AZ EN RU

Ekoloji tarazlıq hər kəsi düşündürməlidir

    Cəmiyyətin iqtisadi və mədəni inkişafı üçün zəruri olan bütün təbii ehtiyatların rasional istifadəsi kimi onların mühafizə olunması və bərpası da həyativacib məsələlərdən olub, öz əhəmiyyətini getdikcə daha qabarıq şəkildə göstərir. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, enerji kimi təbii ehtiyatlara birbaşa ehtiyac duyulduğu sahələrlə yanaşı, bütün digər sosial-humanitar sahələr də dolayısı ilə ekoloji tarazlığa olduqca həssasdırlar. Nə qədər texnoloji vasitələrlə silahlansa da, insanın təbiətin bir parçası olduğunu nəzərə alsaq təbiətin mühafizəsi kimi məsələlərin onun özünün varlığını şərtləndirdiyini bu gün ekoloji məsələlərlə ilk dəfə tanış olan orta məktəb şagirdi də yaxşı bilir. 

    Bugünkü dünya gündəmi, daxili və xarici siyasət məsələləri, qlobal və regional miqyaslı layihələr və sosial-iqtisadi inkişaf proqramları bu və ya digər şəkildə hökmən planetin gələcəyini özündə ehtiva edən ekoloji problemlər və onların həlli yolları ilə aparılan müzakirələrlə ifadə olunur. Qlobal istiləşmə, buzlaqların əriməsi, səhralaşma və bunların nəticəsi olaraq ərzaq və içməli su problemləri, həmçinin biomüxtəlifliyin qorunması kimi dünyanı düşündürən problemlər, eləcə də sənaye, məişət və təsərrüfat tullantıları ilə ərazilərin, axar su hövzələrinin çirklənməsi də artıq ən ucqar yerlərdə yaşayan insanları da narahat edən məsələlərdir. Elə buna görə də ölkəmizdə ekoloji tarazlıq məsələləri də həmişə dövlətin diqqət mərkəzində olmuş, xüsusən Qarabağın erməni işğalı dövründə Azərbaycana vurulmuş ekoloji zərərlər dövlət başçımız tərəfindən beynəlxalq təşkilatlar qarşısında ciddi məsələ kimi qarşıya qoyulmaqdadır. Ekoloji problemlərin lokal səviyyədən daha çox qlobal xarakter daşıması, tək bir ölkənin daxili məsələsi olmaması reallığını başa düşməyən təcavüzkar Ermənistan özünün məsuliyyətsiz hərəkətləri ilə bütün Cənubi Qafqaz regionunda, həmçinin Araz çayı hövzəsində ekoloji gərginliyi artıran əməllərə yol verməkdədir. Otuz ilə yaxın işğal müddətində Qarabağın yeraltı və yerüstü sərvətlərini talayan Ermənistan Qafanda və Qərbi Zəngəzurun digər yerlərində həyata keçirdiyi qəddar hasilat sənayesi siyasəti, həmçinin Arazdəyən vadisində, Naxçıvanla sərhəddə tikintisi aparılan tullantılı sənaye obyekti ilə bu ölkənin bölgədəki ekoloji tarazlığa qarşı destruktiv münasibətini bir daha ortaya qoyur. Şübhəsiz, Ermənistanın ekoloji tarazlığa vurduğu zərər Fransa, Çin və ya Hindistanı deyil, onunla həmsərhəd olan ölkələri düşündürür. Araz çayının çirkləndirilməsi, fiziki və mənəvi aşınmaya məruz qalmış və yüksək seysmik zonada yerləşən köhnə texnologiyalı Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti hamıdan çox Naxçıvanda yaşayan insanların həyatı üçün təhlükə doğurur. Bundan başqa, indiki iqlim dəyişikliyi, quraqlığın təsirlərinin hər gün daha çox hiss olunduğu dövrdə Urmiya gölünün də quruması, yaxud qurudulması da bölgəmizdə ekoloji tarazlığı pozan ciddi amillərdəndir. 
    Qeyd edək ki, Naxçıvanda fəaliyyət göstərən ekologiya rəsmiləri bu mövzular barədə hələ ki, geniş çıxışlar etməsələr də, mərkəzi mətbuatla birgə yerli media orqanları və sosial şəbəkələrdəki aktiv insanlar bu barədə dəfələrlə problemin nə qədər kəskin olduğunu bildirmişlər. Məsələyə birbaşa müdaxilə hələ ki, mümkün olmasa da, ən azından dünyaya etiraz səsimizi çatdırmaq da haqqımız, həm də borcumuzdur. Çünki Azərbaycanın dövlət müstəqilliyinin ilk illərindən başlayaraq Naxçıvanın Ermənistan tərəfindən blokadaya alınması ilə qarşılaşdığımız ən böyük problemlər arasında yanacaq qıtlığı ucbatından ağacların kəsilməsini yaxşı xatırlayırıq. Bununla yanaşı, ötən dövrdə muxtar respublikada gedən inkişaf prosesləri, həyata keçirilən iqtisadi layihələr burada ətraf mühitin mühafizəsi məsələlərinin əhəmiyyətini daha da artırmış və bu sahə daim olaraq ölkə rəhbərinin diqqətində olmuşdur. Naxçıvanda yaradılmış milli park, qoruq və yasaqlıqlar, yaşıllaşdırma və ekoloji maarifləndirmə məsələləri regionumuzda ekoloji tarazlığın böhran həddindən çox aşağıda, minimum səviyyədə olmasını təmin etmişdir. Cari ilin 5 iyun tarixdə qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da Naxçıvanda ətraf mühitin mühafizəsinin gücləndirilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuş, ekoloji tarazlığın, bioloji müxtəlifliyin qorunması, yaşıllıqların mühafizəsi, təbii sərvətlərdən, xüsusilə sudan səmərəli istifadə vəzifələri müəyyənləşdirilmiş, bərk məişət tullantılarının idarə olunması üzrə layihələr həyata keçirilməsi nəzərdə tutulmuşdur. 
    Naxçıvanda mövcud ekoloji vəziyyət bir çox yerlərlə müqayisədə insanların daha çox arzu etdiyi səviyyədədir. Tullantılı sənaye sahələri olmayan Naxçıvanda hava təmizliyinin nə qədər dəyərli bir sərvət olduğunu buraya gələn yerli və əcnəbi turistlər həmişə etiraf edirlər. Belə ki, Duzdağa müalicəyə gələn turistlərin bir çoxu hələ hava limanında təyyarədən endiyi zaman Naxçıvanın quru və təmiz havasının onların ciyərlərinə nə qədər şəfalı gəldiyini söyləyirlər. Eləcə də Şahbuz və Ordubadın dağlarından axıb gələn təmiz suların, yabanı dağ pencərlərinin, orqanik heyvandarlıq və bitkiçilik məhsullarının da dad-tamı və orqanizmə faydası Naxçıvana gələn insanların dilindən düşmür. Naxçıvan camaatının imanı, uşaq-böyüyün paklığa olan həssaslığı yol və küçələrin, eləcə də təbiət guşələrinin təmiz saxlanılmasına səbəb olan ən böyük amillərdən biridir. Orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, hələ 1990-lara qədər Naxçıvanın dağ kəndlərində indiki kimi içməli su xətlərinin çəkilmədiyi dövrdə insanlar səhərin sübhündə axan çaydan gündəlik içməli suyu götürüb işlədərmişlər. Şübhəsiz, o zamanlar indiki kimi axar su hövzələrini çirkləndirən ekstensiv maldarlığın, yaxud sürü halında kəndlərə basqın edərək əhalinin min əziyyətlə ərsəyə gətirdiyi əkin-tikinləri məhv edən, meyvə ağaclarının qabığını soyub qurumasına səbəb olan çöl donuzlarının və ya bulaq başlarına atılmış plastik tullantıların olmadığı bir dövrdə axar suların da təmiz olmasına hər kəs inanardı. Yenə bir 30-40 illik keçmişə qayıtsaq, hazırkı Zəngəzur Milli Parkının ərazisinə daxil olan Şahbuz, Ordubad və Culfanın dağ kəndlərində bitən yabanı dağ pencərlərinin son illərdəki kimi yaz aylarında kökündən qazıyıb yük maşınları ilə Naxçıvan bazarına daşıyıb varlanmaq məqsədilə satıldığını heç kim xatırlamaz. Bəlkə də, o vaxtlar heç ekoloji nəzarət də bu qədər ciddi deyildi və ya dövlət ekoloji məsələlərə indiki kimi xeyli vəsait də ayırmırdı. Hər halda həmin dövrlərdəki mənzərəni bu yazını oxuyanlar yaxşı xatırlayırlar. Ancaq bugünkü vəziyyətə baxsaq, deyə bilərik ki, əgər bu sahədəki dırnaqarası ekoloji nəzarət belə davam edərsə, 20-30 ildən sonra gələcək nəsillər Naxçıvanda mövcud olmuş belə faydalı yabanı pencərlərin və dərman bitkilərinin mövcudluğunu ancaq biologiya kitablarından oxuyacaqlar! 
    Ekoloji böhranın həlli bu sahə üzrə ciddi elmi araşdırmalar, müşahidə, monitorinq işləri tələb edən məsələdir. İnsan ayağı dəyən hər yerdə bu və ya digər səviyyədə ekoloji böhran olduğunu nəzərə alsaq müasir dünyada dayanıqlı inkişaf naminə ekoloji böhranı onu yaradan səbəblərin minimumlaşdırılması və alternativ həll yollarının tapılması ilə həll olunması da daha məqsədəuyğun hesab olunur. İnsan-təbiət tandemində cəmiyyətin inkişafı şərtilə təbii ekosistemin də bütövlüyünün qorunması, bu baxımdan dövlət orqanlarının qarşısına qoyulmuş vəzifələrdəndir. Yaşıllıq sahəsinin genişləndirilməsi və mövcud olanların qorunması, nəsli kəsilməkdə olan fauna və flora nümunələrinin ciddi şəkildə mühafizəsi, ekoturizmə və onun xüsusi yarımnövləri olan kənd və aqroturizmə dəstək verilməsi, bu mənada, dünya miqyasında öz təsdiqini tapmış müsbət təcrübədir. Ayrıca olaraq insanların ucqarlarda məskunlaşması, məşğulluğunun təmin olunması, yaxud miqrasiyası kimi məsələlər də ekoloji vəziyyətlə qarşılıqlı olaraq səbəb-nəticə əlaqələri baxımından asılı olduğundan insan amilinin ən prioritet olmasını nəzərdə saxlamaqla digər problemlərin də həllində ən humanitar yolların məhz yuxarıda qeyd edilənlər olduğunu ifadə edə bilərik. Çünki artıq qeyd etdiyimiz kimi məşğulluq və qazanc naminə təbiətin korlanması qəbul edilmədiyi kimi, ucdantutma qadağalarla da əhalinin daimi yaşayış yerindən köçməsinin də sonralar dövlət qarşısında nə qədər ciddi problemlər yaradacağını hər kəs bilməlidir. Hər halda bu məqamda mövzu ilə bağlı suallar da yaranır. Misal üçün, bu ilin yazında keçirilmiş ağacəkmə aksiyalarında əkilmiş minlərlə meyvə və meşə ağacları tinglərinin bu yayın istisindən neçəsinin oxlov kimi qurumadığını ekologiya və ya icra hakimiyyəti rəsmilərindən görəsən bir nəfər bilən varmı? Axı ağac əkmək hələ işin başlanğıcıdır. Naxçıvan kimi hər yerə sal daşlar döşənmiş, qızmar Günəşin də yayda yaxıb-yandırdığı bir şəhərdə isə hər meyvə ağacının, hər kölgəliyin ərsəyə gəlməsi ən azı 10 il tələb edir! Oxucularımız da təsdiq edə bilər ki, xüsusən ötən 10-15 il əvvəldən bəri bəzi məsuliyyətsiz inşaatçıların sonradan yarıtmaz halda təhvil verdikləri obyektlərin tikintisi, yaxud təmir işinə hələ başlamamışdan qabaq ilk “vəzifəsi” 20-30 metr ətrafdakı bütün iri ağacların kəsilib sonradan yerinə izafi məsrəfli bəzək ağacları əkmələri olmuşdur. Mövzu ilə bağlı müraciət etdiyimiz Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu məsələ ilə əlaqədar aldığımız arayışda bildirilir ki, ağacların kəsilməsi və ya götürülməsi dövlətin müvafiq qanunu ilə tənzimlənir, bununla bağlı həmin qurumun icazəsi alınır və qanun pozuntusuna görə müvafiq cərimələr tətbiq olunur. Elə isə, görəsən, bu dövrdə nə qədər məbləğdə dövlətin büdcəsinə cərimə ödənilmişdir?! 
    Təbiətə qayğı insanın içindən gələn, onu qorumağa yönəlmiş, hər əməlində hiss olunan bir istək olmalıdır. Hələ qəzetimizin 27 sentyabr 1969-cu il sayında görkəmli alimimiz, coğrafiya elmləri doktoru, professor Budaq Budaqovun imzası ilə dərc olunmuş “Mərcan gözlü Batabat” başlıqlı məqalədə bu təbiət incisinin ferma məqsədilə deyil, turizm məqsədilə istifadəsi ideyası ortaya atılmış, insanları təbiət gözəlliklərini məhv etməyə deyil, ondan zövq alıb, rekreasiya olunub daha uzun ömür yaşamağa çağırışlar edilmişdi. Bəli, ovaxtkı 1950-1960-cı illər həmin dövr idi ki yenə də bir əsrlik qəzetimizin arxivində də rast gəldiyimiz xəbərlərdən də gördüyümüz kimi, qoyunlara hücum edən pələngləri odlu silahla öldürənlər günün qəhrəmanı kimi mətbuata çıxarılırdı. Ancaq, şükürlər olsun ki, bu gün Naxçıvan ərazisi nadir vəhşi heyvanların etibarlı şəkildə qorunduğu, dağ keçilərinin az qala kənd həyətlərində otlayıb, bağçalara su gətirən arxlardan su içdiyi bir məkana çevrilib. Bu da, öz növbəsində, Naxçıvanın Batabat, Gurbulaq, Göygöl, Ağbulaq, Şahbulaq, Ərəfsə, Boyəhməd və digər bu kimi ərazilərində ekoturizm üçün geniş imkanlar açır. Ekoturizm isə yaşıllıqların necə gəldi tapdalanması, təbiət abidələrinə haradan gəldi cığırlar salınması, ətrafın tullantılarla çirkləndirilməsi deyil, səmərəli keçirilən aktiv istirahət, maariflənmə, xüsusən gənclərin ağıllı telefonlardakı oyunlardan qopub təbiətlə tanışlığı, fiziki və mənəvi sağlamlığa qovuşmaq fürsəti və eləcə də sağlam ekoloji davranış təcrübəsi qazanmaq deməkdir. Sağlam ekoloji davranış isə təbii sərvətlərdən, onların min illər sonra da gələcək nəsillərin istifadəsinə çatması şərtilə, bugünkü inkişaf üçün səmərəli istifadə ilə formalaşır. Bu isə təkcə dövlətin deyil, hər kəsin vəzifəsi olmalıdır. 

Əli CABBAROV

Nəşr edilib : 01.09.2023 19:06