AZ EN RU

Əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyəti daha da yaxşılaşdırılır

    Səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən islahatlar dövlətin sosial siyasətinin başlıca istiqamətlərindən biridir. Son dövrlər muxtar respublikada müasir tibbi avadanlıqlarla və maddi-texniki baza ilə təchiz olunmuş xəstəxanaların, həkim ambulatoriyalarının və digər səhiyyə obyektlərinin istifadəyə verilməsi və güclü kadr potensialının yaradılması  insan amilinə verilən dəyərin bariz nümuməsidir.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” fikrinə uyğun olaraq muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində təkcə 2017-ci ildən 1 yanvar 2022-ci il tarixədək Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Şərur Rayon Mərkəzi Xəstəxanası, Şərur Rayon Uşaq Xəstəxanası, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Camaldın, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyaları olmaqla, ümumilikdə, 7 xəstəxana, 19 həkim ambulatoriyası, 22 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.

    Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması 2021-ci ildə də davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, modul tipli xəstəxananın, Şərur və Şahbuz Rayon Gigiyena və Epidemiologiya şöbələrinin, Şərur rayonunun Şəhriyar və Çərçiboğan, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic və Dırnıs kəndlərində həkim ambulatoriyası binalarının, Şərur rayonunun Dərvişlər, Ordubad rayonunun Vələver, Babək rayonunun Araz kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin, Ordubad Rayon Uşaq Xəstəxanası binalarının və Babək rayonunun Göynük kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması başa çatdırılmışdır. 

    2021-ci ildə muxtar respublikanın səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə və onun rayon şöbələrinə isə, ümumilikdə,             9 avtomobil verilmişdir.
    Hərbi qulluqçuların sağlamlığının qorunması və hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq 2021-ci ildə muxtar respublikada müasir standartlara cavab verən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı tikilərək istifadəyə verilmişdir.
    Muxtar respublikada tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müxtəlif dövrlərdə müvafiq sərəncamlar imzalanmış, muxtar respublika ərazisində tibbi sığortanın tətbiqinə başlanılmışdır.
    Son dövrlər Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün korpusun, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına yeni imkanlar yaratmışdır. Bundan əlavə, tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səhiyyə sahəsində görülən işləri yüksək qiymətləndirərək demişdir: “Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır”.
    İnsanların sağlamlığının qorunmasında keyfiyyətli ərzaq məhsulları ilə yanaşı, içməli su təminatı da mühüm rol oynayır. Su ilə yayıla bilən xəstəliklərin azaldılması və su mənbələrinin təmizlənməsi inkişaf edən ölkələrdə əhəmiyyətli sağlamlıq tədbiridir.
    Bu istiqamətdə muxtar respublikada yeni kaptajlar tikilmiş və içməli su xətləri çəkilmiş, mövcud kaptajlar və içməli su xətləri bərpa olunmuşdur. Son illər Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Naxçıvan şəhərdaxili, Tumbul, Qaraçuq, Qaraxanbəyli, Hacıniyyət və Bulqan kəndlərində içməli su təchizatı və kanalizasiya sistemləri, Şərur rayonunda Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci və ikinci mərhələsi, Sutəmizləyici Qurğular Kompleksi, Zeyvə, Düdəngə kəndlərində və Cəlilkənddə içməli su şəbəkəsi, Babək rayonunun Şəkərabad, Şıxmahmud və Xəlilli kəndlərinin, Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilmişdir. 
    2021-ci ildə Ordubad rayon mərkəzi və ətraf kəndlərinin, Babək rayonunun Araz kəndində içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Sərxanlı kəndində içməli su şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Babək, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Culfa rayonunun Yaycı, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı, Sədərək rayonunun Dəmirçi kəndlərində içməli su şəbəkələrinin tikintisi davam etdirilmişdir.
    Ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunması əhali sağlamlığını şərtləndirən əsas amillərdən biridir. Muxtar respublikada geniş vüsət almış yaşıllaşdırma tədbirlərinin nəticəsi olaraq təkcə 2017-ci ildən 1 yanvar 2022-ci il tarixədək muxtar respublikada 2790 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 1 milyon 926 min ağac və gül kolu əkilmişdir.
    Muxtar respublikada iqtisadi fəaliyyətin bütün sahələrində aparılan genişmiqyaslı islahatlar və səhiyyə sisteminin sürətli inkişafı əhalinin sağlamlığının qorunmasına və ömür uzunluğunun artırılmasına, sağlam cəmiyyətin formalaşdırılmasına xidmət etməkdədir.

Naxçıvan Muxtar Respublikası Dövlət 
Statistika Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 10.02.2022 19:01