AZ EN RU

Ekoloji maarifləndirmə tədbirləri davam etdirilir

    Sentyabr ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 61 yoxlama-reyd keçirilmişdir. Bu sahədə 5 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbirlər görülmüşdür. Muxtar respublika təbiətinin qorunması üçün inzibati tədbirlərlə yanaşı, əhali arasında ekoloji-hüquqi maarifləndirmə tədbirləri də icra edilmişdir. Keçirilən reyd-yoxlamalar zamanı yaşayış məntəqələrində əhali arasında fərdi ekoloji-hüquqi maarifləndirici söhbətlər aparılmış, ətraf mühitə təsir hallarının azaldılması, yanğından mühafizə tədbirlərinin icra edilməsi qaydaları, təbii sərvətlərdən səmərəli istifadə və mühafizə tədbirlərinin əhəmiyyəti haqqında geniş məlumat verilmişdir. 

    Ötən ay təbii ehtiyatlardan istifadəyə və çirkləndirici maddələrin ətraf mühitə atılmasına görə 4 müəssisəyə ekoloji ödəniş tətbiq olunmuş, 30 müəssisə tərəfindən təbii ehtiyatlardan istifadə və ətraf mühitə atılan tullantılara, 6 müəssisə tərəfindən isə mineral xammal bazasının bərpasına ayırmalara görə nazirliyin xüsusi hesabına ekoloji ödəniş həyata keçirilmişdir. Həmçinin 3 müəssisə tərəfindən atmosfer havasına atılan tullantılara görə xüsusi icazə sənədinin alınması üçün müraciət edilmiş və 297 manat ödəniş haqqı nazirliyin xüsusi hesabına köçürülmüşdür. Ümumilikdə, hesabat ayında nazirliyin xüsusi hesabına 50071,50 manat ödəniş həyata keçirilmişdir.
    Ay ərzində Şərur, Sədərək, Ordubad, Babək, Şahbuz, Kəngərli və Culfa rayonlarının 26-ya qədər yaşayış məntəqəsi ərazisində ekoloji monitorinqlər  aparılmış, su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması və mərkəzi avtomobil yollarının kənarlarında yerləşən yaşıllıq zolaqlarındakı mövcud vəziyyət öyrənilmişdir. Müəyyən edilmiş çatışmazlıqlar aidiyyəti üzrə bildirilmişdir. Araz və Arpaçay çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 4 olmaqla, ümumilikdə, 12 su nümunəsi götürülmüş və Sədərək Rayon Su Monitorinq Laboratoriyasında 138 analiz aparılmışdır. Nəticələrə əsasən manqan, nikel norma həddi aralığında olmuş, mis, qurğuşun, sink, dəmir, alüminium və tritium izotopunun radio­aktivlik dozası norma həddini keçməmişdir.
    Hesabat ayında “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində payız aylarında yeni yaşıllıqların salınması ilə bağlı ərazilərə baxış keçirilmiş, kənd təsərrüfatı əkinləri üçün yararsız olan sahələrdə meyvə bağlarının salınması, eroziya və şoranlaşmaya məruz qalmış torpaqların müəyyənləşdirilərək əkin dövriyyəsinə qaytarılması məqsədilə sxem-planlar hazırlanmışdır. Payız mövsümündə yeni yaşıllıqların salınması ilə əlaqədar olaraq, ümumilikdə, 5 hektar sahədə texnika vasitəsilə torpaq hazırlığı işləri aparılmış, çalalar qazılmış və ərazilərə 5 tondan artıq üzvi gübrə verilmişdir. Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun sol kənarına müxtəlif meyvə tingləri ilə bərpa aparılmış, 210 tut və ərik ağacı əkilmişdir. İlin əvvəlindən təsdiq olunmuş toxum bölgüsünə uyğun olaraq 350 kiloqram müxtəlif meyvə toxumları, 8 kiloqram akasiya toxumu tədarük olunmuşdur. Toxum tədarükü mövsümə uyğun olaraq davam etdirilir. Xətai ərazisindəki tingçilik sahəsində alma, tut, sarağan toxmacarlığına 150 kiloqram mineral gübrə verilmişdir. Həmçinin Məzrə Dövlət Meşəsi ərazisində və Əshabi-kəhf ziyarətgahına gedən yolun kənarlarında quru budama işləri aparılmış, 80 kubmetr odun Naxçıvan şəhərində yerləşən hərbi hissələrə verilmişdir.
    Qış mövsümündə fauna ehtiyatlarının daşduza və qaba yemə olan tələbatının ödənilməsi məqsədilə Ordubad Dövlət Təbiət Yasaqlığının Darıdağ, Zəngəzur Milli Parkının Şahbuz rayonu ərazisindəki Zərnətün dərəsi, Ordubad rayonunun Kotam kəndi ərazisinə və Arpaçay Dövlət Təbiət Yasaqlığının Billava ərazisinə, ümumilikdə, 400 kipdən artıq qaba yem və 8000 kiloqram daşduz yerləşdirilmişdir. Eyni zamanda ay ərzində keçirilən biotexniki tədbirlərdə 2100 kiloqramdan artıq daşduz ərazilərə dağıdılmışdır.
    Muxtar respublika ərazisində meteoroloji şəraitin öyrənilməsi, hava haqqında dəqiq məlumatların, proqnozların hazırlanması, əlaqədar dövlət orqanlarının və ictimaiyyətin hidrometeoroloji məlumatlarla təmin edilməsi üçün zəruri tədbirlər ay ərzində davam etdirilmişdir. Geoloji axtarış, kəşfiyyat və ümumi xarakterli işlər yerinə yetirilmişdir. 
    Yaylaq mövsümü dövründə Şahbuz rayonunun Batabat yaylağı ərazisində məskunlaşmış fermer, sahibkar və ailə təsərrüfatçılarının iştirakı ilə ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ekologiya və
 Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.10.2022 20:05