AZ EN RU

Əli Əsədov: "Orta Dəhlizin səmərəliliyinin artırılması üçün görülən işlərin mühüm nəticələri var"

"İpək Yolu Beynəlxalq Forumu regional və qlobal gündəlikdə duran məsələlərin müzakirəsi üçün özünü effektiv beynəlxalq platforma kimi təsdiqləyib".

Bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

"Dünyada baş verən son dəyişikliklər fonunda iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantıları ilə bağlı yaranan çağırışları nəzərə alsaq, bugünkü forumun əhəmiyyəti özünü daha aydın şəkildə göstərir", - o vurğulayıb.

Baş nazir söyləyib ki, Azərbaycan son 20 ildə bir sıra mühüm regional layihələrin təşəbbüskarı və iştirakçısı kimi çıxış edib: "Onların sırasında Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Cənub Qaz Dəhlizini, o cümlədən TANAP/TAP, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, Bakı Beynəlxalq Dəniz Ticarət limanını qeyd etmək olar".

"Azərbaycan hökumətinin nəqliyyat infrastrukturuna qoyduğu sərmayələr nəticəsində, minlərlə kilometr uzunluğunda avtomobil və dəmir yolları çəkilib, beynəlxalq hava limanları istifadəyə verilib, mülki dəniz və hava donanması genişləndirilib, Ələt Azad iqtisadi Zonası yaradılıb. Bütün bu təşəbbüslər ölkəmizə Orta Dəhliz ilə daşımalara artan tələbi qarşılamağa imkan verib" - hökumət başçısı vurğulayıb.

Baş nazir deyib ki, bu tələbatı təmin etmək üçün infrastruktur layihələri ilə yanaşı, Azərbaycan Gürcüstan və digər tərəfdaşlarımızla birgə digər sahələrdə də zəruri əməkdaşlıq edir: "Bu əməkdaşlığın nəticələrini artıq görürük. Orta Dəhlizin səmərəliliyinin artırılması üçün görülən işlər nəticəsində istər qiymət, istər sürət, istərsə də keyfiyyət parametrləri üzrə qısa zaman ərzində mühüm nəticələr görünür".

"Məsələn, Qazaxıstandan Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldılmışdır. Növbəti il üçün hədəfimiz bu müddəti iki dəfəyə qədər, yəni 11-15 günə endirməkdir. Düşünürəm ki, yaxın perspektivdə görülən işlər bəhrəsini verəcək və bu dəhliz dünya miqyasında ən təhlükəsiz və operativ dəhlizlərdən birinə çevrilə biləcək" - Ə.Əsədov vurğulayıb.

Nəşr edilib : 26.10.2023 12:37