AZ EN RU

Elbrus İsayev: Naxçıvan Dövlət Universitetinin ölkə təmsilçiliyi ilə keçirilən Dünya Robot festivalının Avrasiya Çempionatı maraqlı və yaddaqalan tədbirlərdən oldu

2-3 mart tarixlərində Naxçıvan Dövlət Universiteti və Robotex Türkiyənin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azercellin və Global Olympiad Center dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən “Robotex Azərbaycan Avrasiya Çempionatı” festivalı diqqəti cəlb etdi. Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağcı, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər xanım Səttarova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azercell CEO-sunun bas müşaviri Okan Çimen, Təhsil Tələbə Kredit Fondunun rəhbəri Araz Paşayev eyni zamanda universitetlərin rektorları, məktəb direktorları iştirak etdilər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev “Şərq qapısı” qəzetinə müsahibəsində bildirdi ki, Robotex Azərbaycan Avrasiya Çempionatında 6 universitet, 41 məktəb, 10 özəl müəssisədən 250-dən çox komanda, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak etdi. Komandalar 18 kateqoriyada 4 yaş qrupunda (ibtidai, orta, yuxarı siniflər və universitet tələbələri olmaqla) yarışaraq qaliblər müəyyən edildi. Hər kateqoriyada ilk 3 yeri qazanan komandalar ölkəmizi Antalyada təşkil olunacaq yarımfinal mərhələsində təmsil edəcəklər. 18 ölkənin iştirakı ilə Antalyada olacaq yarımfinal mərhələsində dərəcə göstərən komandalar noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak haqqı qazanacaqlar.

Qeyd edim ki, münsiflər heyətinin tərkibində  Naxçıvan Dövlət Universitetinin əməkdaşları da iştirak etdilər. Naxçıvan Dövlət Universitetinin ölkə təmsilçiliyi ilə keçirilən Dünya Robot festivalının Avrasiya Çempionatının ikinci günündə mükafatlandırılan 163 komandadan 6-sı müxtəlif layihələr üzrə qalib olan Naxçıvan Dövlət Universitetinin komandalarıdır. Robotex Azərbaycan Avrasiya Çempionatında dərəcə göstərən komandalara kubok və sertifikatlar təqdim olundu. Startap üzrə yarışa qatılan komandalara xüsusi üstünlüklər veriləcək. Belə ki, Türkiyə texnoparklarında şirkətlərini qurma, Türkiyə dövlətindən maliyyə yardımı ala biləcəklər. Eyni zamanda bu yarışda əldə ediləcək sertifikatlar gələcəkdə tanınmış dünya universitetlərində təhsil almaq arzusunda olan şagirdlərin təqaüd ilə təhsil alması eyni zamanda qəbul alma şansını artıracaqdır.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 04.03.2024 18:40