AZ EN RU

Elektrik xətt təsərrüfatında təmir-bərpa işləri aparılır

    Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində diyarımızda davamlı olaraq yeni elektrik stansiyaları tikilib istifadəyə verilir, bütün sahələrdə elektrik enerjisinin fasiləsizliyi təmin olunur. Muxtar respublikanın bütün bölgələri kimi, Culfa rayonunda da əhali fasiləsiz elektrik enerjisi ilə təmin edilib və bu iş ilbəil yaxşılaşdırılır. Belə tədbirlərin davamı olaraq rayonda müxtəlif gücə malik olan bütün transformator yarımstansiyalarında təmir işi aparılıb, xətlərdə sıradan çıxmış 42 ağac dirəyə beton gövdə, 6 ağac dirəyə isə ağac gövdə vurularaq bərkidilib, hava xətlərində 2970 metr məsafədə məftillər dartılaraq standart vəziyyətə gətirilib. Eyni zamanda ay ərzində daxil olan 39 abonentin müraciəti əsasında xətlərdə yaranan nasazlıqlar aradan qaldırılıb. Qeyd edək ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq rayon Elektrik Şəbəkəsinin kollektivi tərəfindən Culfa şəhərində və rayonun kənd yaşayış məntəqələrində bərpa işləri həyata keçirilib, ötən ilin aprel ayından başlayaraq davam etdirilən yeni smartkarttipli sayğacların quraşdırılması istiqamətində noyabr ayı ərzində 2172 abonent yeni smartkarttipli sayğacla təmin edilib, energetiklərin səyləri nəticəsində xətt təsərrüfatında qışa hazırlıqla əlaqədar təmir işləri müntəzəm xarakter alıb. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 21.12.2022 19:06