AZ EN RU

“Elektron resept” layihəsinin təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ölkəmizdə həyata keçirilən milli səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan “Rəqəmsal Səhiyyə ekosisteminin tətbiqi ilə bağlı tədbirlərin tərkib hissəsi olan “Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırması” layihəsinə keçidlə bağlı muxtar respublikada reseptlə işləyən həkimlər və əczaçılıq sektorunun nümayəndələri üçün təqdimat keçirib. 
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov tədbirdə cıxış edərək qeyd edib ki, elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün bir platforma üzərindən reseptlərin idarə olunması məqsədilə hazırlanan bir sistemdir. Eyni zamanda, elektron resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını təmin edir.
Layihənin başlıca məqsədi dərman vasitələrinin təqib və izləmə sisteminin  vahid rəqəmsal platforma üzərində birləşdirməkdir. İlkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin,  1 may 2024 tarixindən etibarən isə digər dərman vasitələrinin real vaxt rejimində izlənilməsinə başlanılacaq. 
Sonra nazirliyin "Əczaçılıq' sektorunun aparıcı məsləhətçisi Çinarə Məmmədova Elektron resept sisteminin üstünlükləri barədə danışaraq bildirdi ki, sistemin başlıca üstünlüklərindən biri də dərmanların respublikaya idxalından vətəndaşa çatanadək olan prosedurların izlənə bilməsi və ölkədə qeydiyyatda olmayan dərmanların satışına nəzarət olunmasıdır.  Nazirliyin "Tibbi statistika və rəqəmsallaşdırma" sektorunun baş məsləhətçisi Nüsrət Kərimov  "Elektron resept" sistemi vasitəsilə tibb müəssisələrində pasiyentlərə dərmanların təyinatı və əcxanalarda satış qaydalarını izah etdi. Qeyd olundu ki, sistem tam işlək vəziyyətə gələnədək təlimlər davam etdiriləcək. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Nəşr edilib : 07.03.2024 08:41