AZ EN RU

Ekoloji tədbirlər mütəşəkkilliklə davam etdirilir

    Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biridir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasətin bu gün ölkəmizdə uğurla həyata keçirilməsinin nəticəsidir ki, son illər muxtar respublikada da yaşıllıqların həcmi dəfələrlə artıb, qədim diyarımız yaşıllıqlar məskəninə çevirilib. Ötən dövr ərzində diyarımızda təbiətin mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, bəzək kolları, həmişəyaşıl, həmçinin meşə ağaclarının əkilməsi, müntəzəm olaraq onlara qulluq edilməsi diqqət mərkəzində saxlanılıb, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilib.
    Noyabr ayının 26-da təşkil olunan ekoloji tədbirlər də yüksək səviyyədə keçirilib. Naxçıvan şəhərinin sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri bu tədbirdə fəallıq göstəriblər. Həmin gün Naxçıvan-Sədərək magistral avtomobil yolunun sol hissəsində 6 hektarlıq ərazidə salınmış yeni bağda 750 üzüm, 500 müxtəlif meyvə və 500 həmişəyaşıl ağac əkilib, dairəvi avtomobil yolunun yaşıllıq sahələrində 200 meşə və 200 meyvə ağacı bərpa olunub. Ahıl vətəndaşın evində təmizlik işləri görülüb.
    Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri də, əvvəlki tədbirlərdə olduğu kimi əzmkarlıq nümayiş etdirib, Dizə, Həmzəli və Axura kəndlərində yol kənarlarında bərpa məqsədilə 1000 meşə ağacı əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. 
    Şənbə günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Bölgə sakinləri muxtar respublikanın ekologiyasına öz töhfələrini verməyə çalışıb, Uzunoba kəndində yeni bağda 480 meyvə, rayonun yeni salınmış bələdiyyə bağlarında, ümumilikdə, 2682 meyvə ağacı əkilib, idarə və təşkilatların sahələrində bərpa əkinləri aparılıb, 856 meyvə, 15 meşə, 44 həmişəyaşıl ağac və 231 gül kolu əkilib.
    Ordubad da ekoloji tədbirlərdə fəallıq göstərməklə bu gün bağlar diyarına çevrilib. Şənbə günü rayonun Azadkənd və Yuxarı Əylis kəndlərində salınmış 0,5 hektarlıq bələdiyyə bağlarında müvafiq olaraq 350 və 300 meyvə ağacı əkilib, Naxçıvan-Ordubad magistral yolunun Dəstə kəndi hissəsindəki yaşıllıqlarda 650 meyvə ağacı bərpa olunub. 
    Culfa rayonunun kəndlərində yeni salınmış bələdiyyə bağlarında 1,9 hektarlıq sahədə 950 meyvə, bərpa məqsədilə yaşıllıq sahələrində 800 meyvə və 450 meşə ağacı əkilib.
    Kəngərli rayonunda Naxçıvan-Sədərək magistral avtomobil yolunun Qabıllı kəndi hissəsindəki yeni salınmış bağda 1600 meyvə ağacı, kəndlərin yeni salınmış bələdiyyə bağlarında, ümumilikdə, 1,5 hektarlıq ərazidə 620 meyvə ağacı əkilib. Yol kənarlarındakı yaşıllıq zolağında isə 80 həmişəyaşıl ağac əkilib, Xok kəndindəki badam bağında 860 badam tingi bərpa olunub. Bundan əlavə, yaşıllıq sahələrində bərpa məqsədilə, ümumilikdə, 1850 meyvə və 30 meşə ağacı əkilib. 
    Sədərək rayonunda Naxçıvan-Sədərək magistral avtomobil yolunun kənarlarındakı yaşıllıq zolağında bərpa işləri aparılıb, 200 meşə ağacı və 250 üzüm kolu əkilib. Heydərabad-Sədərək avtomobil yolunun kənarlarında 220 meşə ağacı bərpa olunub, qəsəbədəki 2 hektarlıq bağda 600 badam tingi, Dəmirçi kənd qəbiristanlığında 150 meşə, gömrük məntəqəsinə gedən yolun kənarlarında 170 müxtəlif meyvə tingi, Bayraq Meydanında 200 həmişəbahar əkilib.
    Ekoloji tədbirlərdə 17 min 45 nəfər iştirak edib. Ümumilikdə, 17 min 788 olmaqla, 2265 meşə, 13 min 468 meyvə, 624 həmişəyaşıl ağaclar, 431 gül və bəzək kolları, 1000 üzüm kolu əkilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 28.11.2022 20:53