AZ EN RU

Ekoloji cəhətdən təmiz ərzaq məhsullarına olan tələbatın ödənilməsində soyuducu anbarların da böyük rolu var

    Son illər muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sektor üzrə dinamik inkişafa nail olunmuşdur. Yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə dəstəyinin göstərilməsi, məhsulun satışı üçün yarmarkaların keçirilməsi kənd təsərrüfatı sahəsində istehsalın həcminin ildən-ilə artmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, 2021-ci ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2020-ci illə müqayisədə 5,3 faiz artaraq 573 milyon 380 min 700 manata çatmışdır.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”  bu sahədə yeni istiqamətlər müəyyənləşdirmişdir. Pro­qramın icrası istiqamətində ötən il muxtar respublikada ərzaq məhsulları istehsal edən müəssisələr modernləşdirilmiş, bu sahədə yeni müəssisələrin yaradılması diqqət mərkəzində saxlanılmış, yeni anbarların qurulması, sahibkarlıq subyektlərinə dövlət maliyyə dəstəyinin göstərilməsi və digər tədbirlər həyata keçirilmişdir.

    Aqrar sektorun inkişafına xidmət edən mühüm tədbirlərdən biri də soyuducu anbarların yaradılmasıdır. Çünki bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar meydana çıxan problemləri aradan qaldırmaqla meyvə-tərəvəz məhsullarının yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatına imkan verir. Ötən il Naxçıvan şəhərində fəaliyyət göstərən “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tutumu 800 ton olan soyuducu anbarı istifadəyə verilmiş, bununla da cəmiyyətin soyuducu anbarlarının sayı 4-ə, ümumi tutumu isə 2350 tona çatdırılmışdır.
    Muxtar respublikanın bölgələrində də kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə soyuducu anbarların yaradılması istiqamətində tədbirlərin uğurla həyata keçirilməsi daxili bazarda məhsul bolluğunu təmin etmişdir. Ötən il dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına böyük iqtisadi potensiala malik olan və sosial-iqtisadi cəhətdən sürətli inkişaf yolu keçmiş Şərur rayonunun İbadulla, Kürçülü, Dərvişlər, Cəlilkənd və Zeyvə kəndlərində tutumu 1020 ton olan 5 soyuducu anbarın yaradılması başa çatdırılmışdır. Hazırda muxtar respublikada ümumi tutumu 21 min 400 ton olan 50 soyuducu anbar  fəaliyyət göstərir.
    Bundan əlavə, muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatını yerli istehsal hesabına təmin etmək məqsədilə Babək rayonunun Badaşqan kəndində özəl investisiya qoyuluşu hesabına tutumu 600 ton olan yeni soyuducu anbarın qurulması davam etdirilmişdir.
    Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən digər layihələrlə yanaşı, soyuducu anbarlara da güzəştli kredit ayrılması davam edir. Son illər ərzində soyuducu anbarların qurulması və məhsul tədarükü məqsədilə Sahibkarlığın İnkişafı Fondundan sahibkarlara 19 layihənin maliyyələşdirilməsi üçün        6 milyon 124 min 860 manat güzəştli kredit ayrılmışdır.
    Həyata keçirilən bu cür məqsədyönlü tədbirlərin nəticəsində soyuducu anbarlara ötən il 8713 ton kartof, soğan, kələm, alma, üzüm məhsulları tədarük olunmuş və əhaliyə ucuz qiymətlərlə satışı təmin edilmişdir.

    Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 02.03.2022 19:05