AZ EN RU

"Ekspertizanın xüsusiyyətləri" mövzusunda seminar müşavirə keçirilib.

28 oktyabr 2023-cü il tarixdə Naxçıvan Hərbi Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Əlahiddə Ümumqoşun  Ordunun Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin birgə təşkilatçılığı ilə “Odlu silahın tətbiqi ilə baş vermiş hadisələr üzrə aparılan istintaq hərəkətləri, maddi sübutlarla davranış qaydaları və təyin edilmiş ekspertizaların xüsusiyyətləri” mövzusunda seminar müşavirə keçirilib.

 Naxçıvan Qarnizonu Hərbi Hospitalında məhkəmə tibb ekspertlərinin və Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrin müvafiq tibb personalının iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 
Tədbiri giriş sözü ilə açan Naxçıvan Hərbi prokurorunun müavini Ramil Məmmədyarov çıxışında qəsdən adam öldürmə, özünü öldürmə və digər odlu silahla törədilmiş hadisələr üzrə həyata keçirilən istintaq hərəkətləri, o cümlədən təyin edilmiş ekspertizaların düzgün və obyektiv nəticələnməsi, eyni zamanda həmin hadisələrə düzgün hüquqi qiymət verilməsi üçün hadisə yerinin və meyitin baxışı dəqiq keçirilməli, maddi sübutlar müəyyən edilərək qanunauyğun qaydada qablaşdırılıb götürülməli və ekspertizaya təqdim edilən tədqiqat obyektləri ilə düzgün  rəftar edilməli olduğunu qeyd edib.
Sonra Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Rafiq Cəfərov, həmin Mərkəzin bölmə rəisi Səməd Şahtaxtınski, Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin direktoru Məmmədtağı İbrahimov, həmçinin digər ekspert və vəzifəli şəxslər çıxışlar ediblər. 
Sonda  çıxışlar ətrafında müzakirələr aparılıb.

Nəşr edilib : 28.10.2023 15:03