AZ EN RU

Əhdinə Sadiq şahmatçı(mız)

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş beynəlxalq şahmat turnirində 5-ci turun oyunları keçirilib.
    Liderlər cədvəlində qərarlaşan Naxçıvan şahmatçılarından FIDE ustamız Sadiq Məmmədov (2265) azərbaycanlı FIDE ustası Rəşad Zeynallını (2226) sınağa şəkib. Görüş zəka sahibimizin qələbəsi ilə başa çatıb. Beynəlxalq usta Toğrul Həsənzadə (2279) isə Rəşad Həsənovla (2142) “sülh” bağlayıb. Beynəlxalq usta Talıb Babayev (2218) bu tur türkiyəli qrossmeyster Kıvanc Həznədaroğluna (2425), beynəlxalq usta Pərviz Qasımov (2331) isə Fariz Əhmədova (2182) məğlub olub.
   Bu tur daha çox liderlərin qarşılaşması ilə yadda qalıb. Keçirdiyi bütün oyunları qələbə ilə başa vuran beynəlxalq usta İsmayıl Şahəliyev (2386) iranlı FIDE ustası Morteza Əsgəri (2244) ilə də görüşdə ağ-qara taxtanı qalib tərk edib. Turnirin bir nömrəli şahmatçısı iranlı qrossmeyster Şahin Lorparizangeneh (2502) azərbaycanlı şahmatçı Babək Cəfərli (2181) üzərində qələbə qazanıb. Azərbaycanlı qrossmeyster Vüqar Rəsulov (2445) da bu turu qələbə ilə başa vurub. O, Lalə Hüseynovadan (1666) üstün olub. İranlı şahmatçı Reza Mehdavi (2303) isə həmyerlisi Sina Movahedi (2051) məğlubiyyətə uğradıb. Azərbaycanlı qrossmeyster Zaur Məmmədov (2410) Hüseyn Həsənov (1603) üzərində qələbəni bayram edib.
    Beş turdan sonra maksimum xal toplayan (5 xal) Sadiq Məmmədov və İsmayıl Şahəliyev turnir cədvəlinə liderlik edirlər.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən və mayın 14-dək davam edəcək beynəlxalq turnirdə Azərbaycan, İran, Türkiyə və Ukraynadan olmaqla, ümumilikdə, 214 zəka sahibi mübarizə aparır. Turnirdə muxtar respublikanı 81 zəka sahibi təmsil edir.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 11.05.2022 22:28