AZ EN RU

Elimizə bahar gələndə

Soyuq qışın ardından ilıq nəfəsi ilə isidir, gəlişi ilə təbiət oyanır, canlanır. Ağaclar çiçək açır, quşların nəğmələri ruhumuzu oxşayır. Həyatımıza yeni ahəng qatılır... 
Günəş sabah erkəndən dağların arxasından boylanır, işığını ətrafa səpələdikcə çəmənlər, düzlər yaşıllaşır, güllər-çiçəklər torpaqdan baş qaldırır, ətraf əlvan rənglərə boyanır. Dağlar bəyaz libasını atır, günəşin qızılı şüalarının isitdiyi zərif, xoşətirli novruzgülü, bənövşə, nərgiz, lalə hər yeri gözəlləşdirir. Hara baxsan gözümüzə, könlümüzə xitab edən bağçaların bu zərifyarpaqlı, incəsaplaqlı, xoşətirli çiçəklərinin, çəmənlərin otunun, dağ və dərələrdə bitən min bir dərdin dərmanı olan bitkilərin ətrini duyursan. Uşaqlar, gənclər üz tuturlar bənövşə ətirli bağçalara, dəstə-dəstə toplayıb öz sevdiklərinə hədiyyə edirlər. Gecələr səmada ətrafı işıqlandıran Ay da səni müjdələyir, gözəl bahar. Dağların başındakı, dərələrin yamacındakı qarları əridib çaylara qatırsan. Sulu çaylar, çağlayan bulaqlar xoş zümzüməsi ilə ətrafda xoş aura yaradır. İnsanların əhvali-ruhiyyəsinə nikbinlik gəlir, dodaqlara təbəssüm qonur. Canlı təbiətin bir parçası olan bəzi heyvanlar da qış yuxusundan ayılır, uzaq diyarlara köç etmiş quşlar geri dönürlər. Hər səhər ağac budaqlarında, evlərin damında, eyvanlarda qərar tutan quşların cəh-cəhinin, nəğməsinin səsinə oyanmaq necə də xoşdur. 
Analarımız, nənələrimiz torpaqdan boy göstərən quşəppəyi, qaz­ayağı, cincilim, gicitkən, yemlik, yarpız toplayıb kətə bişirirlər. Onların müxtəlif göyərtilərdən hazırladıqları dadlı, vitaminlərlə zəngin yeməklər damaq zövqümüzü oxşayır. Təbiətin canlanması ilə birlikdə təbii sərvətimiz, insanların əsas məşğuliyyət sahəsi olan torpaq da əzizlənir, əkin mövsümü başlanır. Bahar həm də gələcək məhsul bolluğunun xəbərçisi kimi həyatımızda mühüm rol oynayır. 
Təbiətin, həyatın oyanması məhz elə Novruzdan – “yeni gün”dən başlanır. Xalqımızın 70 illik imperiya “caynağı”ndan qopararaq xilas etdiyi milli dəyərlərimiz, ənənələrimiz üzərində ucalan bayramımızı xalqımız sevinclə qeyd edir. Bu gündən sonra yazın ətri tamamilə duyulur. 
Yurdumuza, təbiətimizə xoş gəlir bahar. Biz isə ən əsası, ömrümüzün baharını qoruyaq. Qoruyaq ki, Vətənimiz də həmişə bahar təravətli, bahar ovqatlı olsun!
Ordubad rayonunda və Babək rayonunun Zeynəddin kəndində təmtəraqla qarşılanan Novruzun fotolarını təqdim edirik.

                   Güntac ŞAHMƏMMƏDLİ
                Foto: Zülfüqar QURBANLI

Nəşr edilib : 23.03.2024 12:12