AZ EN RU

Elin qəhrəman oğlu

Elçin İbrahimli

26.09.1997 – 19.09.2023

Elçin 1997-ci il sentyabrın 26-sı anadan olub. Uşaqlığı ürəyi istədiyi kimi keçməyib. Səkkiz yaşı olandan mənim atamın evində yaşamışıq. Elçinin dayısı da, mənim əmioğlum da hərbçi idi. Onlara baxıb deyirdi ki, mən də hərbçi olacağam. Sonra sənədlərini hərbi liseyə verdi.

Çox sakit, çox tərbiyəli, yerini bilən idi Elçin. Müəllimləri də deyirdilər ki, Elçin mədəni uşaqdır. Dərslərinə də ciddi yanaşır. Kursant yoldaşları da xətrini çox istəyirlər.
Heç vaxt mənim yanımdan əl çəkməzdi. Məktəbdən gələndə də aptekə, mənim iş yerimə gələrdi. Onda belə mənsiz qalmırdı. Gələn kimi deyirdi ki, ana, mənim başımı tumarla. Mən də sözünü yerə salmırdım.
Elçin 44 günlük Vətən müharibəsində iştirak etdi. Müharibə başlayanda  gecəynən getdi ki, mənim yoldaşlarımın hamısı şəhid olub.
2022-ci ildə sərhəd toqquşmasında da iştirak etdi. O qədər döyüşlərdən keçdi. 23 saat 43 dəqiqəlik antiterror əməliyyatı balamı məndən aldı.
Sonuncu danışığımız döyüşə girən günü oldu. Hər gün səhər mən yuxudan oyadırdım. Deyirdi ki, ay ana, hər gün saat 5-də, 6-da məni oyadarsan. Sentyabrın 17-si də yuxudan oyatdım, gedirdilər Ağdama. Hər gün danışırdıq. Həmin gün, yəni 19 sentyabrda, saat 10 olardı mənə şəkil atdı. Dedi ki, ana, başlayırıq. Soruşdum ki, əmr verildi? Cavab verdi ki, elə əmri gözləyirik. Dedim ki, zəng vurum? Yox, dedi, vurma, yanımda adam var. Dedim görüntülü yox, normal zəng vurum. Dedi ki, gözlə, mən görüntülü yığıram, amma səs eləmə. Zəng vurdu. Mən sakitcə ona baxdım. Gülüb dedi ki, narahat olma, hər şey yaxşı olacaq. Sonra yazdı ki, ana, əmr gəldi, başladıq. Şəkil çəkib atdı mənə. Sonra hey yazdım ki, nə xəbər? Ancaq heç bir xəbər çıxmadı. 
Sonra dedilər ki, şəhidlərimiz var. Mən tez əmioğlumu yığdım, əmioğlum heç nə demədi. Sonra qardaşım dedi ki, Elçindən xəbər var. Xəbər o oldu ki, Elçin Vətən oldu!

Nəşr edilib : 11.05.2024 16:23