AZ EN RU

Elimin qələbə sevincli, qeyrət, hünərvərlik və şücaət dolu bayram növrağı

Batabat yaylağında təşkil edilən Silahlı Qüvvələr Günü tədbiri möhtəşəm xalq-ordu birliyinin ən gözəl nümunəsi idi

    Xalqımızın lap qədim zamanlardan üzübəri tarixi taleyinə yazılmış çətinliklər, yadelli düşmənlərə qarşı apardığı mübarizə daim yaddaşımızda kök salmış şərəf və qeyrət simvolu kimi xatırlanır. Yurdunun ərazi bütövlüyünü qoruyub saxlayan, milli-mənəvi dəyərlərini, tarixini, incəsənətini minilliklərin gərdişindən, zamanın süzgəcindən keçirərək dünənindən bu gününə, keçmişindən gələcəyinə aparan bir xalq mübariz və qəhrəman xalqdır. Azərbaycan xalqı kimi... Hər səfərində tarixin daşlaşmış hafizəsinə nəzər saldıqda köksündə məskən tutmuş şeirləri, qoşmaları, hər misrasında xalq-ordu birliyi canlandırılan kəlmələri dinlədikcə bir daha keçmişimizlə fəxr edir, gələcəyimizə daha ümidlə baxırıq. Çox qısa zaman müddətində azadlıq, müstəqillik əldə etməyimizə baxmayaraq, keçdiyimiz mübarizə yolu bu gün “mənim tarixim var”, –  deyən hər bir xalqa örnəkdir, nümunədir. Təbii ki, uzun illər bu mübarizələrin cəngində tapdalanan, lakin heç zaman əyilib sınmayan bir dövlətin də toy-bayram etməyə, ordusu və milləti ilə öyünməyə mənəvi haqqı çatır, ələlxüsus da ki, Azərbaycan xalqının...

    Artıq iki ildir ki, Azərbaycan Ordusu 26 İyun – Silahlı Qüvvələr Gününün yaranması tarixini böyük təntənə, qürur və coşqu ilə qeyd edir. 44 günlük şanlı Qarabağ Zəfərində əldə etdiyimiz və hərb tariximizə qızıl hərflərlə yazılmış böyük uğur sanki əlamətdar tarixlərimizə də fərqli bir ab-hava qazandırıb. Muxtar diyarımızın cənnətməkan ünvanında, başdan-başa təbiət muzeyi olan Batabat yaylağında təşkil edilən 26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilmiş konsert proqramı da belə günlərdən biri kimi yaddaşlarda qaldı. Şahbuz Rayon Mədəniyyət Şöbəsinin “Batabat” İnstrumental Ansamblının və rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan mədəniyyət evləri və klublarının tərkibindəki folklor qrup və kollektivlərinin bir-birindən maraqlı bədii kompozisiyaları, milli-mənəvi dəyərlərimizi özündə yaşadan maraqlı rəqs ifaları, gənclərimizin vətənpərvərlik janrında şeir qiraətləri coşqu ilə qarşılanıb. Yüksək səviyyədə təşkil olunmuş iaşə xidməti, Şahbuz Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkil etdiyi fəal gənclərin əl işlərindən ibarət rəsm sərgisi, şahmat oyunları, idman tamaşaları, o cümlədən gənclərin STEAM təlimi çərçivəsində hazırladıqları robotlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən istedadlı xanımlarımızın əl işlərindən ibarət səyyar sərgi-satış, ailə təsərrüfatçılarının hazırladıqları təbii məhsullar və milli mətbəximizin ləziz təamları tədbir iştirakçılarında böyük maraq yaradıb.
    Məlumat üçün qeyd edək ki, Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan bayram tədbiri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən keçirilən sərgi-satışda, ümumilikdə, 47 qadının 2000-dən artıq əl işi nümayiş olunub.
    Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev diqqətə çatdırıb ki, ümummilli liderin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yarandı. Dahi şəxsiyyətin böyük qayğısı ilə  hərbi hissələr tam komplektləşdirildi. Ordumuz ulu öndər Heydər Əliyevin əmri ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. İcra başçısı bu gün münasibətilə Azərbaycan Ordusunu, başda şəhid ailələri və qazilərimiz olmaqla bütün soydaşlarımızı təbrik edib. 
    Qələbə sevincli, qeyrət, hünərvərlik və şücaət dolu bayramın qazandırdığı bu fürsətdən istifadə edib bir neçə iştirakçı ilə həmsöhbət olduq. İlk müsahiblərimiz Vətən müharibəsində övladlarını qurban verən şəhid valideynləri oldu. Biri öz analıq qəlbinin ülviyyətindən minlərlə soydaşımıza sevgi-məhəbbət payı verən şəhid İlkin Muradlının anası Həcər ana, digəri isə “min oğlum olsa, yenə də Vətənə fəda edərəm”, – deyən şəhid Mərhəmət Həmzəyevin atası Rizvan atadır. Hər iki valideynin sinəsində daşıdığı övlad ağrı-acısı eyni olsa da, xalqımızı üçrəngli bayrağın kölgəsində birləşdirən bu bayram onların da üzünə təbəssüm qondurub. 
    “Vətənin dar günündə, xalqın köməyə ehtiyacı olanda onun qədir-qiymət bilən övladları imdadına çatar”, – deyə Həcər ana söhbətə başladı:
    – Artıq iki ildir ki, İlkin bizdən cismən ayrılıb, əbədi bir yurda, cənnətə qovuşub. Onsuz keçən hər günüm, hər saatım, mənim üçün əzabdır. Övlad elə bir nemətdir ki, onun yeri heç nə ilə dolmur. Mən bütün şəhid valideynlərinə bir daha başsağlığı diləyirəm. İllər keçsə də, əsrlər, qərinələr bir-birini əvəzləsə də, əminəm ki, xalqımızın qeyrətli oğulları, qızları heç zaman şəhid qardaşlarını unutmayacaqlar, unutdurmayacaqlar. Hər birimiz yaxşı bilirik ki, Vətən, torpaq, azadlıq heç zaman asan əldə olunmur. İlkinin timsalında minlərlə Azərbaycan övladı xalqımızı illərdir, gözlədiyi vüsalına – Qarabağına qovuşdurub. Hər gün televiziyadan cənab Prezidentimizin o müqəddəs torpaqlara, işğaldan azad olunmuş yurdumuza edilən səfərlərini gördükcə mənim də qəlbim təsəlli tapır. Sevinirəm ona görə ki, Vətənimizdən illərdir, qoparılan o torpaqlar artıq öz sahiblərinə qaytarılıb. Bu gün 26 İyun Silahlı Qüvvələr Günüdür, bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Elimizə, yurdumuza sülh və əmin-amanlıq, birlik, bərabərlik arzu edirəm. 
    Xoş ovqatlı bayram tədbirində iştirak edən qonaqlar arasında “Azərbaycanın uğurlu gələcəyi gənclərimizin əlindədir”, – deyən şəhid Mərhəmət Həmzəyevin atası Rizvan ata da var idi. 90-cı illərdə xalqımızın çəkdiyi ağrılı-acılı günləri xatırlayaraq qeyd etdi ki, ötən əsrin 80-ci illərinin sonlarından etibarən ölkəmiz çətin günlərlə üz-üzə qalmışdı. Maddi və mənəvi çatışmazlıqların yaratdığı çətinliklər bəs etmirmiş kimi, bir yandan da mənfur düşmənlərimizin torpaqlarımıza qarşı qaldırdıqları saxta iddialar, sözün əsl mənasında, sabaha olan ümidləri də puç etmişdi. Lakin tarix də sübut edib ki, çətin şərait hər zaman böyük şəxsiyyətləri xalqın içərisindən seçərək, necə deyərlər, gün üzünə çıxarır. Ümummilli liderimiz Heydər Əliyev də Uca Yaradanın millətimizə verdiyi böyük ərməğan idi. Onun əsasını qoyduğu uğurlu siyasətin sayəsində bu gün ölkəmiz çiçəklənir, günü-gündən inkişaf edir. 44 günlük Qarabağ savaşımızda əldə etdiyimiz tarixi müvəffəqiyyət də müstəqillik əldə etdikdən sonra qazandığımız naliyyətlərin davamıdır. Bu gün Azərbaycan xalqı, hər birimiz bu yenilməz ordunun təntənəli bayram sevincini qeyd edirik. Mən Vətənin istiqlalı naminə canını fəda edən minlərlə vətən övladından birinin atası kimi bütün Azərbaycan xalqını təbrik edir, şəhidlərimizin ruhuna rəhmət, qazi balalarımıza isə uzun ömür, cansağlığı arzu edirəm.
    Muxtar diyarımızın əlverişli mühiti, təbiəti, zəngin və rəngarəng təbii coğrafi şəraiti qəlbində yaradıcılıq eşqi daşıyan yazıçılarımızı, jurnalistlərimizi də bu gözəl məkanların hüsnünə tamaşa etməyə çağırır. Azərbaycan Respublikasının Əməkdar jurnalisti, yazıçı-publisist Flora Xəlilzadə də sevilib-seçilən qonaqlardan biri kimi öz zəngin təəssüratlarını bizimlə bölüşdü:
    – Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən qədim diyarlarından biri, qədimlik və müasirliyin vəhdət təşkil etdiyi bir məkandır. Bu gün artıq Naxçıvanın gözəlliyi və inkişafı onu ən müasir Avropa şəhərləri ilə müqayisə ediləcək bir səviyyəyə çatdırıb. Bu diyarın kənd­ləri o qədər abaddır, gözəldir, təmizdir ki, mən bu mənzərələri gördükcə hədsiz sevinirəm, fəxr edir, qürurlanıram. Bu torpaq Azərbaycan siyasətinə görün necə ziyalılar, alimlər, dahi şəxsiyyətlər bəxş edib. Bu gün biz bu gözəl ünvanda, al-əlvan təbiətli Batabat yaylağında ordumuzun yaranması gününü qeyd edirik. Bu məqamda bir həqiqəti sizlərin diqqətinə çatdırım ki, mən o əzəmətli dağların ardındakı qədim Azərbaycan torpağı olan Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində dünyaya göz açmışam. Bütün qəlbimlə inanıram və ümid edirəm ki, gələcək səfərimdə Naxçıvana gələrkən öz doğma kəndimi də ziyarət edə biləcəyəm. Siz naxçıvanlılar çox xoşbəxtsiniz. Naxçıvanda olduğum müddətdə məndən hal-əhvalımı soruşanlara ürəkdolusu deyirəm ki, bəxtəvərəm, xoşbəxtəm, ona görə ki, mən Naxçıvandayam. Qəzetiniz vasitəsilə əziz naxçıvanlılara bir daha sevgi və ehtiramımı çatdırır, səmimiyyət, qonaqpərvərlik üçün təşəkkür edirəm. 
     Vətəni qorumaq, onun keşiyində dayanmaq, bir elin təhlükəsizliyini təmin etmək insanın çata biləcəyi ən yüksək mənəvi məqam və şərəf zirvəsidir. Bu məsuliyyəti çiyinlərində daşımaqla insan həm də əbədiyaşarlıq haqqını əldə edir. Elə həmin sevilib-seçilən insanlardandır, 44 günlük haqq mübarizəmizdə bir an belə düşünmədən canını düşmən gülləsinə sipər edən qeyrətli qazi qardaşlarımız. Onlardan bir neçəsi ilə həmsöhbət olub bayram təbriklərini və təəssüratlarını öyrəndik. 
    Döyüş yolu Füzuli, Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad olunması istiqamətindən keçən qazimiz Mirkənan Kərimov dedi: – Bu gün şanlı Azərbaycan Ordusunun günüdür, sarsılmaz iradəsi, gücü, qüvvəti, rəşadəti ilə zəfər nəğməsi yazan bir ordunun günü. Bu möhtəşəm bayram münasibətilə mən də bütün qazi yoldaşlarım adından soydaşlarımızı təbrik edirəm, ordumuza bundan sonra da üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırmasını arzu edirəm. Artıq bir neçə saatdır ki, buradayıq. Bir-birindən maraqlı və rəngarəng rəqslər, ifalar, gənclərimizin səsləndirdiyi şeirlər insanda xoş əhvali-ruhiyyə yaradır. Bura ilk gəldiyimiz andan etibarən bütün tədbir iştirakçıları ətrafımızda cəm oldu, xatirə fotoları çəkdirdilər. Xalqımız tərəfindən sevilmək, onların bizlərə, şəhid valideynlərinə göstərdiyi diqqət insanı həm kövrəldir, həm də sevindirir. Artıq iki ildir ki, biz qazi kimi şərəfli bir ad daşıyırıq. Bu iki il müddətində dövlətimizin bizlərə göstərdiyi diqqət həmişə təqdirəlayiq olub, orden və medallarla təltif edilmişik. Bununla yanaşı, muxtar respublika rəhbəri tərəfindən biz qazilərə və şəhid ailələrinə mənzil və avtomobillər təqdim olunub. Belə bir dövlətin vətəndaşı olmaq insanı qürurlandırır. Bu gün Azərbaycan Ordusu öz gücü ilə dünya hərb tarixində özünəməxsus yer qazanıb. Bunu 44 günlük Vətən müharibəsində bir daha gördük. İstər müharibə dövründə, istərsə də müharibədən sonra xalqımızın sərgilədiyi birlik və bərabərlik bundan sonra hələ neçə nəsillərin qürur mənbəyi olacaq. Yaşasın Azərbaycan Ordusu və xalqımız!
    Digər qazimiz Abbasəli Tarverdiyev də öz fikirlərini bizimlə bölüşdü: 
    – İlk əvvəl bu gözəl tədbirin təşkil edilməsində əməyi keçən hər kəsə, xüsusilə də Ali Məclisin Sədrinə dərin minnətdarlığımı bildirirəm. Vətən müharibəsi yekunlaşdığı bir gündən dövlətimiz bizə böyük diqqət və qayğı göstərib, nəzərini heç zaman üzərimizdən çəkməyib. Mənim döyüş yolum da bir neçə strateji əhəmiyyətli yüksəkliklərin, işğal altında olan rayonların azad edilməsindən keçib. Həmin müddət ərzində bu gün olduğu kimi, xalqımızın bizə göstərdiyi yüksək mənəviyyatın, dəyərin şahidi olmuşam. Yüzlərlə, minlərlə silah yoldaşlarımızı şəhid vermişik, qazilərimiz olub. Amma heç zaman Böyük Qələbəyə olan inamımız sarsılmayıb, əqidəmiz sınmayıb. Həmişə inanmışıq ki, Vətənin azadlığı, müstəqilliyi bizim əlimizdədir, biz bu torpağı qorumalıyıq. Çünki bu torpaq əcdadlarımızın bizə verdiyi əmanətdir. Çalışdıq ki, bizə tapşırılan bu şərəfli işi layiqincə yerinə yetirək, qazi adını qazansaq da, geridə gözüyaşlı analar, bacılar, hətta övladlar qoysaq da, Vətən torpağından düşmənə bir zərrə belə olsun pay etməyək. Şükürlər olsun ki, bu gün Vətən torpağı azaddır. O mənfur düşmənin ayaqları yurdumuzdan birdəfəlik kəsilib artıq. Bir daha gözün aydın olsun, Azərbaycan Ordusu, bayramın mübarək olsun! 
    Bayram ab-havası təbii olaraq yurdumuza səyahət edən qonaqların da diqqətini cəlb edib. İştirakçılar arasında qardaş Türkiyə Respublikasının vətəndaşı Zəfər Yalçınla da həmsöhbət olduq. Müsahibim deyir ki, Azərbaycan və onun digər şəhərləri haqqında çox eşitmişəm. Naxçıvana etdiyim bu ilk səfərimdə eşitdiyimdən daha da artıq gözəlliklərin şahidi oldum. Artıq iki həftəyə yaxındır ki, buradayam. Qədim türk diyarı olan Naxçıvanın bir çox gəzməli-görməli yerlərinə ekskursiyalar etmişəm. Bu gün də Batabat yaylağındayam. Çox xoşbəxtəm ki, qardaşlarımızın belə bir əlamətdar gündə keçirdiyi sevincə mən də şərik ola bildim. “Vətən” məfhumu türklər üçün namus və qeyrət deməkdir. İştirakçılar arasında qazilər və şəhid valideynlərinin də olması bu dediklərimizi bir daha sübut edir. Mən bütün türk eli adından qardaş Azərbaycanın Silahlı Qüvvələr Gününü təbrik edirəm. Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı!
    Müsahiblərimizin hər birinin səsləndirdiyi bu yüksək fikirlərdə böyük həqiqətlər var, xalq-ordu birliyinin ən gözəl nümunəsi, “Dəmir yumruğun” əzəməti, Azərbaycan Ordusunun rəşadəti, “təki Vətən sağ olsun!” – deyən şəhid qardaşlarımızın al bayraq sevdası, torpaq həsrəti, el qeyrəti var. Azadlığın, hürriyyətin daim olsun, Azərbaycan Ordusu!

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 28.06.2022 22:19