AZ EN RU

“Əl Cəzirə” qəzeti Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərindən yazıb

Ər-Riyadda nəşr olunan “Əl Cəzirə” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri haqqında məqaləsi dərc olunub.
"Şərq qapısı"AZƏRTAC -a istinadən xəbər verir ki, məqalədə prezident seçkilərinin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusuna qarşı başlatdığı və 44 gün davam edən müharibədə Qələbəsi və ötən il aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində işğal altında olan Xankəndində Azərbaycan Bayrağının dalğalanması kimi möhtəşəm hadisələrdən sonra təşkil edildiyi vurğulanır.
Müəllif yazır ki, prezident seçkilərində 7 namizəd, o cümlədən müxalifətin nümayəndələri iştirak edəcəklər. Müşahidəçilərin fikrincə, ölkənin hazırkı Prezidentinin qalib gəlmə ehtimalı daha yüksəkdir.
Yazıda diqqətə çatdırılır ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası seçkilərə “Qalib xalqın Qalib lideri!” şüarı ilə gedir. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində qalib gələcək namizədin Azərbaycanın davamlı inkişafına, müdafiə qabiliyyətinin daha da güclənməsinə, xalqın milli birliyinin möhkəmləndirilməsinə əsaslanan yeni milli doktrina ilə yeni dövrə başlayacağı gözlənilir.

Səfir bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi prezident seçkilərinə hazırlıqla bağlı səfirliklərə plan təqdim edib və ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların səsvermə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görülüb. Belə ki, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən 18 yaşına çatmış, ölkədən kənarda yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan vətəndaşların adlarının olduğu seçici siyahıları hazırlanıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Məqalənin sonunda vurğulanıb: “Prezident seçkiləri Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, onun ərazi bütövlüyü və suverenliyinin tam təmin edildiyi şəraitdə keçiriləcək”.

Nəşr edilib : 05.02.2024 12:51