AZ EN RU

Əli Əsədov gələn həftə Belarusa səfər edə bilər

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 3-də Belarusun paytaxtı Minskə səfər edə bilər.

Bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko Minskdə Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə deyib.

“İyun ayında biz azərbaycanlı qonaqlarımızı Minskdə səbirsizliklə gözləyirik. Söhbət Azərbaycanın Baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının iclasında (3-4 iyun) iştirakından gedir”, - o qeyd edib.

Onun sözlərinə görə, iyunun 6-7-də Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədovun iştirakı ilə Minskdə Ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclası və Belarus-Azərbaycan Biznes Forumu keçiriləcək.

“İki ölkə siyasi, ticari-iqtisadi və humanitar əməkdaşlığı fəal şəkildə inkişaf etdirir, şəhərlər və regionlar arasında birbaşa əlaqələri genişləndirir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana bu yaxınlarda uğurlu dövlət səfəri dostluq və qarşılıqlı anlaşma ənənələri əsasında strateji tərəfdaşlığımızın bundan sonra da möhkəmlənəcəyini və inkişaf edəcəyini təsdiq edib”, - İ.Petrişenko vurğulayıb.

Onun fikrincə, Belarus və Azərbaycan arasında münasibətlər zaman və ümumi tarixin sınağından çıxıb və qarşılıqlı hörmət, etimad və sarsılmaz dəstəyə əsaslanır.

Nəşr edilib : 29.05.2024 14:27