AZ EN RU

Elimin Qələbə simvolu, Şuşamın azadlıq rəmzi

    Soruşmayın mən kiməm? Mən sevdiyimi əsgər qiyafəsində qucaqlamaq istərkən, onu 3 rəngdən ibarət şanlı bayrağıma bükülmüş görənlərdənəm. Tabutuna sarılıb təsəlli tapanlardan, xəyalını, arzusunu sevdiyi ilə birgə torpağa dəfn edənlərdənəm. Mənim də bütün şəhid ailələri kimi başım uca, köksüm yaralı, gözüm qəmlidir. Mənim adım xarıbülbüldür, uzun illər namərd düşmənin ayağı altında tapdalanmaqdan qurtarmış, doğma məmləkətim Şuşanın azadlıq rəmzi xarıbülbül...

    Hər dəfə televiziya ekranlarında, fotoşəkillərdə xarıbülbülü gördükcə qeyri-ixtiyari bir hiss canlanır qəlbimdə, onunla söhbət edir, dərdimi bölüşürəm. Sanki xəyalım məni bir daha o tarixə – Şanlı Qələbənin eyforiyasına aparır. Özümdən asılı olmayaraq, yuxarıda sadaladığım ifadələr süzülür dilimdən, məni ələ qələm almağa vadar edir.
    ...8 noyabr 2020-ci il. Bu tarix hər bir azərbaycanlının fəxarət və qürur hissi ilə yaddaşında saxladığı, ömürboyu unutmayacağı Şanlı Qələbəmizin tarixidir. Bu tarix ananın övlada, Vətənin vətəndaşa, həsrətin vüsala qovuşduğu tarixdir. Bu tarix xalqımızın birlik, bərabərlik nümayiş etdirdiyi, bir elin ər meydanında qəhrəmanlıq dastanı yazdığı tarixdir. Axı o gün hamımız şuşalı idik, axı biz bu zəfəri düz 30 ildir, gözləmişdik. Həmin günün hər bir dəqiqəsi yadımdadır. Nə yaxşı ki, bu şanlı tarixə biz də şahidlik etdik! Ali Baş Komandan cənab İlham Əliyev hərbi geyimdə Şəhidlər xiyabanını ziyarət etmək üçün gəlmişdi... Bu yer Azərbaycan xalqına böyük müjdəni vermək üçün seçilmiş ən gözəl, ən müqəddəs məkan idi. Axı şəhidlər Vətən, torpaq yolunda canlarını düşünmədən fəda edən insanlardır. Mütləqdir ki, Ali Baş Komandanımızın tarixi nitqini şəhidlərimizin ruhları da duydu. Çünki bu qürur duyulası kəlmələri eşitməyə bizdən çox onların mənəvi haqqı çatırdı. Həmin vaxt bütün azərbaycanlıların gözü, diqqəti televiziyada idi və nəhayət, 30 il həsrətində olduğumuz sözləri Ali Baş Komandanın dilindən eşitdik:

            Əziz Şuşa, sən azadsan!
            Əziz Şuşa, biz qayıtmışıq!
            Əziz Şuşa, biz səni dirçəldəcəyik!

    Ey gözəl, əsrarəngiz məmləkətim, Şuşa! Səni nə qədər vəsf etsəm, haqqında nə qədər yazsam, yenə də azdır. İsa bulağının təmiz, şəfalı, səfalı suyundanmı yazım, yoxsa səni mehriban anatək bağrına basan, səni şana-şöhrətə ucaldan Cıdır düzündənmi yazım? Bəlkə, başı dumanlı, vüqarlı, dəyanətli dağlarından yazım? Xalq mahnısında deyildiyi kimi: “Şuşanın dağları başı dumanlı”. Artıq sənin dağlarındakı qara duman çəkilib, başının üstünü alan o əfi ilanları Vətənimin igid oğulları məhv ediblər. Artıq sən azadsan, əziz Şuşamız!

    Azadlığı istəmirəm bir həb kimi, dərman kimi!
    İstəyirəm, səma kimi! Günəş kimi! Cahan kimi!

    İndi sənin vüqarın, şöhrətin səmalar qədər yüksəklərdə, qürurun işıqsaçan Günəş kimi odlu-alovlu, yurdun, yuvan, isti ocaqların isə sonsuz kainat kimi azad və müstəqildir, mənim qədim Şuşam! Bütün xalqımız alqışlarla, böyük coşqu hissi ilə sənin azadlıq xəbərini qarşıladı. Üçrəngli bayrağımız ölkəmizdə Böyük Zəfəri bayram edən insanların əlində, evlərin eyvanlarında vüqarla dalğalanırdı. Kiçikdən-böyüyə hamının qəlbi bir döyünürdü, gözlərdən sevinc göz yaşları axırdı. Bu göz yaşları 30 illik həsrəti yudu, apardı. Sanki hamımız yenidən doğulduq, – axı biz indi Şuşalı, Laçınlı, Ağdamlı, Zəngilanlı, Qarabağlı, bir sözlə, bütöv vahid Vətən torpağında bütöv Azərbaycanıq. Bu göz yaşları həm də canını fəda edən şəhidlərimiz üçün axırdı, qürurla axırdı, sevinclə axırdı; övladının xoş gününə şadlanan ananın sevinc göz yaşları kimi axırdı. Ürəklərdə illərdir, məskən salmış, qaysaq bağlamış o kəlmə bir anın içində Vətən göylərinin ənginliklərinə ucaldı: “Gözün aydın olsun, Vətən torpağı, rahat yatın, yurdumuzun şəhid övladları”.

           Şuşa, ucalmısan boz buludlara,
           Vətən torpağının heykəlisən sən!

    Bu gün artıq hər bir Azərbaycan vətəndaşı Şuşa şəhərinə, doğma Qarabağa səfər edərək o yerlərin saf havasını uda bilir. Eşitmişəm ki, Şuşa torpağına ilk addımını atan hər kəsdə bir həyəcan, bir kövrəklik olur. Necə də olmasın? Düşünürsən...bu torpaq uğrunda üç minə yaxın şəhid verdik, bu torpağı belə azad, müstəqil görə bilməyimiz üçün onlar canlarından keçdilər. Şuşa torpağında yurdumuzun qədir-qiymət bilən övladlarının izi var, Üzeyir Hacıbəylinin ölməz sənət əsərləri, Bülbülün xoş avazı, Xurşidbanu Natəvanın Vətən yanğısı, torpaq həsrəti var, ona görə bu müqəddəs torpağı biganəliklə ziyarət etmək mümkün deyil.
    Şuşanın işıqlı sabahları hələ qarşıdadır. Bütün ruhumuzla, qəlbimizlə inanırıq ki, Şuşa Vətənimizin ən gözəl şəhərlərindən birinə çevriləcək, çünki onu  qoruyan, ona sahib çıxan Vətən var və Vətəni canı qədər sevən qeyrətli övladları var. Şuşa nə qədər abadlaşsa da, öz torpağında uğrunda qan tökən Vətən övladlarının izlərini daim saxlayacaq! O Vətən övladları ki dumanlı dağların başında durdular, dumandan özlərinə bir xeymə qurdular, xəyallarından gözəl yurdlarını keçirdilər və dumanlar başında dastana döndülər! Bir daha gözün aydın olsun, əziz Şuşa. Ruhunuz şad olsun, illərin həsrət yanğısını söndürən qəhrəmanlar. Vətən sizlərlə qürur duyur! Siz qürur mənbəyimiz, fəxr yerimizsiniz...

Zeynəb XƏLİLOVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

 

Nəşr edilib : 06.09.2022 19:53