AZ EN RU

Ekoloji turizmin ideal məkanı – Naxçıvan şəlalələri

    Çox qədim bir sivilizasiyanın ecazkar izlərini və mədəni-tarixi irsini qoruyub saxlayan Naxçıvan Muxtar Respublikası zəngin coğrafi landşafı, təbii sərvətləri, tarixi, dini, təbiət abidələri, müalicəvi mineral suları, gursulu dağ çayları, rəngarəng gölləri və şəlalələri ilə zəngin turizm ehtiyatlarına malikdir. Bu gün sizi ecazkar gözəllikləri müşahidə göyərtəsində muxtar respublikanın fərqli bölgələrində yerləşən valehedici mənzərələrlə şöhrət çələnginə sahib şəlalələrə eksklüziv səyahətə dəvət edirik.

    Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində Zəngəzur silsiləsinin Ayçınqıl aşırımından 3707 metr hündürlükdən başlayan eyniadlı çayın üzərində Pəzməri şəlaləsi yerləşir. Su sərfi axınının sürəti və gücünə görə Azərbaycanda ən iri şəlalələrdən biri olan Pəzməri şəlaləsi kanionvarı dar dərələrdən keçərək əsrarəngiz təbiət abidəsi yaradır, şəlalənin nisbi hündürlüyü 16 metrə, ortaillik su sərfi saniyədə 1,34 kubmetrə çatır. Suyunun tərkibi hidrokarbonatlı, kalsiumlu olub, minerallaşma dərəcəsi 90 milliqram litrə bərabərdir. Əsаsən bulаq və qаr sulаrı ilə qidаlаnan şəlalənin karbonatlı süxurlar üzərində nisbi hündürlüyü, təxminən, 18 metrdir. 40 metr hündürlükdən aramsız aşağı tökülən su qayalara çırpılaraq Günəş şüalarından isinən irili-xırdalı daşları parıldadır. Şəlalənin ətrafındakı dilsiz qayaların heykəlləşən görüntüsünü seyr edən hər kəs bu təbiət abidəsinin yaratdığı mənzərənin qarşısında heyranlıq duyur, gözləri önündə suyun daşlarla birgə yaratdığı qeyri-adi təbiət muzeyinin eksponatları, əsrlərin dərinliklərindən süzülüb gələn ulu tariximizin səhifələri canlanır.

    Pəzməri çayının üzərindəki eyniadlı böyük şəlalədən başqa, bir neçə kiçik şəlalə də mövcuddur. Həmin şəlalələr burada olduqca gözəl bir mənzərə yaratmaqla yanaşı, həm də ərazinin turizm potensialından xəbər verir. Bu şəlalələrdən ən bolsulu olanı “Qаplаn” аdı ilə tаnınır. Şəlalənin belə adlandırılması həmin ərazidə qaplanın çox olması ilə əlaqələndirilir. Çünki bu dağlar zəngin heyvanat və bitki aləmi ilə məşhurdur. Ana təbiət burada dağ keçisi, ayı, canavar, porsuq və digər heyvanların, o cümlədən müxtəlif meşə quşlarının yaşamasını təmin etmişdir. İlin yaz və yay aylarında ətrafda çayların və şəlalələrin səsi quşların nəqəratı ilə birləşib insana inanılmaz fərəh verən təbiət simfoniyası yaradır. Bu mahnıya şəlalələrin başladığı yüksəkliklərin çiləmə buludların, xəfif küləklərin yaydığı həzin musiqi sədalarını da, əlavə etsək, insan ruhunun qidası olan və heç bitməyən bənzərsiz səslərin qayalarda əks-sədasını zövqlə dinləyəcəksiniz. Bu səbəbdən muxtar respublika sakinləri ilə bərabər, vaxtaşırı, xüsusilə də ilin yaz və yay aylarında digər bölgələrdən də insanlar məhz bu şəlalələr kompleksini görmək və ətrafında hökm sürən atmosferi yaşamaq üçün buraya gəlirlər. Onu da qeyd edək ki, kənd turizminin ideal məkanı olan Pəzməri kəndində və Pəzməri şəlaləsinə gedən yolda geniş quruculuq işləri aparılır. Ərazidə turizm infrastrukturunun vəziyyətinə və görülən işlərə baxış zamanı Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Kənd­lərdə quruculuq işləri ona görə aparılır ki, insanlar rahat və firavan yaşasınlar. Həyata keçirilən tədbirlər məskunlaşmanı da artıracaqdır. Artıq Pəzməri turistik bölgəyə çevrilir. Kəndə turist axını sakinlərin istehsal etdiyi məhsulların alınmasına da səbəb olacaqdır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşması ilə nəticələnəcəkdir”.

    Pəzməri və Unus kəndləri arasında yerləşən Unus şəlaləsi dağlar arasından boylanan qayalardan qırılaraq aşağı tökülür. Pəzməri şəlaləsi qədər hündür olmasa da, qeyri-adi gözəlliyə malikdir. Şəlalənin suyu hidrokarbonatlı, natriumlu və kalsiumludur. Turistik kənd olan Unusa yolunuz düşsə, eyniadlı şəlaləni də görməyi unutmayın. Burada siz qayalara çırpılaraq pulcuq-pulcuq ətrafa səpələnən suların sonsuz axışını, çəmənliklərin və kolların bu suların musiqi sədaları altında rəqsini izləyər və oksigenlə zəngin havaya malik yaşıllıqlar qoynunda istirahət edərsiniz.
    Yaşıllıqlarla örtülü dağlar gözəli Havuş kəndində 2100 metr hündürlükdə yerləşən Havuş şəlaləsi bu yerlərə xüsusi gözəllik verir. Yazdan başlayaraq noyabr ayına kimi bir neçə bulağın suyundan qidalanan Havuş şəlaləsi böyük qonaqpərvərliklə ziyarətinə gələnləri qarşılayır. Ətrafı itburnu, yemişan, baldırğan, müalicəvi bitkilərlə zəngindir. 
    Şahbuz rayonunun Kükü kəndində Dərələyəz silsiləsinin cənub-qərb hissəsində qar suları ilə qidalanan Gurbulaq şəlaləsi yerləşir. Sıldırım qayalardan sızan sular 40 metr hündürlükdən bölünərək 3 istiqamətdə aşağı tökülür. Dağlarda qarın əriməsi və güclü yağışlar hesabına suyu bol və sərindir. Gurbulaq şəlaləsi Dərəboğazında əsrarəngiz mənzərə yaradır, gursulu bulaqlara həmrəylik edir, lalə, nanə, sarıçiçəyi, cacıq, çobanyastığının ətrini sularına hopdurub ətrafa çiləyir. Təmiz hava, sıldırım qayalardan və çoxsaylı bulaqlardan axan sərin su və müalicəvi bitkilər bu yerləri unikal turistik məkana çevirir.
    Nəhayət, yolumuz Duzdağda yerləşən nadir və bənzərsiz Duz şəlaləsinədir. Duz laylarının altından axan su axıntıları yer səthinə çıxarkən buxarlanır, torpağa qarışan duzu da özü ilə bərabər, yer səthinə çıxarır və Duz şəlaləsini əmələ gətirir. Suyu xloridli, natriumlu, kalsiumludur. Bu əsrarəngiz şəlalə ilin bütün fəsillərindən və iqlim şəraitindən asılı olaraq fərqli şəkillərə düşür, qış aylarında buz bağlamaq yerinə duz bağlayır, yağıntılar olmadıqda duz çöküntüləri quruyaraq ağ örpəyə bürünmüş gəlin kimi ərazidə bənzərsiz bir təbiət abidəsi yaradır. Dağlara səyahət etməyi sevənlər bu yerlərdə irili-xırdalı “daş akvariumlar”la qarşılaşacaq, duzla örtülən və Günəş şüalarından parlayan daşların üzərində ulu tariximizin izlərini görəcək və minilliklərin naxışlarını qoruyub saxlayan su-daş, qaya harmoniyasına heyran qalacaqlar.
    Bu şəlalələrlə bərabər, Ordubadda və Şahbuzda onlarla kiçik şəlalələr də var ki, onlar da əsrarəngiz mənzərələri ilə sizlərin yolunu gözləyir.

    Beləliklə, Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında təbiət abidələrinin tanıdılması, turizm ehtiyatlarının öyrənilməsi, yeni turizm marşrutlarının müəyyən edilməsi, kənd turizmi və ekoturizmin inkişafına yönəlmiş fəaliyyətlər turizm potensialının artırılmasına və regionda turizmin davamlı inkişafına zəmin yaradır.

Fizzə MƏMMƏDOVA
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun 
Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, dosent

Nəşr edilib : 25.07.2022 21:12