AZ EN RU

Əhalinin içməli su problemi həll edilir

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbirlərinin görülməsi prioritet istiqamət kimi müəyyənləşdirilib.     

    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 9 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında içməli və suvarma sularının böhranlı vəziyyətində idarə olunmasına dair Tədbirlər Planı” təsdiqlənmişdir. Plana əsasən içməli su təchizatı ilə bağlı su ehtiyatlarından qənaətlə və səmərəli istifadə, iqlim dəyişmələrinin fəsadları, gözlənilən risklər, suyun bölgüsü və sair məsələlər barədə əhalinin maarifləndirilməsi, sudan istifadə ilə əlaqədar istehlakçıların müraciətlərinin operativ qaydada qəbulu, baxılma və cavablandırılması məqsədilə müasir tələblərə uyğun çağrı mərkəzlərinin təşkili, içməli su təminatında çatışmazlıqlar olan kəndlərdə subartezian quyularının qazılması və suya qənaət məqsədilə sayğac sisteminin tətbiq olunması, təhsil və digər müəssisələrdə su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi kimi məsələlərin icrası diqqətdə saxlanılır.
     Bu gün muxtar respublikanın rayon və kəndlərində əhalinin içməli su probleminin həlli istiqamətində görülən işlər də həmin proqramdan irəli gələn vəzifələrin yerinə yetrilməsidir. Ötən ay Babək rayonunun Gülşənabad kəndində subartezian quyusu və içməli su xətti istifadəyə verilib. Kənddə subartezian quyusu qazılaraq 50 metr uzunluğunda yeni içməli su xətti çəkilib. Ümumilikdə, kənd ərazisinə iki subartezian və bir kaptaj vasitəsilə 90 ev içməli su ilə təmin olunub. 67 yaşlı kənd sakini Məmməd Məmmədov bildirdi ki, qrunt suları çəkildikdən sonra kənddə su problemi ortaya çıxdı. Uzun müddət içməli su problemindən əziyyət çəkdikdən sonra kənd əhalisi ilə birlikdə bununla bağlı müraciətlər etdik. Kənd ərazisində qazılan subartezian quyusu və yeni içməli su xətti bu problemi aradan qaldırıb.
     Kəndin susuzluqdan əziyyət çəkmiş digər bir ailəsi də İmanovlardır. Yaşlı kənd sakini Vilayət İmanov və həyat yoldaşı Zəminə İmanova bildirdilər: – Müəyyən müddət susuzluq problemi ilə qarşılaşdıq. Artıq bu çətinliklərimiz dövlətimiz tərəfindən aradan qaldırılıb. Biz sudan təmənnasız və rahat istifadə edir, həm də bağımızdakı ağacları suvarıb becəririk. Növbəti il su problemi olmayacağına görə daha yaxşı məhsul əldə edəcəyimizi də düşünürük. 
    Gülşənabad kənd sakinləri artıq suya olan tələbatlarını subartezian quyuları vasitəsilə ödəyir. Muxtar respublikanın su ehtiyatlarından qənaətlə istifadə istiqamətində müasir suvarma sistemlərinin quraşdırılması əhalinin rifahının yaxşılaşdırılması üçün görülən tədbirlərin effektivliyini artırır. 

Bülbül Quliyeva

Nəşr edilib : 07.12.2023 17:12