AZ EN RU

Əhalinin sosial müdafiəsi diqqət mərkəzindədir

    Muxtar respublikada əhalinin sosial müdafiəsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi ötən il də uğurla davam etdirilib, bu sahədə qəbul olunmuş Dövlət proqramlarının icrası diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq 2021-ci ildə işaxtaran və işsiz vətəndaşların əmək fəaliyyətinə cəlbi, gənclərin və qadınların  məşğulluğunun  təmin olunması  məqsədilə zəruri işlər davam etdirilib. 

    İlin əvvəlində muxtar respublika üzrə əmək bazarı təhlil edilib, həyata keçirilmiş məşğulluq tədbirləri nəticəsində 2972 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub. Onlardan 758 nəfərini gənclər, 523 nəfərini qadınlar, 76 nəfərini  sağlamlıq imkanları məhdud şəxslər, 10 nəfərini isə hərbi xidmətdən yeni tərxis olunan gənclər təşkil edib. Həmçinin ötən il keçirilmiş əmək yarmarkalarında 622 nəfər işlə təmin olunub. Bununla yanaşı, payız-qış mövsümünə hazırlıqla əlaqədar sağlamlıq imkanları məhdud qadınlarla bağlanılan müqavilələr əsasında onlar tərəfindən toxunmuş 2500 cüt yun corab, 1000 ədəd yun boyunluq və 800 ədəd yun jilet haqqı ödənilməklə təhvil alınaraq hərbi hissələrə təqdim edilib. İl ərzində işaxtaran şəxslərin peşə hazırlığına cəlb olunması da diqqət mərkəzində saxlanılıb,  121-i dövlət,  62-si özəl olmaqla, 183 müəssisədə sorğular keçirilib və ümumilikdə, 419 nəfər peşə kurslarına cəlb edilib. Peşə kurslarının təşkili ilə yanaşı, il ərzində 7430 nəfər yuxarı sinif şagirdinə əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlar verilib.
    Eyni zamanda ötən il sosial qayğıya ehtiyacı olan 1566 nəfər ailə üzvünə malik 330 ailənin özünüməşğulluğu təmin edilib. Verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə nazirlik tərəfindən proqrama cəlb olunmuş ailələrin təsərrüfatlarında monitorinqlər aparılıb, təsərrüfatını nümunəvi inkişaf etdirən vətəndaşların həvəsləndirilməsi məqsədilə onlara öz seçimləri əsasında müxtəlif yardımçı aqreqatlar verilib. 

    Ötən il qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində də zəruri işlər görülüb. İl ərzində 29 müəssisədən 73 nümayəndənin iştirakı ilə  maarifləndirici seminarlar təşkil olunub. Müvafiq dövr ərzində sahibkarlıq obyektlərində monitorinqlər davam etdirilib, 156 obyektdə 276 işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu müəyyən edilərək zəruri tədbirlər görülüb. Eyni zamanda istehsal və tikinti sahələrində işəgötürənlər tərəfindən sağlam sanitariya-gigiyena şəraitinin yaradılmasına, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi və iş yerlərində əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət ilə bağlı ötən il muxtar respublika üzrə, ümumilikdə, 83 obyektdə nəzarət tədbirləri həyata keçirilib. Fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 248 işçi həmin vasitələrlə yerində təmin edilib, 92 işçi isə müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb. 

    Son illər muxtar respublikada sosial qayğıya ehtiyacı olan insanlara, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərə, xüsusilə də uşaqlara, şəhid ailələrinə, tənha ahıllara göstərilən xidmətlərin həcmi və keyfiyyəti yüksəlir, bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter alır. Ötən il də bu baxımdan uğurlu olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində müvafiq kateqoriyadan olan şəxslər, o cümlədən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri bir sıra dəstək tədbirləri ilə əhatə edilib, onların bütün sosial məsələlərinin həllinə xüsusi həssaslıqla yanaşılıb. Ötən il 28 şəhid və qazi ailələri mənzillərlə, 28 nəfər müvafiq kateqoriyadan olan şəxs isə minik avtomobilləri ilə təmin olunub. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən xidmətlərin təşkili, qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlar və müavinətlərin təyini qaydaları, digər zəruri işlərin icrasında operativlik təmin edilib. Vətən müharibəsi qazilərinə sağlamlıq imkanlarının məhdudlaşması ilə bağlı təyinat aparılıb, 62 ailə özünüməşğulluq proqramına cəlb edilib, məşğulluq sahəsində keçirilən digər tədbirlərdə də bu kateqoriyadan olan şəxslərə üstünlük verilib. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və yaralananlar üçün yaradılan Psixoloji Dəstək Xidmətində 40-dan çox şəxslə seanslar aparılıb.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin işi il ərzində diqqətdə saxlanılıb. Ötən müddət ərzində 124 şəhidin 246 ailə üzvünə müvafiq vəsiqələr verilib, şəhidlərin 283 ailə üzvünə Prezident təqaüdü, 42 uşaq üçün sosial müavinət, 3 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilib. Bununla yanaşı, bu sahədə göstərilən xidmətləri əhatə edən elektron baza hazırlanaraq istifadəyə verilib.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanı əsasında yaradılan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna könüllü ianələrin ödənişi il ərzində davam etdirilib. Bu günədək fondun vəsaitləri hesabına müvafiq kateqoriyadan olan 24 şəxsin muxtar respublika xaricində müalicə və müayinəsinə köməklik göstərilib, 17 nəfərin kredit borcları ödənilib, 35 ailənin isə məişət şəraiti yaxşılaşdırılıb.    
    Ümumilikdə, il ərzində müvafiq kateqoriyadan olan 30 minə yaxın muxtar respublika sakininə sosial müavinətlərin ödənişi təmin edilib, tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan 300-ə yaxın şəxsə evlərində və Ahıllar Evində sosial xidmətlər göstərilib, ahıllara göstərilən xidmətlərdə sosial könüllülərin də iştirakı təmin edilib. Həmçinin əlamətdar günlərdə onlarla görüşlər keçirilib, ehtiyaclarına uyğun sovqatlar təqdim olunub.
    Ötən il, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində ümumtəhsil müəssisələrində fiziki imkanları məhdud uşaqların inklüziv tədrisə cəlbi, məktəb mühitinə uyğunlaşması məqsədilə onların tədrisdə qismən iştirakına şərait yaradılıb, təhsildə mütərəqqi üsulların tətbiqi üzrə distant tədris həyata keçirilib. Muxtar respublikada hərəkət qabiliyyəti məhdud uşaqlar üçün təşkil olunmuş distant tədris prosesinin gedişi il ərzində diqqət mərkəzində saxlanılıb və tədrisə yeni cəlb edilən şagirdlər zəruri təhsil ləvazimatları və texniki avadanlıqlarla təmin ediliblər. Cari il ərzində 3 nəfər hərəkət qabiliyyəti məhdud uşaq distant tədrisə cəlb olunub və hazırda Distant Tədris Mərkəzində 15 uşaq, Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə isə 7 uşaq təhsilini davam etdirir. Bununla yanaşı, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 8 nəfər eşitmə və danışma qabiliyyəti məhdud uşağa distant dərslər keçilməkdədir.
    Bununla yanaşı, il ərzində sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə aidiyyəti dövlət orqanları ilə birgə məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisəsində  monitorinqlər  davam etdirilib, keçirilən tədbirlərdə sağlamlıq imkanları məhdud uşaqların valideynləri, bu kateqoriyadan olan uşaqlara dərsləri tədris edən müəllimlər və məktəb psixoloqlarının iştirakı təmin olunub. Dövlət proqramının icrasına uyğun olaraq müvafiq dövrdə 771 nəfər sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 12 məktəbəqədər müəssisə, 10 məktəbdənkənar müəssisə, 71 ümumtəhsil məktəbi, 2 lisey və 18 musiqi məktəbi olmaqla, ümumilikdə, 113 müəssisədə monitorinqlər təşkil edilib. Təhsilə cəlb olunmuş şagirdlərin maddi təminatının yaxşılaşdırılması məqsədilə sosial qayğıya ehtiyacı olan uşaqlar il ərzində qış geyimləri, məktəbli forma və ləvazimatları ilə təmin ediliblər. Bu məqsədlə sentyabr ayında хüsusi qayğıya еhtiyаcı оlаn 492 nəfər sаğlаmlıq imkаnlаrı məhdud uşаğın hər birinə məktəbli geyim dəsti və dərs ləvаzimаtları, noyabrda isə qış geyimləri verilib.
    Sözügedən dövr ərzində sağlamlıq imkanları məhdud şəxslərin tibbi reabilitasiyasının günün tələbləri səviyyəsində təşkili məqsədilə bərpa müəssisələrinin fəaliyyəti davam etdirilib, 20 adda müasir tibbi avadanlıqlar alınıb və müayinə otaqlarında bütün zəruri şərait yaradılıb. İl ərzində bərpa mərkəzlərində 545 nəfərin müalicəsi təşkil edilib, 305 şəxsə protez və ortopedik xidmətlər göstərilib, 716 nəfər reabilitasiya vasitələri ilə təmin olunub. Ötən il ərzində sağlamlıq imkanları məhdud şəxslərə məhdudluq təyinatının aparılması sahəsində də bir sıra yeniliklər həyata keçirilib, bu istiqamətdə şəffaflığın artırılması üçün zəruri tədbirlər görülüb. Bu məqsədlə ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin tətbiqinə başlanılıb, bu sahədə vətəndaş-ekspert təması minimuma endirilib. 
    Həyata keçirilən bu tədbirlər muxtar respublika sakinlərinin sosial müdafiəsinə göstərilən hərtərəfli dövlət qayğısının tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir­liyi tərəfindən bu sahədə zəruri tədbirlərin icrası cari il ərzində də diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə müvafiq işlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.02.2022 18:20