AZ EN RU

Elimizin mərd oğlu

Elşən Əziz oğlu Məmmədov
21.04.1999-21.10.2020

Övladımla bağlı xatirələrim o qədərdir ki... Hansından başlayım, hansından bitirim, bilmirəm. Elşən uşaqlıqdan çalışqan və hazırcavab idi. Məktəbdə dərslərini yaxşı oxuyurdu. Sinif yoldaşlarından seçilirdi. Müəllimləri hey tərifləyirdi. Bir az böyüdükdən sonra dedi ki, ana, mən hərbçi olmaq istəyirəm. Hərb sahəsini sevirəm. Sözün açığı, çətin olduğu üçün bu sahəni məsləhət görmürdüm. Ali təhsil almasını istəyirdim. Ancaq Elşən israrla hərbini seçdi. Bizim xəbərimiz olmadı. Özü sənədlərini hazırlayıb təqdim etdi. Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyi oxudu. Ardınca da Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini tamamladı. Sonra Füzulidə yerləşən “N” hərbi hissəyə təyinat aldı. Hərbi xidmət dövründə hər dəfə danışanda deyirdi ki, inşallah, tezliklə torpaqlarımızı azad edəcəyik. Mən Qarabağı almayınca başqa yerə təyinat almaq istəmirəm. Arıq olsa da, qoçaq idi. Bir işin dalınca axıra qədər gedərdi. 

2020-ci ildə müharibə başlayan günlərdən döyüşlərə atıldı, canla-başla iştirak etdi. Ancaq ön cəbhədə olduğunu evdən gizlədirdi. Heç kimə demirdi. Axırıncı dəfə günorta saatlarında zəng eləmişdi. Danışığından hiss etdim ki, müharibənin qızğın yerindədi. Dedi ki, döyüş yoldaşlarımdan şəhid olanlar var. Onların qisasını mütləq almalıyam. Nə biləydim ki, övladımın səsini sonuncu dəfə eşidirəm. Çox ailəcanlı idi. Xidmətdə olan vaxtlar tez-tez evə zəng edirdi. Bacısını da çox istəyirdi. Müharibə vaxtı məndən çox bacısı ilə telefonda danışardı. Dost kimi idilər. Heç nəyi bir-birlərindən gizlətməzdilər. Öz qazancı ilə bacısına yeni telefon da almışdı. Qohum-qonşuya qarşı da fədakar idi. Uşaq yaşlarından xeyirdən-şərdən qalmazdı. Bacım, qardaşım, hər kəs deyirdi ki, fəxr elə ki belə oğul böyütmüsən. Bəli, bütün şəhid anaları kimi mən də övladımla qürur duyuram. Elşən təkcə mənim deyil, bütün Azərbaycanın mərd oğludur. Müharibə iştirakçıları, qazilər bizi ziyarətə gəlirlər, Elşənlə bağlı xatirələrini bölüşürlər. Sağ qayıtmağına həyətimizdəki bütün qoyunları qurban demişdim... Qismət, onu yenidən görmək nəsib olmadı. Vətən sağ olsun! 

Nəşr edilib : 27.06.2024 15:51