AZ EN RU

Elbrus İsayev: “Öz sahəmizdə dövlətimizin müstəqilliyi, əbədiliyi uğrunda daim çalışmağa borcluyuq”

Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Universiteti və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans keçirilib. Tədbirdən sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransın əhəmiyyəti barədə fikirlərini  “Şərq qapısı” qəzeti ilə bölüşüb: - Bu gün Naxçıvan şəhərində SOCAR-ın nəzdində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbi ilə Naxçıvan Dövlət Universitetinin birgə tədbiri keçirildi. Təşkil olunan konfrans, nümayiş edilən konsert proqramı Ümummilli Liderimizin 100 illiyinə həsr olunması ilə əlamətdardır. Onu da qeyd edim ki, dünən Naxçıvan Dövlət Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu memarondumun Ulu Öndərin yubiley ilində imzalanmasının xüsusi əhəmiyyəti vardır. Konfransda Ümummilli Liderimizin çoxşaxəli fəaliyyətinin müxtəlif sahələrinə toxunuldu, dahi şəxsiyyətin Naxçıvanın çətin günlərindəki fəaliyyəti, Naxçıvanın, bütövlükdə Azərbaycanın xilası, inkişafı istiqamətində gördüyü işlər, o cümlədən Ulu Öndərin layiqli davamçısı cənab Prezidentimizin xalqımıza qazandırdığı böyük qələbə, zəfər bir daha iştirakçı müəllim və tələbələrin diqqətinə çatdırıldı. Universitetimizin simfonik orkestri tərəfindən Ümummilli Liderimizin sevdiyi və Ona həsr edilən mahnılardan ibarət konsert proqramı da təqdim olundu. Və inanırıq ki, Ulu Öndərimizin bizə miras qoyduğu Azərbaycan cənab Prezidentimizin rəhbərliyi ilə bundan sonra daha möhtəşəm layihələrə imza atacaq. Çünki ölkə başçısının sözü onun imzasıdır, verdiyi vədlər ən yüksək səviyyədə xalqımıza xidmət edir. Və biz də bir əsgər kimi öz sahəmizdə dövlətimizin müstəqilliyi, əbədiliyi uğrunda daim çalışmağa borcluyuq.

Nail ƏSGƏROV

Nəşr edilib : 17.10.2023 16:14