AZ EN RU

Elektron siqaret: dəb, yoxsa təhlükə?

Küçələrdə insanların əlində  bir aparat  olduğunu müşahidə etmişəm. Bununla maraqlananda: – Elektron siqaretdir, – dedilər. Ondan istifadə zamanı buxar çıxdığının şahidi oldum. Əgər siqaret ziyanlıdırsa, elektron siqaretə nə ehtiyac var? Məgər o faydalıdır?

Deməli, elektron siqaretlər xarici görünüşünə görə adi siqaretlərdən fərqlənirlər. “Yeni ixtira”  bir neçə hissədən – akkumlyatordan, buxar generatorundan və ətirli maye yağla doldurulmuş müxtəlif  katriclərdən ibarətdir. Siqaretin katrici tərkibində müxtəlif aromatlar olan mənşəyi bilinməyən yağla doldurulur. Yanma prosesi zamanı isə bu yağ buxara çevrilir. Gənclər arasında bu siqaret sanki “dəb” halını alıb. Ancaq, təəssüf  ki, bu dəb çox təhlükəlidir.

Elektronlaşma bizim işimizi asanlaşdırıb. Ancaq e-siqaretlər bu kateqoriyaya aid deyil. Bəs insanlar nəyə görə e-siqaretə meyl edirlər? Orqanizm üçün zərərləri nələrdir? Bu kimi suallara cavab verək və insanlara onun zərərlərini anladaq.

Ölkəmizdə elektron siqatetlərin istehsalı və idxalı qadağandır. E-siqaretə qoyulan qadağaya baxmayaraq, təəssüf ki, onu asanlıqla əldə etmək çətin deyil. Xüsusilə də onlayn satış platformalarından alıcılar onu əldə edirlər. İnsanların e-siqaretə meyil etməsi onun ucuz və təhlükəsiz olmasını fikirləşməsidir. Bu, yanlış yanaşmadır. Elektron siqaretlərin insan orqanizmi üçün təhlükəsi tərkibində qətranın olmasıdır. Nikotin aludəçiləri isə çıxış yolunu elektron siqaretdə görürlər. Belə desək, adi siqaretin tərkibi e-siqaretin tərkibi ilə eynidir. Elektron siqaretin buxarı tənəffüs yolları və ağciyərləri məhv edir, həmçinin ürək-damar xəstəliklərinin də yaranmasına səbəb olur.Yad olan bu buxar, əlbəttə ki, orqanizmin məhvinə gətirib çıxarır.

Elektron siqaret maddi qazanc əldə etmək üçün  marketinq firmaları tərəfindən çıxarılan bir vasitədir. Bu siqaretə əlavə edilən qoxu və dadlandırıcılar tənəffüs sisteminə böyük zərərdir. Siqaretə şirnikləmə rahatlıq yaradır ki, bu da asılılığa gətirib çıxarır.

Bundan imtina etmək isə hər kəsin şəxsi iradəsindən asılıdır. Necə deyərlər, heç vaxt gec deyil.

Mirəhməd ƏHMƏDOV

Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 04.05.2024 11:20