənəniyar üzümü şirəliliyinə görə ittifaq miqyasında ən yüksəkkeyfiyyətli üzüm sortu hesab olunurdu. İndi də Naxçıvan bazarında Bənəniyar üzümü alıcıların ən dəyərli istehlak məhsullarından hesab olunur. May-iyun aylarında isə üzüm bağlarında yarpağın tədarük vaxtıdır. Əl-qolunu çırmalayıb evdarlıqla məşğul olan qadınlar yarpaq dolması – bu ləziz milli yeməyimizi qışda da bişirmək üçün şorabaya qoyulmuş yarpaq hazırlayırlar.
    Müasir Naxçıvanın siması: mistika, xəyal yox, gerçəklik, həqiqət. Uzaqdan baxanda sanki kürəyini Haçadağa dayayan Saltaq məktəbini görəndə bu fikri yenidən xatırlamağı özümə borc bilirəm. Kənardan imarət kimi ucalan bu tikili göstəricilərinə görə rekordları alt-üst edən hansısa nüfuzlu ali təhsil ocağının tədris korpusu deyil, Saltaqda böyüyən gənclik üçün inşa olunan kənd məktəbidir. Yeri gəlmişkən deyim ki, indi nəinki Saltaqda, eləcə də bu qol üstündə yerləşən bütün kəndlərdə dövlət müasir kənd modelini tətbiq edib, yollar salıb, körpülər, məktəblər, kənd və xidmət mərkəzləri tikib. Bu bölgələrimizdə mavi yanacaq, elektrik enerjisi daimidir, insanlar ən ucqar dağ və sərhəd kəndlərində belə sürətli internetin imkanlarından faydalanırlar. Blokada şəraitində bütün bunları qurub-yaratmaq, müasir Naxçıvanı ərsəyə gətirmək üçün gecəli-gündüzlü çalışmağın real nümunəsidir.
    Əlincəçay boyunca həm də bir tarix yaşayır. Dünya fatehi Əmir Teymura 14 il təslim olmayan Əlincəqala, hürufiliyin banisi Fəzlullah Nəiminin Xanəgah kəndindəki məqbərəsi... Mərdlik simvolu, zirvəsində üçrəngli Azərbaycan bayrağını qürurla dalğalandıran Əlincə qalası tarixə dəyər verənlərin himayəsi sayəsində ikinci həyatına qovuşub. İndi dünyanın dörd bir yanından Əlincəqalanı görmək üçün vaxt və maddiyyat sərf edib müqəddəs torpağa – Nuhun yurdu Naxçıvana gələn qonaqlar var. Sosial mediada Əlincəqalanı vəsf edən saysız-hesabsız videoçarxları, fotosessiyaları izləyən zaman onun əzəməti, möhtəşəmliyi ilə qürurlanırıq. Xarici turistlər isə çox vaxt buranı dünyaca məşhur Maçu Piçu ilə müqayisə edirlər. Amma bura, sözün həqiqi mənasında, dağ vüqarı, təkrarsızlığı, ucalığı, bərpa olunub yenidən həyata vəsiqə almağı ilə bizim Əlincəqaladır. Çünki onun zirvəsində xalqımın mətinliyi, igidliyi, qəhrəmanlığı, yadelliyə qarşı mübarizə əzmi yaşayır.
    Əlincə qalasını ötüb keçdikdən sonra Əlincəçay sədasını da duymaq mümkündür. Bu səs məni Qazançı kəndinə, oradan da bir neçə il bundan öncə təmir olunan Qazançı körpüsünə gətirib çıxarır. Möhtəşəm memarlıq abidəsi Əlincə çayına qucaq açıb. Üzüaşağı tələsən gur su daşlara dəyib qulaqbatıran zaman öz-özümə sual verirəm: kim bilir bu yerlərin – dağ-dərənin, Haçadağın, Əlincəqalanın, bir vaxtlar karvan yollarının keçdiyi Qazançı körpüsünün, tarixi Qazançı qalasının yaşını? Neçə-neçə nəsillər, əcdadlarımız üçün doğma od-ocaq, isti ana qucağı olub bu ellər. İndi bizə əmanətdir, biz qayğısını, sığalını çəkirik. 
    “Yolçu yolunda gərək”, – deyib Qazançıdan üzüyuxarı yol alıram. Təpələrin başına ilan kimi qıvrılan yol bəzi yerlərdə sərt döngələrlə əvəz olunur və bu, sürücüdən ustalıq, peşəkarlıq tələb edir. Milax kəndinin qonağıyıq. Milaxlılar Əlincəçay vadisinin ən zəhmətkeşi kimi tanınırlar. Gün çıxandan gün batana kimi nə zaman bu yol üstündən keçsən, onları iş başında – təsərrüfatla, əkin-biçinlə məşğul olan görərsən. Bəlkə də, elə məşhur Milax pomidorunun, xiyarının, lobyasının, almasının dadının təməlində bu insanların zəhməti, işə sevgisi dayanır. Bu tərəfin camaatı deyər ki, milaxlılar istər tərəvəz əkini sahələrini, istərsə də su arxlarını mil, yəni düz formada çəkərlər. Əlincəçay da kənd ərazisindən məhz bu formada axır. Ehtimala görə, bütün bunlar “Milax” sözünün etimologiyasında dayanan amillərdəndir. Kəndin qurtaracağında dayanıb şəhidlərimizin əziz xatirəsinə tikilmiş bulaq-abidədən bir parç su içməyi də unutmuram. Onu da deyim ki, yerli əhalinin təşəbbüsü ilə Ərəzindən başlamış Boyəhmədədək əksər kəndlərdə bu cür bulaq-abidələr inşa edilib. Bulaqlar bizim üçün şəhidlərimiz qədər əzizdir. Çünki hər su damlasında saltaqlı Amin Gülməmmədovun, qızılcalı Kənan Rzayevin, əbrəqunuslu Miryasin Seyidovun, kırnalı Ramazan Göydağlının, camaldınlı Şamil Babayevin, Vətən müharibəsində “Naxçıvan canavarı” kimi döyüş meydanında ad qoyan qazançılı Vəli Quliyevin, eləcə də Tarixi Zəfərdə şanlı imzası olan digər qəhrəman oğullarımızın xatirəsi, ruhu yaşayır. “Vətən sizə minnətdardır”, – deyib üz tuturam Ərəfsəyə.
    Bura Ərəfsədir. Naxçıvanda adı dillər əzbəri olan balı və cəvizi ilə tanınan kənd. Elə ki yaz ayları gəldi, nəinki Ərəfsədən, eləcə də aran kəndlərdən olan qonaq-qara bu yurdun dağında, dərəsində min bir dərdin dərmanı olan şəfalı otların axtarışına çıxır. Ata-babalarımız ta qədimdən məlhəm kimi iynə-dərman əvəzinə bu yurdun dağlarında bitən yarpız, kəklikotu, səhləb, qantəpər, solmazçiçək, çobanyastığı, aslan pəncəsi, çöl mixəyi, böyrəkotu, dağ zirəsi, gülxətmi kimi bitkilərdən istifadə ediblər. İndi Ərəfsədə çaşırın, çöl kəvərinin, baldırğanın, cacıq, çiriş özəyinin də əsl vaxtıdır. Ələyəz, əvəlik kimi bitkilər isə hörülərək qurudulub qış aylarına saxlanılır. Soyuq qışda bişirilən isti yeməklərə vurulan ələyəzin, əvəliyin dadından doymaq olmur. Mayın sonu, iyunun əvvəllərində mütləq siz də yolunuzu bu həndəvərdən salın. Əmin olun ki, təbiət öz səxavətini sizdən əsirgəməyəcək. Gedəndə heybəniz dolu, kefiniz kök ayrılacaqsınız bu ellərdən. Amma bir məsələdə də diqqətli olun ki, bu bitkiləri yığarkən qazma-kürəklə kökündən kəsib atmayın, təbiətə qənim kəsilməyin. Necə deyərlər, onların da dilini bilmək lazımdır. Hansısa dərman bitkisinin, göbələyin, çaşırın, baldırğanın dibinə balta vuranda gələn il sizi həmin yerdə yamyaşıl bitki yox, boz torpaq qarşılayacaq.
    Yaxınlaşmışam, çox yaxınlaşmışam. Elə ki Ərəfsəni keçib üzü Ləkətağa, Boyəhmədə yol aldın, Əlincəçayın nəğməsi də daha yaxından duyulur və ona bir köynək daha yaxın olursan. Əsrlərə şahidlik edən, bu gün tarixi görkəmi özünə qaytarılan Ləkətağ körpüsündən baxanda uzaqda başı qənd kimi ağaran dağlardan, o dağların ətəyində yerləşən çeşmələrdən qidalanır bu çay. Bu tərəflərin dağına, daşına, dərəsinə, çeşməsinə bələdçiliyi olanlar həvəslə danışır Əlincəçaydan. Bu qolda yerləşən kəndləri Əlincəçaysız təsəvvür etmək olarmı, İlahi? Sanki dünya binə olandan bəri Əlincəçay Boyəhmədin, Ləkətağın, Ərəfsənin, Milax və üzüaşağı yerləşən digər obaların nəqşi, bəzəyi, yaraşığı olub. Sarı çeşmə, Çətəndaş çeşməsi, Daşlı yurd çeşməsi, Qəcirdaş çeşməsi, Ağ suyun çeşməsi dağda qardaş, yolda yoldaş olub Ləkətağ çayına. Qanlıdərə çeşməsi, Şəkil çeşmə, Soyuq bulaq çeşməsi, Xəşələr bulağı, Göy dağın çeşmələri isə Boyəhməd istiqamətindən gələn Böyük çayı qidalandırır. Bu iki çay Ləkətağda bir-birinə qovuşur və Əlincə çayını əmələ gətirir. Bəlkə də, bu kəndlərin havasındakı təmizliyin, sərinliyin sirri də Əlincəçaydadır. Yay aylarında çeşmələrin suyundan içib Boyəhmədin Dəvəboynu, Tək arxac, Qaraçı yurdu, Ləkətağın Kola dərəsi, Qəmişli yurdu, Bərxudar dərəsi yaylaqlarında bəslənən qoyun-quzu yaxşı ət, süd verir. Bir neçə gün sonra yaylaq mövsümü başlayır və bu yerlər çobanların tütək səsi, bişirdikləri halal təndir çörəyinin ləziz ətri ilə yenidən canlanacaq. Böyük Məmməd Araz demiş:

        Bu minvalla çörək bişib,
        çoban çörəyi.
        Halaldı bu çörək!
        Baldı bu çörək!

    Böyük çayın və Ləkətağ çayının qovuşub Əlincəçayı yaratdığı yerdə dövlətin dəstəyi və ləkətağlı Dünyamalı kişinin təşəbbüsü ilə füsunkar bir turizm obyekti – “Dağ havası” ailəvi istirahət mərkəzi də salınıb. Bu ellər qonaqpərvərdir. Ləkətağın, Boyəhmədin geniş düzləri, dərələri, çay kənarları səxavətlidir, ona sarı gələn heç kəsə yad münasibət bəsləməz. Harada istəsəniz, qonaq ola bilərsiniz: Dünyamalı Hacıyevin yaratdığı istirahət mərkəzində, geniş təbiət qoynunda. Yetər ki, Naxçıvanı kəşf etmək üçün təşəbbüskar olaq. Bir gün özümüzə, ailəmizə vaxt ayıraq və Əlincəçayın zümzüməsi ilə bu tərəflərə yol alaq. Möhtəşəm təbiət gözəlinə – Əlincəçaya üz tutub deyirəm: – Səsin, ünün, şaqraq sədan heç vaxt Culfa torpağından, Naxçıvandan əskik olmasın. Aylar, illər ötüb keçsin, zaman dəyişsin, bircə sən olduğun kimi qal. Daim coş, çağla, kükrəyən nəğmənin eşqi ilə yola çıxıb sənin görüşünə gələnləri valeh et. Bənzərsiz, təkrarsız nəğməndən heç yerdə yoxdur. Həmkarımız, şair Qafar Qərib əbəs yerə səni belə mədh etmir:

    Dəmirlinin bulaqları qaynağın,
    Yenə coşub-çağlayırsan bu bahar.
    Səsin qulağımda nəğməyə dönür,
    Belə gözəl şərqi, söylə, harda var?

    P.S. Dəmirli yaylağına gedən yolun sol tərəfindəki təpələrin ətəyində qaynayıb çıxan mineral bulaqlar Naxçıvanın təbii sərvətlərindəndir. Ərazidəki mineral su quyusunun baxıma, diqqətə ehtiyacı var. İnanırıq ki, yaxın gələcəkdə bu təbii sərvətlərimizin də tibbi-bioloji əhəmiyyəti alimlərimiz tərəfindən araşdırılacaq, kütləvi istehsal olunmaqla əhalinin istifadəsinə veriləcək.

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

Nəşr edilib : 08.06.2022 19:21