AZ EN RU

Əli Əsədov: Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində 100 milyard manatdan çox investisiya qoyulub

Hamımız yaxşı xatırlayırıq ki, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi Prezident vəzifəsində İlham Əliyevin qəbul etdiyi ilk mühüm qərar olmuşdur. Belə ki, Prezidentin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsasını qoymuş, sosial-iqtisadi inkişafın real dinamikasını təmin etmişdir.

Bunu dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

O qeyd edib ki, bu Fərmanın davamı olaraq Prezidentin 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proqramı qəbul edilib. Bu proqramlar çərçivəsində 100 milyard manatdan çox investisiya qoyulub ki, bunun nəticəsində regionlarımızın siması başdan-başa dəyişib.

“Əsrin müqaviləsi”nin Azərbaycanın sosial-iqtisadi inkişafındakı mühüm yerinə də toxunan Ə.Əsədov deyib: “Bu müqavilə ilə Xəzər hövzəsini xarici investorlar üçün açan, Xəzərlə Qara dəniz və Aralıq dənizini birləşdirəcək enerji infrastrukturunun əsasını qoyan Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yaranan imkanlar qarşıya qoyulan genişmiqyaslı vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün mühüm zəmin yaratdı. 2006-cı il iyulun 13-də Heydər Əliyevin adını daşıyan nəhəng Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi. Sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu”.

Prezident İlham Əliyevin gərgin fəaliyyəti və ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyalarının yarandığını, bununla da dünyanın enerji xəritəsində yeni mənzərənin formalaşdığını deyən Baş nazir vurğulayıb ki, 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlandı. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi. Bu irimiqyaslı neft və qaz layihələri ilə yanaşı, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi.

“Son illərdə sürətlə dəyişməyə başlayan geosiyasi reallıqlar fonunda müxtəlif regionlarda nəqliyyat zəncirlərinin qırılması, yaranan enerji və iqtisadi böhran Prezident İlham Əliyevin apardığı infrastruktur quruculuğu siyasətinin və xarici siyasət strategiyasının nə qədər uzaqgörən olduğunu sübut etdi. Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur. Laçın hava limanı istismara verildikdən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaq”, - deyə Əli Əsədov əlavə edib.

Nəşr edilib : 14.10.2023 11:35