AZ EN RU

Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələri qış mövsümünə hazırdır

    Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar sentya­brın 7-də keçirilmiş müşavirənin tapşırıqlarına əsasən muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də ön xətdə yüksək dağlıq ərazilərdə yerləşən hərbi hissələrin yanacaq, ərzaq və əşya təchizatı vaxtında başa çatdırılıb, bölmələrin payız-qış mövsümünə keçidi təşkil olunub.
    Qış mövsümündə vüqarlı zirvələrimizdə düşmənlə üz-üzə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Döyüş növbətçiliyi aparan şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması üçün mövqelərdə əsgəri-məişət kompleksləri yenidən tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Yenidən qurulan yataqxana, yeməkxana, əşya, ərzaq anbarları və digər binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. 
    Soyuq qış aylarında çətin dağlıq şəraitdə şəxsi heyətin qidalanması və sağlamlığının qorunması üçün anbarlarda yüksək kalorili məhsullardan ibarət ərzaq ehtiyatı yaradılıb. Əşya anbarları da lazımi geyim dəstləri və digər məişət avadanlıqları ilə təmin edilib. Ucqar zirvələrə təbii qaz xətləri çəkilməsinə baxmayaraq, mövqelərdə odun ehtiyatı da yaradılıb. Mövqelərarası elektrik xətti yenisi ilə əvəz olunub, sənaye işığı ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələrindən də istifadə olunması üçün günəş panelləri quraşdırılıb. Bütün mövqelərə gedən təminat yolları təkmilləşdirilib və yaxın təminat yolları çəkilib. Bölmələrdə əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri salınaraq dayaq məntəqələri təkmilləşdirilib, mövqelər beton sığınacaqlarla təmin olunaraq müdafiənin dayanıqlılığı artırılıb. 
    Bölmələrdə əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün də lazımi şərait yaradılıb, ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən, Vətən müharibəsində qazanılan Tarixi Qələbədən bəhs edən kitablar, qəzet və jurnallar şəxsi heyətin istifadəsinə verilib. 
    Əlahiddə Ümumqoşun Ordunun ərazi ön xətt bölmələrində olarkən əsgər və zabitlər ilə görüşüb söhbət etdik. Yaradılan şəraitdən razılıq edən əsgər Eyvaz Əliyev dedi: “Vətən torpağını qorumaq müqəddəs borcumuzdur. Bu gün bölməmizdə olan yüksək əhvali-ruhiyyənin başlıca səbəbi Vətən hüdudlarında xidmətdə olmağımızdır. Əsgərlər üçün bölməmizdə yaradılan sosial-məişət şəraitinin yüksək səviyyədə olması xidmətimizin lazımi səviyyədə təşkil edilməsində başlıca rol oynayır”.
    Əsgər Sayman Tağızadə strateji yüksəkliklərdə xidmət aparmağı ilə qürur duyduğunu söylədi: “Ayıq-sayıq döyüş növbətçiliyi aparmağımız üçün hər cür şəraitimiz var. Biz burada, sadəcə, əsgər yoldaşı deyil, bir ailəyik, qardaşıq. Düşmənin hər hansı bir təxribatı olarsa, onlar qarşılarında bizim kimi cəsur, mərd əsgərlər görəcəklər”.
    Vətən müharibəsi iştirakçısı olan, hazırda Əlahiddə Ümumqoşun Ordunun ön xətt bölməsində xidmət edən zabit Ramin Mustafayev də bizimlə fikirlərini bölüşdü: “Müharibədə və xidmət dövründə qazandığım bilik və bacarıqları keçilən dərs və məşğələlərdə şəxsi heyətə aşılamağa çalışıram. Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ön xətt mövqelərində olub əsgərlərin xidmət şəraiti ilə maraqlanması, tövsiyə və tapşırıqlarını verməsi şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdı. Bütün bölmələrdə olduğu kimi, bizim bölmədə də qışa hazırlıq işləri yüksək səviyyədədir. Əminliklə deyə bilərəm ki, bu istiqamətdə düşmənin hər hansı bir təxribatı olarsa, qarşısını almağa daim hazırıq”.
    Ordumuzun birləşmə, hissə və bölmələrində xidmət aparan şəxsi heyətin sağlamlığı da vacib amil olduğundan xəstəxana və tibb məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün profilaktik tədbirlər görülür. Bütün bunlar da soyuq havalarda virus infeksiyalarının və yoluxucu xəstəliklərin tez bir zamanda qarşısının alınmasına şərait yaradır.
    Ön xətt bölmələrinin birində şəxsi heyətin sağlamlığını qoruyan hərbi həkim Əli Əliyevlə də həmsöhbət olduq: “Ordumuzda şəxsi heyətin sağlamlığı həmişə diqqət mərkəzində saxlanılır. Soyuq aylarda, o cümlədən qış mövsümündə əlimizdən gələni edirik ki, hərbçilərimiz sağlam və möhkəm olsunlar. Bunun üçün peşəkar həkimlər və orta tibb işçiləri tərəfindən zəruri tədbirlər həyata keçirilir və şəxsi gigiyena və mövsümi xəstəliklərlə bağlı maarifləndirici söhbətlər aparılır”.
    Vətən torpaqlarını qoruyan əsgərlərimizin nümunəvi xidməti üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılıb. Qəhrəmanlıq və mübarizlik ifadəsini özündə təcəssüm etdirən Azərbaycan əsgərləri də xidmətlərinin nə qədər məsuliyyətli və qürurverici olduğunu dərindən dərk edir, xalq-ordu birliyindən və dövlət qayğısından ilhamlanaraq Vətəninin keşiyində ayıq-sayıq dayanırlar. 

Kənan CƏLİLOV

Nəşr edilib : 11.11.2022 20:22