AZ EN RU

Ekoloji tədbirlər diqqət mərkəzindədir

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2022-ci ilin Tədbirlər Planına uyğun olaraq oktyabr ayında nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilmişdir. Hesabat ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə aparılması məqsədilə 57 yoxlama-reyd keçirilmiş, 3 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür. 
    Muxtar respublika təbiətinin qorunması üçün inzibati tədbirlərlə yanaşı, əhali arasında ekoloji-hüquqi maarifləndirmə tədbirləri də icra edilmişdir. Bu məqsədlə Şərur rayonunun Tənənəm və Ordubad rayonunun Dırnıs kəndlərində ətraf yaşayış məntəqələrinin də nümayəndələrinin iştirakı ilə ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilmişdir. Maarifləndirici tədbirlərdə ətraf mühitin mühafizəsi, brokonyerlik hallarına qarşı birgə mübarizə, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması, yabanı meyvə, dərman bitkilərindən, otlaqlardan səmərəli istifadə və torpaqların münbitliyinin qorunması barədə müzakirələr aparılmışdır. Ətraf mühitə təsir hallarının aradan qaldırılması məqsədilə bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir. 
    Oktyabr ayında 47 müəssisə tərəfindən təbii ehtiyatlardan istifadə və ətraf mühitə atılan tullantılara, təbii sərvətlərdən istifadəyə, 2 müəssisə tərəfindən isə mineral xammal bazasının bərpasına ayırmalara görə, ümumilikdə, nazirliyin xüsusi hesabına 10746,50 manat ödəniş həyata keçirilmişdir.
    Ötən ay Şərur, Ordubad, Şahbuz, Kəngərli və Culfa rayonlarının 18-ə yaxın yaşayış məntəqəsi ərazisində monitorinqlər aparılmış, su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması və mərkəzi avtomobil yollarının kənarlarında yerləşən yaşıllıq zolaqlarındakı mövcud vəziyyət öyrənilmişdir. Monitorinqlər zamanı qeydə alınmış çatışmazlıqlar barədə aidiyyəti üzrə bildirilmişdir. Sədərək Rayon Su Monitorinq Laboratoriyasında ötən ay Araz və Arpaçay çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 4 su nümunəsi olmaqla, ümumilikdə, 12 su nümunəsi götürülmüş və 138 analiz aparılmış, nəticədə, ağır metallar və tritium izotopunun radioaktivlik dozası norma həddini keçməmişdir.
    Payız mövsümündə yeni yaşıllıqların salınması ilə bağlı hazırlıqlar davam etdirilmişdir. Ümumilikdə, 18,5 hektar sahədə ötən illərdə salınmış meyvə bağlarında bərpa aparılması məqsədilə çalalar qazılmış ərazilər kol-kosdan təmizlənmiş, 60 hektar sahədə isə toxum üsulu ilə əkin işlərinin aparılması məqsədilə şırımlar çəkilmişdir. İlin əvvəlindən təsdiq olunmuş toxum bölgüsünə uyğun olaraq hesabat ayında 284 kiloqram müxtəlif meyvə və meşə cinslərinin toxumları tədarük olunmuşdur. Toxum tədarükü mövsümə uyğun olaraq davam etdirilir. Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun sol kənarında və Uzunoba Su Anbarının yuxarı hissəsində 230 müxtəlif meyvə dibçəyi ilə bərpa aparılmışdır.
    Qurumuş ağacların kəsilərək muxtar respublika ərazisində yerləşən hərbi hissələrə verilməsi davam etdirilmiş, 300 kubmetr odun tədarük olunaraq Naxçıvan şəhərində yerləşən hərbi hissələrə və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına verilmişdir. Qoşadizə, Xətai ərazilərindəki tingçilik sahələrində ay ərzində 1,8 hektar sahə alaq otundan təmizlənmiş, 10 hektar sahədə suvarma aparılmış, Qoşadizə tingçilik sahəsində yeni yaradılacaq toxmacarlıq sahəsi şumlanmış, 100 kiloqram şumaltı gübrə verilmişdir.
    Muxtar respublika ərazisində meteoroloji şəraitin öyrənilməsi, hava haqqında dəqiq məlumatların, proqnozların hazırlanması, əlaqədar dövlət orqanlarının və ictimaiyyətin hidrometeoroloji məlumatlarla təmin edilməsi üçün zəruri tədbirlər ay ərzində davam etdirilmişdir. Hesabat ayında geoloji axtarış, kəşfiyyat kameral və ümumi xarakterli işlər yerinə yetirilmişdir.
    Hesabat ayında Şahbuz rayonunun Batabat, Kükü dağı, Keçəldağ, Culfa rayonunun Gəvik, Kola və Dəmirli, Ordubad rayonunun Əyriçay, Parağaçay yaylaqları ərazilərində məskunlaşmış sahibkar, fermer və ailə təsərrüfatçıları ilə maarifləndirici söhbətlər aparılmış, onlara yaylaqdan istifadə qaydaları, növbəli otarma sisiteminin tətbiq edilməsi, yanğından mühafizə qaydaları, yaylaq mövsümünün başa çatması ilə əlaqədar olaraq ərazilərdə səliqə-sahman yaradılması və məişət tullantılarının idarə olunmasına dair ətraflı məlumatlar verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.11.2022 20:13