AZ EN RU

Elimizə Novruz gəlib yaz gəlib, ruha qida, qəlbə şəfqət, bahar gəlib, saz gəlib - FOTOLAR

Yurdumuza qədəm qoyan Novruz, qədimdən bu günə qədər xalqımızın milli-mənəvi dəyərlərini qoruyaraq sevilib-seçilən və bütün türk dünyasında qeyd olunan bir bayramdır. Bizə doğma olan Novruz Bayramı baharın müjdəçisidir. Bu bayramda təbiətin oyanmasını, torpağın canlanmasını insanlar böyük coşğu ilə qeyd edir, təbiətdə gedən bütün bu müsbət proseslər ürəklərə xoş ab-hava bəxş edir. Bir sözlə, insanlar yeni ilə, yeni bahara böyük ümidlər bağlayaraq, arzularının, diləklərinin gerçekləşməsini istəyirlər. Elə bu mənada  ölkəmizdə ümumxalq bayramı kimi qeyd etdiyimiz Novruz bayramı muxtar respublikamızda da böyük təntənə ilə qeyd olunur. Şəhərimizin tarixi məkanlarından biri sayılan “Əcəmi” Seyrangahında keçirilən tədbirlə tanış olmaq, iştirakçılarla səmimi söhbətlər etmək üçün biz də həmin məkana üz tutduq. 


 İlk həmsöhbətimiz Naxçıvan şəhər sakini Ramilə Qurbanova bayramla bağlı xoş sözlərinə dilə gətirərək dedi: “Novruz bizim ən gözəl, çox qədim bayramlarımızdandır.

Uşaqlıqdan bu bayramın necə sevgi və təntənə ilə qeyd olunduğuna şahid olmuşuq. İndi biz də öz övladlarımıza bu adət-ənənələrini aşılamalıyıq ki, unudulmasın və beləcə uzun illər xalqımız eyni təntənə ilə bu bayramı qeyd etsin. Bu gün övladlarımla birgə Novruz şənliyinin keçirildiyi “Əcəmi” Seyrəngahındayam.

Dövlətimiz tərəfindən bayram üçün lazım olacaq bütün personajlar, atributlar, bir sözlə hər şey incə və dəqiq düşünülərək hazırlanıb. Az öncə qeyd etdiyim kimi, məhz bu cür tədbirlər uşaqlarımız və gənc nəsil üçün ən gözəl əyani örnəkdir. Kosa və Keçəlin deyişmələrindən tutmuş, Bahar qızın xoş avazı ilə şeirlər söyləməsinə qədər hər şey – folklorumuz, elimizin gözəl adətləri burada öz əksini tapıb. Mənəvi istirahət üçün möhtəşəm fürsətdir. Bütün həmvətənlərimiz bura gəlib, bu gözəlliyə şahid olmalarını tövsiyə edirəm.”
Bayram münasibətilə yaxın qohumlarını ziyarətə gələn Bakı şəhər sakini Zenfira Hüseynovanın bizimlə söhbətindən: - İllər sonra Naxçıvana, bu qədim yurd yerinə doğmalarımı, yaxınlarımı görmək üçün gəlmişəm və onlarla birlikdə şəhərin ən gözəl məkanında keçirilən bayram şənliyinə qatılmışam. Bir məqamı xüsusilə qeyd edim ki,  Azərbaycanın tarixi-memarlıq abidəsi olan Möminə Xatın türbəsinin ətrafında xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramının qeyd olunması xüsusi gözəliyi ilə seçilir. Bununla belə, həmişəkindən fərqli olaraq Novruz bayramını muxtar respublikada qarşılamağım mənim üçün çox qürurverici və yaddaqalan oldu. Müsahibimiz qeyd etdi ki, qeyd olunan bayram tədbrində diqqətimi çəkən xüsusi məqamlardan biridə canlı və milli musiqilərimiz səsləndirilməsi idi. Belə ki, milli musiqilərin ifası insanlara əsl bayram ab-havası bəxş edirdi. Ətrafda Novruzun simvolu olan səməni, al-əlvan rənglərlə boyadılmış bayram yumurtaları, fərqli çeşitdə şirniyyatlar, kosa və keçəllə keçirilən müxtəlif növ oyunlar əsl bayram ovqatı yaşatdı bizlərə. 
Müsahibimiz söhbətinə belə davam edir: - Çox sevindirici haldır ki, milli-mənəvi dəyərlərimizin bu qədim diyarda hələ də yaşadılır və Novruz bayramı böyük təntənə ilə qeyd olunur. Naxçıvana bu dəfəki səfərimdə, elə Novruz Bayramı ərəfəsində Ordubad rayonuna da getmək isdəyirəm. Eşitmişəm ki, Novruz adət-ənənələri Ordubadda tamam fərqli ab-havada qeyd olunur. Bakıdan fərqli olaraq Naxçıvanda insanlar Novruza xüsusi olaraq hazırlaşırlar sanki. Böyük ümidlə, inamla bu bayramın gəlməyini gözləyirlər. Hesab edirəm ki, hər kəs ömründə bir dəfə də olsa bu bayramı muxtar respublikada qarşılamalı və buradakı gözəliklərlə tanış olmalıdır. Mən də fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edirəm və hər kəsə cansağlığı, xoşbəxt ailə səadəti arzulayıram.
Naxçıvan Dövlət Universitetinin I kurs tələbəsi, Tərtər rayon sakini Səbinə Quliyeva  bayram tədbirində iştirak edən sosial könüllü gənclərdəndir. O da bayram təəssüratlarını bizimlə bölüşdü: - İlk dəfədir ki, Naxçıvanda keçirilən Novruz şənliyində iştirak edirəm. Şənlik müddətində Novruzun qədim adət-ənənələrinə yaxından bələd oluram, bununla belə şəhər sakinləri ilə söhbət etmək, onlarla xoş rəftar etmək də insana tamam başqa xoş duyğular aşılayır. Müsahibimiz deyir ki, şənlikdə yeni insanlar tanımaq, Naxçıvana məxsus bir neçə fərqli adət-ənənələri öyrənmək ona zövq verir. Xalqımızın qədim köklərə məxsus adət-ənənəsi, həyat haqqında düşüncələri burada, Naxçıvanda tamam fərqli və maraqlı şəkildə qeyd olunur. İnsanların səmimi münasibəti, bir-biri ilə qonaqpərvər rəftarı bizə yadlıq, özgəlik hiss etdirmir. Nə yaxşı ki, bu il milli bayramımızı Naxçıvanda qeyd etdik, -  deyirik. 
Tədbirdə iştirak edənlər arasında Sədərək rayon sakini, təsərrüfatçı Nazirə Əliyeva bizimlə söhbət zamanı dedi: - Hər il olduğu kimi bu ilə də Novruz bayramı ərəfəsində öz zəhmətimizlə hazırladığımız 50 çeşid məhsulu satışa çıxarmışıq. Məhsullarımız içərisində dadlı şirniyyatlar, bal, ev yağı və digər təbii məhsullar var. Qiymətlərin münasib olması alıcılar tərəfindən müsbət qarşılanır. Nazirə xanım vurğuladı ki, burada hazırlanan yerli məhsullar tədbirdə iştirak edən xarici qonaqların daha çox diqqətini çəkir. Hətta onlar bəyəndikləri məhsullardan alaraq digər regionlardakı yaxınlarına belə göndərirlər. Xüsusilə Sədərk balı, qaymağına onlar daha çox maraq göstərir. Novruzun bəxş etdiyi bütün gözəlliklər bizim və burada iştirak edən hər kəsin simasında xoş təbəssüm, bayranm ovaqtaı yaradır. Son olaraq onu da deyim ki, muxtar diyarımızda keçirilən belə bayram tədbiri milli dəyərlərimizin qorunub-ayaşadılması baxımından çox böyük əhəmiyyətə malikdir. 
Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi ali dəyərlinə, folklor nümunələrinə sirayət etmiş milli bayramlarımızdandır. Yüz illər boyu xalqımızın sənətkarları Novruz bayramı haqqında əsərlər yazmış, mahnılar bəstələmiş, filmlər çəkmişlər. Böyük şairlərimizdən Molla Pənah Vaqifin, Məhəmmədhüseyn Şəhriyarın, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın  Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarların müxtəlif mahnıları bu gün də dillər əzbəridir. Həmçinin də, “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib Novruz haqqında. Bir sözlə, xalqımız bu bayrama böyük ehtiram göstərib, adət-ənənələri yaşatmaq üçün, sözün əsl mənasında birlik, bərabərlik nümayiş etdiriblər. Qoy bu bayram xalqımıza əmin-amanlıq, xoşbəxtlik, firəvalıq gətirsin. Süfrələrimizdən bolluq-bərəkət heç zaman əskik olmasın. Bayramınız mübarək olsun, əziz xalqımız. 

Bülbül QULİYEVA
Aysel YUSİFZADƏ

Nəşr edilib : 21.03.2023 14:29