AZ EN RU

Elimizə Novruz gəlib, yaz gəlib, ruha qida, qəlbə şəfqət bahar gəlib, saz gəlib

Xoş müjdəli, yaz ətirli Novruz bayramından bahar təravətli söhbətlər

    Qədəmləri ilə yurdumuza xoşbəxtlik, başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu gətirən, eyni zamanda sülhə və firavan həyata, insanlara sevgi bəsləməyə səsləyən əvəzsiz bahar bayramımızdır Novruz... Gur tonqallarıyla gözoxşayan, könül titrədən, noğul-nabatlı xonçaları, yamyaşıl səmənisi, mübarək niyyətləri, tumurcuq diləkləri ilə, bir sözlə, toy-bayram büsatı ilə qədəm qoydu yurdumuza builki Novruz. Bütün Türk dünyasında qeyd olunan Novruzda insanlar gələcəyə, arzularının, diləklərinin gerçəkləşəcəyinə böyük ümidlər bəsləyirlər.

    Ana Vətənimizin hər yerində olduğu kimi, qədim diyarımız Naxçıvanda da bu Novruzda əsl bayram əhvali-ruhiyyəsi, sevinci yaşandı. Tarixin o üzündən boylanan, dünyanın bəzəyi Naxçıvan şəhərinin köksündə ucalıb türk qadınının əsalətini, böyüklüyünü əsrlərdən bu günümüzə daşıyan Möminə xatın türbəsinin ətrafında – Əcəmi yadigarı tarixi seyrəngahda elimizin qədim bayramı Novruz böyük coşqu ilə qeyd olundu. 
    19-26 mart tarixlərdə ilk dəfə təşkil edilən möhtəşəm “Novruz şəhərciyi”ndəki bayram coşqusunu qəzetimizin çoxsaylı oxucuları ilə bölüşmək üçün bir neçə gün tədbirdə iştirak edib, qələbəliyə qeyri-adi sevinc, fərəh, ümid dolu bayram ab-havasına şahidlik etdik. 
    Möminə xatın türbəsinin ətrafında bəzədilən, qədim türk ənənələrini özündə əks etdirən Novruzun bərəkət ağacı da buraya üz tutan qonaqların diqqətini cəlb etdi. Qədimdə hələ çiçək açmamış, oyanmamış ağaclar müxtəlif bəzəkli bezlər, şirniyyatlarla bəzədilər, gələn ilin ruzili-bərəkətli olması arzu edilərdi. Bu il ilk dəfə Naxçıvanda “Novruz şəhərciyi”ndə bu milli adətimiz nümayiş olundu. Burada iştirak edən şirkətlər də müxtəlif ağacları öz məhsulları ilə bəzəmişdi. Milli personajlarımızın, folklor nümunələrimizin, canlı musiqilərin gün boyunca səslənişi, açıq səma altında kinofilmlərin, uşaq tamaşalarının nümayişi, şən klounların balacalara bəxş etdiyi gülüşlər hər kəsi heyran edən milli təamlarımız hər bir şənlik iştirakçısını bayram ovqatına kökləyir, insanların simasındakı gülüş, Novruz sevinci kənardan sezilirdi. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Naxçıvan Dövlət Uşaq və Kukla teatrları digər mədəniyyət kollektivləri öz çıxışları ilə valeh edirdi. Şənliyə üz tutanlar arasında bu bayram sevincini yaşamağa ən çox mənəvi haqqı olan şəhid ailələrimiz, qazilərimiz, Vətən müharibəsi iştirakçıları, eləcə də yerli sakinlərlə yanaşı, ölkəmizin başqa şəhər və rayonlarından gələnlər, hətta əcnəbi qonaqlar da var idi. Bayram arzularını öyrənmək üçün onlarla həmsöhbət olmağa çalışdıq.

    İlk müsahibimiz 44 günlük Vətən müharibəsinin canlı əfsanələrindən olan Şahbuz rayon sakini, qazimiz Mirkənan Kərimovdur. O, balaca qızı ilə şənliyə gəlmişdi. Onun gözlərindəki qeyri-adi sevinc, xoşbəxtlik işıltısı istər-istəməz ətrafdakılara da sirayət edirdi. Həmsöhbətim 30 il həsrətini çəkdiyimiz, işğaldan azad olunmuş torpaqlarımızdan danışır, Novruzu Zəfər məğrurluğu ilə qeyd etdiyimizi xüsusi vurğulayırdı. Qazimiz söhbət əsnasında döyüşlər zamanı Vətən uğrunda şəhid düşmüş yoldaşlarından da söz açdı. O “Biz bu bayramı bu cür ürək açıqlığı ilə qeyd ediriksə, şəhidlərimizə və gözü yolda qalmış ailələrinə borcluyuq”, –  dedi. O, ətrafımıza toplaşan insanlara xoş arzularını bildirdi, “Biz xalqımız hər zaman belə şən bayram əhvali-ruhiyyəsində olsun deyə qanımız, canımız bahasına Böyük Zəfərə imza atmışıq”, – dedi.
    Naxçıvan şəhər sakini, 44 günlük Vətən müharibəsi şəhidimiz Elşən Orucovun qızı Aygün balamız anası və balaca bacısı ilə birgə gəlmişdi bayram şənliyinə. Seyrəngaha daxil olarkən onları tanıyan hər kəsin böyük sevgi ilə qarşıladığını, hətta hədiyyələr də verdiklərini söylədi. Atasının yoxluğu onları üzsə də, onun adı ilə fəxr etdiklərini, bir qəhrəmanın qızları olmaqdan qürur duyduqlarını dilə gətirdi. 
   Digər müsahiblərimiz Bakı şəhərindən Sədərək rayonunda hərbi xidmətdə olan övladlarını görməyə gəliblər. Əsgər atası Yusif Əliyev dedi: – Naxçıvanın yeri daim fərqli olub Azərbaycanın tarixində. Bu diyarın adı çəkiləndə daim qəhrəman bir yurd canlanıb gözümüzdə. Oğlumuzun burada həqiqi xidmət edəcəyini eşidəndə çox sevindim. Artıq altı aydır ki, oğlum düşmənlə üz-üzə Vətəni qoruyur. Qürur duyuram ki, o, Ulu Öndərin doğulduğu torpaqda öz şərəfli borcunu yerinə yetirir. Novruz bayramı münasibətilə ikigünlük məzuniyyət verildiyini öyrənəndə ailəlikcə Naxçıvana gəldik. Şəhəri gəzib-dolaşdıqca insan qədimliyin və müasirliyin vəhdətindən zövq alır. Novruz şənliyinin təşkili çox gözəldir. Böyük bir ərazini əhatə edən şənlikdə açıq səma altında film izlədik. Axşam İlqar Muradovun mahnılarını dinlədik. İsti göyərti kətəsi yedik, bu qədim diyarın şirniyyatlarından daddıq. Köz üzərində qoyulmuş sacda bişən lavaşla Naxçıvan pendirinin dadı damağımızda qaldı. Hər şey – folklorumuz, elimizin gözəl adətləri burada öz əksini tapıb. Mənəvi istirahət üçün möhtəşəm fürsətdir. Bütün həmvətənlərimizə bura gəlib, bu gözəlliyə şahid olmalarını tövsiyə edirəm.
    “Əcəmi seyrəngahı”nı bir az gəzib dolanmışdıq ki, qarşımıza Vətən keşikçilərimiz çıxdı. Hərbi xidmətlərində fərqlənən bu gənc­lərimizə bayramı ailələri ilə birgə keçirmələri üçün bir neçə günlüyə məzuniyyət verilmişdi. Öyrəndik ki, Naxçıvanda hərbi xidmətdə olan Fariz Əzimov Bakı şəhərindəndir. İlk dəfə idi, bayramı anası ilə birgə Naxçıvan şəhərində qeyd edirdilər. Bizimlə bayram təbriklərini bölüşərkən dedi: “Nə qədər ki biz Vətən keşikçiləri varıq, xalqımız hər zaman bayramlarımızı ənənəvi qaydada, təntənə ilə qeyd edəcək”. Əsgərimiz başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla xalqımızı milli bayramımız münasibətilə ürəkdən təbrik edib, xoş arzularını bölüşdü.
    Bayram münasibətilə yaxın qohumlarını ziyarətə gələn Bakı şəhər sakini Zenfira Hüseynova dedi: – Sevindirici haldır ki, milli-mənəvi dəyərlərimiz bu qədim diyarda hələ də öz möhtəşəmliyi ilə yaşadılır və böyük təntənə ilə qeyd olunur. Hesab edirəm ki, hər kəs ömründə bir dəfə də olsa, bu bayramı muxtar respublikada qarşılamalı və buradakı gözəlliklərlə tanış olmalıdır.

    Digər bir müsahibimiz, qədim yurdumuza qardaş Türkiyədən qonaq gələn Aydın Akpınar ixtisasca tarixçidir. O, 11 yaşlı qızını Duzdağ Fizioterapiya Mərkəzinə müalicəyə gətirib. Fürsətdən istifadə edib övladını şəhəri də gəzdirdiyini dedi: – Qədim və əsrarəngiz, tarixi bir yerdə baş tutan el bayramına gələnlər Novruz adət-ənənələri ilə tanış olmaqla bərabər, qədim sənət incisinin də tamaşaçısı olur. Burada yerləşən Xan sarayı, Möminə xatın türbəsi, Açıq Səma Altında Muzeyi seyr etdik, bir sözlə, möhtəşəmdir. Azərbaycan bizim qanımızdır, canımızdan bir parçadır, belə gözəl bir yaz günündə burada olmaq, insanların gülən üzlərini seyr etmək çox sevindiricidir. Bu bahar Türk dünyasına sevinc və xoşbəxtlik gətirsin.

    Türkiyə vətəndaşı olan, əslən azərbaycanlı xanım Sevinc Akın 25 ildir ki, Türkiyədə yaşadığını və bayram ərəfələrində ürəyinin bura üçün döyündüyünü, Naxçıvanda, böyüyüb boya-başa çatdığı yerdə olmanın sevincini yaşadığını söylədi: – Aradan uzun illər keçsə də, adət-ənənələrimizin bu ulu diyarda olduğu kimi qorunub yaşadılması qürurvericidir. Uşaqlığımdakı sevinc və həyəcanı eynilə yenidən yaşadım. Builki bayramı unutmayacağam. Tədbir zamanı Kosa və Keçəlin deyişmələri, Bahar qızın xoş avazı, şeir söyləyən balacalarımız Novruz şənliyini sevinc sədaları ilə daha da coşdururdu.
    Novruz bayramı özündə həm də mənəvi dəyərlərimizi cəmləyir. Bunlardan biri də böyüyə-kiçiyə hörmət, yardımlaşmalardır. Günlərdir, diqqətimizi çəkən məqamlardan biri də bayram şənliyində hər kəsin rəğbətini qazanmış könüllülər oldu. Könüllü xidmətləriylə yanaşı, onların çalıb-oynamaqları, uşaqların sevincinə sevinc qatmaları bayramı daha da rəngarəng edirdi. Onlarla həmsöhbət olub, bayram arzularını dinlədik. Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin II kurs tələbəsi, Gəncə şəhərindən olan Eldar Əliyev, İqtisadiyyat və idarəetmə fakültəsinin ikinci kurs tələbəsi Aygün Yusifova bildirdilər ki, tədbir başlayandan könüllü gənclərlə bərabər, şəhərcikdəki bayram tədbirinə gələn xarici qonaqlara mənalı istirahət etməkdə dəstək olurlar. Bununla bərabər istehsal müəssisələrinin də stendlərində köməyə ehtiyac yarandıqda yardım edirlər. Bir sözlə, şəhərcikdə həm əyləncəli, həm də faydalı vaxt keçirirlər. Könüllü gənclərimizdən Naxçıvan Dövlət Universitetinin I kurs tələbəsi, Tərtər rayon sakini Səbinə Quliyeva Naxçıvanda Novruzun qədim adət-ənənələrinə yaxından bələd olduğunu da söylədi. Görünən o idi ki, könüllülük bu gənclərimizə xüsusi zövq verir. Çünki onlara tapşırılan işləri xüsusi bir zövqlə, pozitiv enerji ilə yerinə yetirir, şənliyə gələn hər kəsdə məmnunluq hissi yaradırdılar. 
    Səhər saatlarından başlanıb və axşamadək davam edən 8 günlük tədbirdə muxtar respublikanın sakinlərinə ailə təsərrüfatları və müxtəlif istehsal müəssisələri tərəfindən iaşə xidmətləri də göstərilirdi. Milli mətbəximizin xoş təamlarından hər kəs ağız ləzzəti ilə dadmaq istəyirdi. Bir-birindən gözəl, dadlı, həm də münasib qiymətə satılan şirniyyatlar turistləri buraya cəlb edirdi. Ailə təsərrüfatçısı Mailə Bağırova bildirdi ki, bayram tədbirinə 15 çeşiddə məhsul gətirib ki, bunlardan şəkərbura, qoğal, paxlava, badambura, tort və bir çox Novruz şirniyyatları sakinlər tərəfindən daha çox alınır.
      Sədərək rayon sakini, ailə təsərrüfatçısı Nazirə Əliyevanın bayram ərəfəsində hazırladığı 50 çeşid məhsul içərisində dadlı şirniyyatlar, bal, ev yağı və digər təbii məhsullar var idi. Qiymətlərin münasib olması alıcılar tərəfindən müsbət qarşılanırdı. Şərur rayon Zeyvə kənd sakini, ailə təsərrüfatçısı Günay Qasımova bayram şirniyyatlarını, kətələri satışa çıxarıb. Onun sözlərinə görə artıq üç ilə yaxındır ki, bu işlə məşğuldur. Yaradılan şəraitdən istifadə edib həm ailə büdcəsini gücləndirir, həm də məşğulluğunu təmin edir. Bu il təşkil olunan bayram şənliyinə diqqət daha çoxdur. Havanın mülayim keçməsi və təşkilatçılar tərəfindən müxtəlif əyləncələrin təşkil olunması insanların buraya olan həvəsini daha da artırır. Ailə təsərrüfatçıları ilə söhbətimiz zamanı vurğuladılar ki, burada hazırlanan yerli məhsullar tədbirdə iştirak edən xarici qonaqların daha çox diqqətini çəkir. 
    “Novruz şəhərciyi”ndə təşkilatçı şirkət “Element VS”-in təsisçilərindən olan Adəm Yunisovla həmsöhbət olduq. O bildirdi ki, 19-26 mart tarixlərdə saat 1000-dan 2200-a qədər davam edən tədbirlərdə əhalinin mədəni istirahəti, bayram sevinci yaşaması üçün bütün təşkilati işlər səy və bacarıqla görülüb. Novruz küçəsi və Novruz bazarından ibarət şəhərcik mədəni-kütləvi tədbirlərlə yanaşı, Novruz şirniyyatlarından milli təamlara, milli suvenirlərdən Naxçıvan istehsalı məhsullara, kənd təsərrüfatı məhsullarından fast foodlara və muxtar respublikada fəaliyyət göstərən brend məhsullarının satışına, ümumi yarmarkaya qədər alış-verişə aid hər şeyi özündə birləşdirirdi.
     “Novruz şəhərciyi”ndə möhtəşəm konsert proqramları isə bayram iştirakçılarının xüsusilə ürəyincə oldu, bayrama əsl coşqu qatdı. Azərbaycan Respublikasının Xalq artisti İlqar Muradov, həmçinin Eldar Qasımov, Tofiq Hacıyev, Ceyhun Ares, Hiss öz mahnıları ilə sakinlərin zövqünü oxşadı. Novruz bayramı çərçivəsində Naxçıvan Rəssamlar Birliyinin Gənc Rəssamlar Bölməsi üzvlərinin “Novruz gəldi, yaz gəldi” adlı sərgi müsabiqəsi keçirildi. Çəkilən əsərlərin satışından əldə olunan vəsait “Yaşat” fonduna ianə ediləcək. Müsabiqə qalibləri mükafatlandırılıblar. Bundan başqa “Novruz şəhərciyi”ndə qədim türk ənənəsi olan Novruz bərəkət ağacı bəzəyən şirkətlər də mükafatlandırıldılar.  
    2011-ci ildə Avroviziya mahnı müsabiqəsində qalib olub, Azərbaycan bayrağını yüksəklərə qaldıran Eldar Qasımov öz gözəl mahnıları, gözəl səsi ilə qonaqlara xoş dəqiqələr yaşatdı. Tanınmış müğənni ilə söhbət zamanı dedi ki, ilk dəfə Naxçıvana 10 il bundan öncə gəlib: – Ötən günlərdə burada keçiriləcək Novruz bayramında iştirak etməyə təklif alanda çox sevindim ki, bu qədim diyarı yenə görmək imkanı yarandı. Təyyarə Naxçıvan hava limanına eniş edəndə ilk diqqətimi çəkən təmizlik və sakitlik oldu. Ən əsası isə hava çox gözəldir. Günəşi və istini çox sevirəm, bunu Naxçıvanda gördüm. Axşamkı konsert proqramı da əla keçdi. İnsanların musiqiyə olan hörmətini, sevgi və heyranlığını görmək sevindirici idi. Konsert proqramı bitəndən sonra gənclərin şəxsi sosial şəbəkə səhifəmdə mənə yazdıqları səmimi ifadələr qürurverici idi. 
    “Novruz şəhərciyi”ndə ifa etdiyi xoş mahnılarla tamaşaçıların rəğbətini qazanan Tofiq Hacıyev ilə konsert proqramı sonrası həmsöhbət olduq. O dedi ki, buraya ilk dəfə gəlsə də, insanlarımızın səmimiliyi ona bu yurdu sevdirib. Səhnəyə çıxıb ilk mahnıları ifa edəndən tamaşaçı coşqusu ilə qarşılaşdığını deyən Tofiq Hacıyev onu da vurğuladı ki, belə bir əziz bayramda, dahi rəhbərin 100 illik yubileyi ərəfəsində burada, Ulu Öndərin yurdunda olmaq hər bir mədəniyyət xadimi üçün qürurvericidir. Naxçıvan Vətənimizin bir parçası, ayrılmaz tərkib hissəsidir. Vaxtımız az olduğu üçün bu gözəl diyarı doyunca gəzə bilməsək də, yolüstü dini ibadətgahımız olan Əshabi-kəhfi ziyarət etməyi düşünürük. 

    Novruz bayramı xalqımızın əsrlərboyu qeyd etdiyi milli bayramlarımızdandır. Xalqımız totalitar sovet rejimi dövründə belə hər cür məhdudiyyətlərə, qadağa və təqiblərə rəğmən bu bayrama böyük ehtiram göstərib, adət-ənənələri yaşatmaq üçün, sözün əsl mənasında, birlik, bərabərlik nümayiş etdirib. Hər bahar gələrkən torpaqda canlanma yarandığı kimi, xalqımızın arzu-ümidlərinə də inam və coşqu hakim kəsilir. Builki “Novruz şəhərciyi”ndəki bayram təntənəsi naxçıvanlılara əsl bayram sevinci yaşatdı, mənəvi zövq və istirahət bəxş etdi, insanlarda bahar sevgisi ilə qurub-yaratmaq əzmini daha da gücləndirdi. Bütün bunların əsasında isə qalibiyyət məğrurluğu, inkişaf, tərəqqi əzmkarlığı durur. Qoy bu bayram xalqımıza əmin-amanlıq, xoşbəxtlik, firavanlıq gətirsin. Süfrələrimizdən bolluq-bərəkət heç zaman əskik olmasın. Bütöv Azərbaycanımızın başı üstündə dalğalanan üçrəngli bayrağımız daima yüksəklərdə olsun! 

Ramiyyə ƏKBƏROVA 
Bülbül QULİYEVA
Aysel YUSİFZADƏ
Aidə İBRAHİMOVA    
Sürəyya QƏDİMƏLİYEVA

Nəşr edilib : 27.03.2023 21:10