AZ EN RU

Əlahiddə Ümumqoşun Orduda 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd

Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində 8 Noyabr Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Şəxsi heyətə təbriklər çatdırılan zaman 8 Noyabr Zəfərinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olduğu vurğulanıb.

Çıxışlarda bildirilib ki, Vətən Müharibəsində qələbənin əldə edilməsində Əlahiddə Ümumqoşun Ordunun da böyük rolu olub. Xüsusi təyinatlı bölmələrimiz zəfər yolunu Şuşada tamamlayaraq “Dəmir Yumruğ”un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstəriblər. Bu gün döyüş hazırlığını daha da yüksəldən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti Naxçıvan Muxtar Respublikasının müdafiəsində cəsarətlə dayanır, müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz vəzifəsini şərəflə yerinə yetirir.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularına müxtəlif adda medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Sonda şəxsi heyətin təntənəli keçidi olub.

Əlahiddə Ümumqoşun Orduda 8 Noyabr Zəfər Gününün təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar hazırlanan tədbirlər planına əsasən növbəti tədbirlər  Təlim-Tədris Mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə və Naxçıvan Qarnizonunun tam orta məktəbində keçirilib. Şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirildiyi tədbirlərdə çıxış edənlər 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, dövlət-xalq-ordu birliyindən danışıb, müharibə iştirakçıları öz döyüş xatirələrini bölüşüb.

Qeyd olunub ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin konsert proqramı, hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirlərdə Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları tərəfindən vətənpərvər mövzuda şeirlər bədii qiraət edilib, mahnılar səsləndirilib və ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Nəşr edilib : 08.11.2023 18:54