AZ EN RU

Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunan konfrans keçirilib

 

    Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, milli istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunan konfrans keçirilib. Əvvəlcə Əhməd Cavadın müəllifi olduğu Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

    Daha sonra çıxış edən institutun rektoru Azad Novruzov “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 aprel tarixli Sərəncamını diqqətə çatdırıb, Azərbaycan ədəbiyyatında Əhməd Cavadın özünəməxsus yerə sahib olduğunu, Dövlət Himninin müəllifi kimi adının Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıldığını qeyd edib. Rektor istiqlal şairinin həyat və yaradıcılığının, vətənpərvərlik motivləri ilə zəngin ədəbi irsinin gənc nəsil arasında təbliğinin vacibliyindən danışıb. Qeyd olunub ki, adının çəkilməsi, əsərlərinin oxunması və saxlanması Vətənində yasaq edilsə də Əhməd Cavadı xalqımızın qəlbindən silə bilmədilər. Əsərləri çap edildi, yaradıcılığı ilə bağlı tədqiqatlar aparıldı, şeirləri dildən-dilə gəzdi. Şairin Azərbaycan uğrunda düşüncələri, çırpınışları bu gün gerçəkliyə qovuşdu. Azərbaycan mədəniyyətinin beşiyi qədim Şuşanı azad edən əsgərlərimizin də ilk səsləndirdikləri nəğmə məhz Dövlət Himni oldu. Milli azadlıq və Vətənimizin müstəqilliyinin həyatının əsas mənası olan şairə dərin məhəbbət bəsləyir, ehtiramla anırıq.
    Rektor bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunmuş tədbirlərin keçirilməsi ənənə halını alıb. Onların zəngin irsinin öyrənilməsi, nümunəvi həyat və yaradıcılıq fəaliyyətlərinin gənc nəsil arasında təbliği diqqət mərkəzində saxlanılır.
    Sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri – filologiya üzrə elmlər doktoru, professor Yusif Səfərovun, filologiya üzrə fəlsəfə doktoru Fəxriyyə Cəfərovanın, doktorant Şəbnəm Əliyevanın və Humanitar fənlər kafedrasının müdiri Aslan İbrahimovun müxtəlif mövzularda məruzələri dinlənilib. Məruzələrdə vurğulanıb ki, Əhməd Cavad daim ictimai-siyasi hadisələrin mərkəzində olub, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilib. Məruzəçilər Azərbaycan poeziyasına yeniliklər gətirən, milli mübarizəyə, istiqlala xidmət edən görkəmli şairin poetik irsinin Azərbaycanda yaşadıldığı qədər, qardaş Türkiyədə də dəyərləndirildiyini diqqətə çatdırıblar. Onun Türk dünyasında məşhur olan şeirlərindən misralar səsləndiriblər. Vurğulanıb ki, türk və Azərbaycan ordularına həsr etdiyi şeirlər cümhuriyyət dönəmində yazdığı marşlar Əhməd Cavad yaradıcılığının ən parlaq nümunələrindəndir.
    Tədbir tələbələrin ifasında tanınmış şairin şeirlərinin səsləndirilməsi, bədii kompozisiya ilə davam edib. Sonda Əhməd Cavadın 130 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Naxçıvan Müəllimlər İnstitutunun 
mətbuat xidməti

Nəşr edilib : 14.12.2022 20:29