AZ EN RU

Elin qəhrəman oğlu

    Şəhidlik bir insanın yüksələ biləcəyi ən böyük zirvə, ən ali məqam, Allahdan diləyə biləcəyi ən böyük arzudur. Məhz Allah üçün, haqq üçün savaşanlar, Vətəni, milləti, ailəsi, şərəfi, izzəti üçün canı, qanı bahasına mübarizə aparanlar o zirvəyə yüksəlirlər. Xalqımızın igid oğulları, qeyrətli qızları da zaman-zaman dövlətimizə, xalqımıza qarşı törədilən təcavüzlərin qarşısını almaq, azadlığımızı, müstəqilliyimizi qorumaq, ərazi bütövlüyümüzü təmin etmək üçün ölüm-dirim savaşına qalxmış və bir çoxu bu mübarizələrdə qəhrəmancasına şəhid olmuşdur. Torpaqlarımızın azadlığı, ədalətin bərqərar olması üçün canından keçərək şəhadətə yüksələn və həmişə bizim fəxrimiz, qürur mənbəyimiz olan o igidlərdən biri də Quliyev Vəli Kamal oğludur. 

    Vəli Quliyev 1997-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olmuşdu. 2003-cü ildə Qazançı kənd tam orta məktəbinin I sinfinə qəbul edilən Vəli 2009-cu ildən təhsilini Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə davam etdirmişdi. 2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuş, 2014-cü ildə həmin liseyi bitirərək Azərbaycan Ali Hərbi Məktəbinə qəbul edilmişdir. O, 2018-ci ildə ali hərbi təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən hərbi hissələrindən birində xidmətə başlamış, bir müddət sonra isə ön xətdə yerləşən başqa bir hərbi hissəyə göndərilmişdi. Bir il orada xidmət etdikdən sonra yenidən xidmətə başladığı hərbi hissəyə qaytarılan və orada taqım komandiri, bölük komandiri kimi vəzifələrdə xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Vəli Quliyev 2 ilə yaxın sərhəd bölgəsində xidmət etmişdi. Noyabrın 6-da Qubadlıda gedən qanlı döyüşlərdə isə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
    2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı başlatdığı növbəti təxribatın qarşısını almaq və torpaqlarımızı düşmən tapdağından xilas etmək məqsədilə başlayan və 44 gün sürən Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan Vəli torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün əlindən gələni edir, Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə əsl igidlik, vətənpərvərlik, fədakarlıq nümunəsi göstərir.
    Vəli Quliyev aparılan əməliyyatlar zamanı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Vətən uğrunda şəhid olan bu cür qəhrəmanlarımıza verilən ən yüksək qiymət isə onları daim xatırlamaq, onların xatirəsini yaşatmaqdır. Biz də bu məqsədlə şəhid Vəli Quliyevin evini ziyarət etdik, doğmaları ilə həmsöhbət olduq. Şəhidin atası Kamal dayıdan Vəlinin uşaqlığından, onunla bağlı xatirələrindən danışmasını xahiş etdik. Kamal dayının dediklərindən: 
    – Vəli uşaqlıqdan fərqli xarakteri, xoş xasiyyəti, tərbiyəsi, vətənpərvərliyi ilə daim seçilirdi. Vəlinin məktəbdə keçirilən tədbirlərdən çəkilmiş videoyazılarını tez-tez izləyirik. 
    Vəli həm də çox ünsiyyətcil, mehriban uşaq idi. Ona görə də məhəllənin bütün uşaqları Vəlini çox sevirdi. Biz Culfadan Naxçıvan şəhərinə köçüb gəlsək də, həmin uşaqlar Vəli ilə əlaqəni kəsmədilər. Hətta o uşaqlar Naxçıvana köçdüyümüz günün sabahı səhər açılanda artıq bizdə idilər. Vəlinin mehribanlığı ona sonsuz hörmət və sevgi qazandırmışdı. Onunla hərbi liseydə, Azərbaycan Ali Hərbi Məktəbində oxuyan uşaqların əksəriyyəti Vəli ilə dostluq edirdi. 
    Onu da deyim ki, Vəli kiminsə onun işinə irad bildirməsini heç vaxt qəbul etməzdi. Vəli məsuliyyəti, qayğıkeşliyi, mehribanlığı ilə yoldaşlarının da rəğbətini qazanmışdı. Hər dəfə Vəlidən söz düşəndə iş və döyüş yoldaşları xüsusi vurğulayırlar ki, o bizim təkcə iş yoldaşımız, döyüş yoldaşımız deyildi. O bizə dost, qardaş, bir sözlə, doğmalarımız qədər yaxın idi. Biz ondan heç vaxt incimədik, onun heç bir mənfi xüsusiyyətini görmədik. Bütün dostları onun xətrini çox istəyirdi. Hətta Saatlı rayonundan olan bir əsgəri övladına komandiri Vəlinin adını qoyub.
    Vəli xidmətə başlayanda onu Ağcabədi rayonunda yerləşən hərbi hissələrdən birinə göndərmişdilər. O, ərizə yazaraq düşmənlə sərhəddə olan bölgəyə köçürülməsini istədi və buna nail oldu. Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılan Vəli ürəyində düşmənə qarşı çox böyük kin bəsləyirdi. Müharibə zamanı ondan nigaran qalan qohumlara deyirdim ki, siz narahat olmayın, Vəlinin qəlbindəki intiqam hissi, düşmənə olan nifrəti ona daha da güc verəcək. 
    Vəli çox qürurlu idi. Hər dəfə döyüşdən, müharibədən söz açılanda deyirdi ki, mən özümü öldürərəm, ancaq düşmənə əsir düşmərəm. Döyüş yoldaşları deyir ki, Vəli əməliyyatlar zamanı şücaəti, fədakarlığı ilə əsl igidlik nümunəsi göstərdi, ayıq-sayıqlığı ilə dəfələrlə döyüş yoldaşlarının həyatını xilas etdi.
    Şəhidimizin anası Həqiqət xanım da söhbətə qoşulur. Deyir ki, Vəli ədəb-ərkanlı, mehriban, nikbin uşaq idi. O, evimizin işığı, sevinci idi. Vəli harada olsa, orada mütləq şən əhvali-ruhiyyə yaradardı.
    Vəli Vətəninə, millətinə, xalqına xeyirli övlad oldu. Canı, qanı bahasına torpaqlarımızın azadlığı uğrunda mübarizə apardı. Qazandığımız qələbəyə o da öz imzasını atdı. Şükürlər olsun ki, Vəlinin adı el-obamıza, xalqımıza zəfər yaşadan, başıucalıq gətirən igidlər sırasında oldu. Vəli Allahın ona verdiyi qısa ömrü şərəflə yaşadı, şərəflə başa vurdu, torpaqlarımızın azadlığı uğrunda canını fəda edərək əbədiyyətə qovuşdu. Mən də bir şəhid anası kimi hər dəfə Vəlinin adı çəkiləndə fəxr edirəm. Şəhid olmaq, şəhid valideyni olmaq hər kəsə nəsib olmur. Vəli şəhadəti ilə mənə bu böyük adı bəxş etdi. 
    Bu gün Həqiqət ana oğul dərdi kimi ağır bir yükü çiyinlərində daşısa da, məğrur dayanıb. Belə şəhid anaları bizi hər zaman qürurlandırıb. O, Vəli haqqında fəxrlə, qürurla danışır: 
    – Övlad itkisinə, onun ayrılığına, ağrı-acısına dözmək çox çətindir. Bu acının bir zərrəsini belə sözlə ifadə etmək mümkün deyil. Ancaq mən heç vaxt ağrı-acımı ətrafımdakı insanlara ötürmək, onlara bədbin əhvali-ruhiyyə vermək istəmirəm. Vəlinin ölümü adi bir ölüm deyil. Bu ölüm qəmi-kədəri, sevinci, qüruru, fəxarəti eyni anda yaşadan bir ayrılıq formasıdır. Şəhid olmaq Vəlinin ən böyük arzusu idi. Vəli arzusuna çatdı. Onun öz arzusuna çatması, eyni zamanda mənim də dualarımın qəbul olunması demək idi. Çünki mən dua edərkən Allahdan hər zaman övladımı ən uca zirvələrə, ən yüksək məqamlara yüksəltməsini istəyirdim. Elə də oldu, Allah səsimi eşitdi, balamı ən yüksək zirvəyə – şəhidlik mərtəbəsinə yüksəltdi. Vəli cismən bu dünyada olmasa da, ruhən mənimlədir. O məni darıxmağa qoymur: tez-tez yuxularıma gəlir, günün müəyyən vaxtına qədər sanki yanımda imiş kimi hənirtisini hiss edirəm. Allah dövlətimizi, xalqımızı qorusun. Xalqımız – Vətənimizin qayğıkeş insanları olmasaydı, bəlkə də, mən bu ayrılığın yükünü qaldıra bilməzdim. 44 günlük Vətən müharibəsi zamanı bir yumruqtək birləşib Ali Baş Komandanımızın, müzəffər Ordumuzun yanında olan xalqımız müharibədən sonra da bizim yanımızda oldu, bizləri tək qoymadı. İstər muxtar respublikamızdan, istərsə də ölkəmizin digər bölgələrindən, demək olar ki, hər gün qonaqlar gəlir, bizləri ziyarət edir, şəhidlərimizə necə dəyər verdiklərini göstərirlər. 
    Bəli, şəhidlərimiz bizim 28 ildir, sızlayan Qarabağ adlı yaramızı sarıdılar, Şuşa adlı dərdimizə dərman oldular, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam həsrətini sevinclə, şadlıqla, vüsalla əvəz etdilər. Bizə hədsiz sevinc, qürur, fəxarət hissi bəxş edən qəhrəman oğullarımız həm də Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdilər. İllərdir, çəkdiyimiz acıların, verdiyimiz şəhidlərin qisasını layiqincə alan igidlərimiz, nəhayət ki, Qarabağın köksündə yanan atəşi, odu söndürdülər. Bizə qələbə sevinci yaşadan şəhidlərimizi daim minnətdarlıqla, ehtiramla anmaq, onların xatirəsini yaşatmaq, hər şeydən əvvəl, bizim vətəndaşlıq borcumuzdur. Bizlər bu borcu heç vaxt unutmayacaq, onları qəlbimizdə əbədi yaşadacağıq. 

Qafar QƏRİB
Yeganə QULİYEVA

 

Nəşr edilib : 21.07.2023 21:27