AZ EN RU

Elan

    Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2023-2024-cü tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. Akademiyada Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və Yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.
    Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.
    Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar. Akademiyanın məzunlarına seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.
    Akademiyaya qəbula namizədlər boyu 170 santimetrdən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2023-cü ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2023-cü ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
    Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.
    Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
    - tərcümeyi-hal (abituriyentin şəxsən özü tərəfindən yazılmış);
    -  şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;      
    - hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti;
    - tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
    - tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması haqqında müəyyən olunmuş formada arayış;
    - yaşayış yerindən arayış (daimi qeydiyyat yerində yaşamadığı halda);
    - 4 ədəd 6x4 santimetr ölçüdə fotoşəkil ağ fonda, 2 ədəd 9x12 santimetr ölçüdə fotoşəkil qırmızı fonda (tünd rəngli pencəkdə);
    - Dövlət İmtahan Mərkəzinin rəsmi saytında təsdiqlənmiş abituriyentin elektron ərizəsi.
    - xüsusi həkim ekspertiza komissiyasına təqdim olunması üçün yaşayış yeri üzrə ruhi-əsəb, narkoloji, dəri-zöhrəvi, vərəm dispanserlərindən arayışlar, qeydiyyat yeri üzrə poliklinikaya son 5 il ərzində müraciətləri haqqında arayış, qanın İİÇV (HİV) antitellərinə görə müayinəsi, burunətrafı ciblərin rentgenoqrafiyası, sidiyin ümumi analizi.
     Qeyd: Bütün arayışların qeydiyyat tarixi, nömrəsi, imzası və möhürü olmalıdır. 
    Sənədlər aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 1000-dan 1700-dək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi) qəbul ediləcək. 
    Əlaqə telefonu: (036) 544-48-50
    Həmçinin daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az, fh.nakhchivan.az və Dövlət İmtahan Mərkəzinin www.dim.gov.az rəsmi internet saytlarından əldə etmək olar.

Nахçıvаn Muхtаr Rеspublikаsı 
Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.03.2023 19:55